Tarix : 2017 Feb 27
Kod 51309

Hacı İlqar: "Sərdar Hacıhəsənlinin heç bir günahının olmaması hamıya bəllidir"

Hacı Sərdar Hacıhəsənlinin təqibinin heç bir qanuni və huquqi əsası yoxdur.
Arannews- DEVAMM-sədri İlqar İbrahimoğlu, Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru Hacı Sərdar Hacıhəsənlinin (Hacı Sərdar Babayevin) həbsini pisləyən bəyanat verib
Hacı İlqar İbrahimoğlunun yaydığıl bəyanatda bildirilir: “Verilən xəbərlərə görə, hörmətli ruhani Hacı Sərdar Hacıhəsənli barəsində Masallı rayon məhkəməsi tərəfindən həbs qəti-imkan tədbirinin seçilməsi barərə qərar çıxarılmışdır.
Əvvəla, onu qeyd etməliyik ki, Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması dostlara da, bədxahlara da bəllidir. Belə bir insanı cümə namazı qılmasına görə həbs etmək (maddə 168-1.3. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması təkrar edildikdə) absurd bir haldır.
Ən acısı budur ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan yayınmamışdır və həbs üçün əsas verməmişdir. Bu, onun fonunda baş verir ki, yaxın günlərdə prosessual və cəza sisteminin liberallaşması ilə bağlı ölkə səviyyəsində konseptual xüsusi sərəncam da qəbul edilmişdir.
İttihamın özünə gəldikdə, Hacı Sərdar Hacıhəsənlinin heç bir günahının olmaması hamıya, o cümlədən, istintaq orqanlarına da bəllidir. Belə ki:

1. Hacı Sərdar Hacıhəsənli ilkin dini təhsilini Azərbaycanda alıb;

2. Hacı Sərdar xaricdə dini təhsil almağa hələ Sovet vaxtı gedib;

3. Hər bir halda, qanunun geriyə qüvvəsi yoxdur;

4. Hacı Sərdar Hacıhəsənli heç bir kəsin hüququna qəsd etməyib, ictimai asayişi pozmayıb;

5. Masallıda cümə namazı qılmağa bölgənin rəsmi qazisi tərəfindən dəvət olunub;

6. Hər bir halda, Hacı Sərdar Hacıhəsənli cümə namazını professional fəaliyyət kimi həyata keçirməyib, dini ayinləri kollektiv surətdə həyata keçirmək barədə konstitusion hüququnun realizəsi kimi yerinə yetirib. Və buna görə insanı təqib etmək  yolverilməzdir və haqların pozulmasıdır.

Beləliklə, Hacı Sərdar Hacıhəsənlinin təqibinin heç bir qanuni və huquqi əsasının olmadığını bəyan edirik.
Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının və əsas azadlıqlarının pozulması kimi qiymətləndiririk, ona qarşı edilən hərəkətləri təqib kimi dəyərləndiririk.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik".


  • Yazılıb
  • da (də) 2017 Feb 27
  • Göndərən مدير سايت Aran News