Tarix : 2017 Feb 25
Kod 51294

AİP Şeyx S.Hacıhəsənlinin saxlanması ilə bağlı etiraz bəyanatı yayıb

ARM üzvü Şeyx Sərdar Hacıhəsənlininn saxlanılmasını və həbsə məhkum olunmasını birbaşa müqəddəs dinimizə qarşı qeyri-hüquqi təcavüzün təzahürü kimi qiymətləndiririk.
Arannews- AİP ruhani alim Şeyx Sərdar Hacıhəsənlinin polis tərəfindən saxlanması ilə bağlı etiraz bəyanatı yayıb. 

bəyanatda deyilir:
Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maidə.Az saytının baş redaktoru, din alimi Şeyx Sərdar Hacıhəsənlinin Masalla Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasını və həbsə məhkum olunmasını birbaşa müqəddəs dinimizə qarşı qeyri-hüquqi təcavüzün təzahürü kimi qiymətləndiririk. Birincisi, İslam alimi Hacı Sərdar Hacıhəsənli ömrünün lap uşaqlıq illərindən başlayaraq İslam dininin öyrənilməsinə başlamış, ali ruhani təhsili almaqla onun elmi-fəlsəfi sirlərinə nüfuz etmiş, həm də İslamın geniş təbliğinə müvəffəq olmuşdur. Dinimizə qarşı təcavüzlərin, ittihamların, din adı ilə ortaya atılan ciddi radikal cərəyanların fitnə-fasadlarına sinə gərən, İslamın əsl mahiyyətini, özəlliklərini, həqiqi dəyərlərini elmi-fəlsəfi şəkildə açıb cəmiyyətə təlqin edən bir şəxsə daha geniş imkan və şərait yaratmaq əvəzinə, onu cəmiyyətdən təcrid etməyə, səsini boğmağa çalışanları bu müsəlman xalqının və müqəddəs İslam dinimizin açıq düşməni hesab etməkdən başqa bir şey düşüncəyə gəlmir.
Şeyx Sərdar Hacıhəsənlinin saxlanması və həbsini sifariş verənlər bilməlidirlər ki, Azərbaycanda belə alimlərin sıxışdırılması cəmiyyəti böyük bəlalara düçar etməkdən başqa bir şey deyil. Bu gün mənəvi aşınmanın, alətə çevrilən silahlı terrorçu cərəyanların meydan sulamasının qarşısını məhz saf əqidəli, xalqını sevən, insanların dinimizin dəyərli keyfiyyətlərindən mənəvi bəhrə və nümunə aparmalarına töhfə verən ruhani alimlərin fəaliyyəti vacib məsələlərdəndir. Amma göründüyü kimi, Hacı Sərdar Hacıhəsənli kimi ruhani alimlərin həbsini həyata keçirənlər deyilənlərin tam əksini düşünür və demək olar ki, düşmən mövqedə dayanırlar.
Azərbaycan İslam Partiyası bir daha bəyan edir ki, dəyərli din xadimlərini həbs etməklə hakim dairələrdə dinimiz əleyhinə fəaliyyət göstərənlər Azərbaycanı xaosa, hərcmərcliyə, ciddi sosial-siyasi böhrana sürükləmək istəklərindən əl çəkmək istəmir, xarici neqativ güclərin düşmənçilik dəyirmanına su tökürlər. Bizcə belələrini bu əməllərinə gərə nə vətənpərvər, dinini sevən xalqımız, nə də onun başı üzərində dayanan Allah-Təala bağışlayar.


  • Yazılıb
  • da (də) 2017 Feb 25
  • Göndərən مدير سايت Aran News