Tarix : 2017 Mar 04
Kod 51328

1-ci vitse prezident: potensial güc, yoxsa çarəsizlikdən doğan zərurət

Özünüz də gözəl bilirsiniz ki, siz indiyədək ölkə üçün, xalqın xeyrinə heç nə etməmisiniz, bundan sonra da etməyəcəksiniz.
Hörmətli, yaxud cənab 1-ci vitse prezident, xanım siyasətçi! Bu məktub sizi sevindirən təbrik məktublarından, yaxud da bezdirən şikayət məktublarından növbətisi deyil. Məlum məsələdir ki, nə sizə, nə də həyat yoldaşınız İlham Əliyevə yazılan şikayət məktublarının heç birisi siz tərəfdən oxunmur. Çünki oxunsaydı heç olmasa bir-ikisinə əməl olunduğu görünərdi. Bundan əlavə sizin kimi insanlar adətən təbrik mesajlarına, bəytəriflərinə, ya da bahalı hədiyyələrə öyrəşiblər. Məsələn 1-ci vitse prezident postu hədiyyəsi kimi. Şikayət məktubu isə sizi əsla maraqlandırmır. Təsadüfi deyildir ki, Heydər Əliyev zamanında İlham Əliyevə bağlı olan KVN klubunun hazırkı rəhbəri müsahibə verib demişdi ki, bizi İlham Əliyevlə görüşdürmürlər, əlimiz ona çatmır ki, dərdimizi deyək. Səbəb isə aydındır, çünki onlar İlham Əliyevin məmurlarını şiddətli tənqid edirlər. Yəni İlham Əliyevin bacarmadığını onlar həyata keçirir, hakimiyyətini dünyaya rüsvay edirlər. Bizim məktubumuz da siz tərəfdən oxunmayacaq, biz isə xalqa sözümüzü çatdırmaq, ürəyimizi boşaltmaq istəyirik.
Bu yazıda sadəcə sizin nəinki ölkə siyasətində rəsmi ikinci adam, heç sıradan bir nazir olmaq üçün də heç bir imtiyaza sahib olmadığınızı və yeni vəzifənizin "çarəsizlikdən doğan zərurət" olduğunu sübut etmək istərdik.
Çox dəbdəbəli müsahibələr verib elə fikir yaratmağa çalışırsınız ki, güya sizin seçilməniz heç də çarəsizlik ucbatından deyil, sanki sizdə elə imtiyazlar var ki, bu posta sahib çıxmağı hamıdan çox siz haqq edirsiniz. Amma müsahibənin bir yerində yaxşı etiraf edib demisiniz ki, bu qərar İlham Əliyevin şəxsi təşəbbüsüdür. Şahın quyruqbulayan adamlarından fərqli olaraq siz bunu "xalqın iradəsi" adlandırmadınız. Amma müsahibədə dediyiniz kimi elə zənn etməyin ki, siz seçilməklə "şərqdə qadın siyasət adamı ola bilməz" stereotipini sındıracaqsınız. Xeyir! Sizdən əvvəl şəxsən Azərbaycanda qadın siyasətçi olub. Bu siyasətçilərdən ikisini xatırlada bilərik. Biri Lalə Şövkət xanım, o, Heydər Əliyevin demək olar sağ əli və dövlət katibi idi. Rays bala Buş üçün, Hillari Obama üçün necə idisə Lalə Şövkət də Heydər Əliyevə o cür xidmət edirdi. Hətta bu gün sizin təqdim olunduğunuz "Təhlükəsizlik şurası"nın toplantısında iştirak etməyən polis rəisi Usubov bir zamanlar Lalə Şövkət Naxçıvana gedəndə onun qarşısında ayağa qalxıb siravi bir məmur kimi Lalə Şövkətə hesabat verirdi. İndi isə həmin Üsubov İlham Əliyevi saymayacaq qədər onu özünə borclu bilir. Çünki hər təhlükə hiss etdikdə İlham Əliyevin vaxtında dadına çatıb. Amma, Lalə xanım çox insaflı çıxdı. Bu gün də rəsmi saytında istefa məktubunu oxuya bilərsiniz. O, konkret olaraq Heydər Əliyevin korrupsiyaya bulaşmış hakimiyyətində bir füqur, siyasətində bir alət olmaq istəmədi. İstefa verdi. Digər xanım siyasətçi isə YAP üzvü olan Gülər Əhmədovadır. O, Lalə Şövkət kimi insaflı olmadığı üçün rejimə ən ciddi zərbələrdən birini vurdu. Rejimin cinayətlərini daha çox açmaması şərtiylə də yüngül cəza aldı. Siz unutmayın ki, Əliyevlər rejimində çalışan qadının qarşısında iki seçim var: ya Lalə Şövkət olub xirtdəyə qədər rüşvətə batmış hakimiyyətdən istefa verməlidir, ya da Gülər Əhmədova kimi rüşvət bataqlığı onu da boğmalıdır. Sizin qarşınızda iki yol var!
Özünüz də gözəl bilirsiniz ki, siz indiyədək ölkə üçün, xalqın xeyrinə heç nə etməmisiniz, bundan sonra da etməyəcəksiniz. Çünki özünüz deyirsiniz ki, İlham Əliyevə kömək edəcək və dəstək olacaqsınız. Deməli, xalqın sürünməsində, kreditdən, xəstəlikdən, kasıbçılıqdan, həbsdə çürüməkdən əziyyət çəkən xalqı daha da əzməkdə İlham Əliyevə dəstək olacaqsınız. Həmçinin, özünüz deyirsiniz ki, İlham Əliyevin həyat yoldaşı olmaqdan əlavə həm də silahdaşı idiniz. Deməli, bütün bu özbaşınalıqlara, haqsızlıqlara, xalqa, dinə, məktəbliyə, fəhləyə qənim kəsilməkdə sizin də danılmaz rolunuz var. Başqa cür edə də bilməzsiniz. Çünki sizin yeni vəzifəniz "çarəsizlikdən doğan zərurət"dən savayı heç nə deyil. Bunun əksini heç evinizdəki oğlunuza da sübut edə bilməzsiniz. Dinləmək istəyirsinizsə, sübut edə bilərik.
Əlbəttə, deyilə bilər ki, "Əliyevlər nə vaxtdan xalqa hesabat verib ki", heç bu dəfə də buna borclu deyildiniz. Amma yenə də müxbiri sayıb oun sualına cavab verərkən demisiniz ki, bu təsadüfi qərar deyil və sizə imtiyaz verən vəzifələrinizi sadalamısınız. Bu günə qədər olan vəzifələrini isə sizi heç hökümətin kandarına da yaxın buraxmayıb. Məsələn, ictimaiyyətə hansısa bir jurnalla çıxmısız. Qapı-qapı düşüb zorla camaatı ona abunə etməyə çalışıblar. İmtiyaz budursa, bu gün Azərbaycanda yüzlərlə qəzet-jurnal təsis edən var. Niyə siz təyin edildiniz? Vəzifələrinizdən biri Heydər Əliyev fonduna rəhbərlik olub. Fond isə Qeyri-Hökümət Təşkilatıdır. Azərbaycanda saysız-hesabsız QHT var, niyə məhz siz təyin edildiniz? Sonra Milli Məclisdə oturmusunuz. Sizdən əlavə 124 deputat var orda. Hətta sizdən rütbəcə böyük olan sədr müavinlərindən biri xanımdır. Niyə məhz siz təyin edildiniz? Nəhayət ən böyük vəzifəniz ölkənin hakim partiyasının sədr müavini olmaqdır. Bilin, əgər bu vəzifə sizə ölkənin də ikinci şəxsi olmaq imtiyazını verirsə, o zaman Əliyevlərin iç üzü ortaya çıxır. Artıq sizin təqdimatınızda hamı bildi ki, ailə hakimiyyəti elə Heydər Əliyevin zamanından planlaşdırılıb və Heydər Əliyev zamanında İlham Əliyevin YAP-ın sədr müavini olması onun gələcəkdə prezident olması, sizin də İlham Əliyevin prezidentlik etdiyi zəmanəmizdə sədri olduğu partiyada onun birinci müavini olmağınız sizin gələcəkdə prezident olmağınızdan ötrüdür. Bəs xalq üçün nə iş görmüsüz? Buradan aydın olur ki, sizin dövlətdə bu cür yüksək yer tutmanız üçün əlinizdə əsaslı dəlil və imtiyaz yoxdur. Dediklərinizə heç kim inanmır. Öz ətrafınızdan savayı.
Sizin vəzifəniz "çarəsizlikdən doğan zərurət"dən başqa bir şey deyil. Dəlili də budur ki, konkret olaraq İlham Əliyev heç bir məmura inanmır və etimad etmir. Bunun üçün məmurların ən yüksək vəzifəlisi olan nazirlərin başı olan Artur Rəsizadənin düşdüyü vəziyyətə baxmaq kafidir. 80 yaşlı kişidən ata Əliyev bir cür "kukla" kimi istifadə elədi, bala Əliyev də bir başqa cür. Məmurların başı bu cür "kukla" olduqdan sonra, digərlərindən nə gözləyəsən?
Deməli, məsələ heç də siz düşündüyünüz kimi deyil. İlham Əliyev heç də sizin olmayan potensialınızı nəzərə alıb bu vəzifəyə təyin etməyib. Sadəcə ailə hakimiyyətini möhkəmlətmək lazımdır. Hansısa məmur gəlib bu postu tutmaqdansa elə ailədən biri tutsa yaxşıdır. Hər şey bu qədər bəsitdir, siyasiləşdirməyə gərək yoxdur.
Mənbə:nur-az.com


  • Yazılıb
  • da (də) 2017 Mar 04
  • Göndərən مدير سايت Aran News