Arannews- Azərbaycan Respublikasında yenə represiya dalğası güclənib. Görünür hakimyyət yenə də həbsxanaları günahsız insanlarla doldurmaq kompaniyasına davam etmək niyyətindədir. Son günlərdə aparılan həbslər buna sübutdur. Ədalətsizliyə qarşı çıxan insanların həbs və təqib edilməsi belə demək mümkündürsə, boğaza qədər cinayətə bulaşmış iqtidar təmsilçilərinin pis vərdişinə çevrilib və görünür onlar bu əməllərindən də geri çəkilmək niyyətində deyillər.Ölkədə dindarlara qarşı aparılan təqiblər 2015-ci ilin noyabr ayında ən qəddar şəkildə özünü büruzə verdi. Həbslər, ölümlər, işgəncələr yaşadıq, uzun müddətli hökmlər üzümüzə oxundu. Amma görünür bütün bunlar hakimiyyətin inanclı insanlara qarşı olan qəzəbini soyutmayıb. Çünki onlar bizi sındırmağa, susdurmağa nail ola bilmədilər. Qalib olmaq istədiklər halda məğlubiyyətin acısını yaşamalı oldular. Ona görə də son vaxtlar müxalif düşüncəli insanlara qarşı represiyaların gücləndiyi kimi, dindarların da həbsi davam edir. Şeyx Sərdar və tərəfdarlarının həbsi buna sübutdur.
Bir yandan İslam Həmrəyli Oyunları keçirib digər yandan da dindarları həbs etmək bu hakimiyyətin riyakarlığından xəbər verir. Multikulturalizmdən danışıb inanclı insanları müxtəlif böhtalarla şərləyib təqib etmək saxtakarlıqdan başqa bir şey deyil.
Necə olur, bu ölkədə hakimiyyətə boyun əyməyən, bunların qılıncının altından keçməyən bütün dindarlar ya narkoman olur, ya da terrorçu? imamı olduğu məscidin minbərindən bunlara yaltaqlanmayan, tərif deməyən, öz ömründən kəsib bunların ömrünə çalamayan dindarlar terrorçu elan olunur?
Bu sualların cavabları bəllidir.
Çünki İlham Əliyev və onun ətrafındakılar əqidəli və inanclı, sağlam insanların varlığına dözmür. Bu ölkədə yaltaq və biganə olmayan hər kəsi özlərinə düşmən hesab edirlər. Onlara görə yaxşı vətəndaş da, dindar da ancaq susub bunlara tərif deyib yaltaqlananlardır. Adını dindar qoyub xütbəsini Allahın adı ilə deyil, Heydər Əliyevin adı ilə başlayan “dindar”ları sevirlər.
Buna görə də azad dindarlar, tabe olmaq, tərif demək istəməyən hər kəs təyziqlərə məruz qalır.
Şeyx Sərdar və tərəfdarlarının həbsi də təqiblərin tərkib hissəsidir və bu təqibləri qətiyyətlə pisləyirəm.
Dünya bir imtahan meydanıdır və o meydanda tək qalan sizlərsiniz. Biz tək deyilik.
Qorxu ilə müvəqqəti də olsa susdurduğunuz xalq da, Allah və hidayəti də bizimlədir.
Bizi sizlərin şəri, zindanları qorxutmaz. Bu gün ölkədə qaladığınız ədələtsizlik tonqalında bir gün özünüz qovrulacaqsınız. Bizi, bu ölkədə haqq deyənləri zindanlara məhkum etməklə əslində, siz özünüzü əbədi zülmə və əzaba məhkum etmisiniz.
Quranı-Kərimdə deyilir. “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları qaranlıqlardan nura çıxarar. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları nurdan məhrum edər. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacalar.” Bəqərə sürəsi, 257
Tale Bağırzadə
Kürdəxanı tədricxanası, fevral 2017