Tarix : 2017 Mar 04
Kod 51331

" Həbsdə Olan Dindarların Azərbaycan Xalqının arasında olmaları zəruridir"

jurnalist Qurban Cəbrayıl: "indiki şəraitdə Hacı Sərdarın, Hacı Mövsümün, Hacı Abgülün, Hacı taleh və digərlərinin zindanlarda yox, xalq arasında olmaları daha zəruridir! ".
Arannews- “Hacı Sərdarın həbsi və digər belə repressiv hərəkətlərin səbəbi vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rəhbəri olduqları rayonları ata mülkü sayaraq, xalqın əmlakını çapıb-talayan “kiçik padşahların”, sair məmurların öz qanunsuz əməllərini ört-basdır eləmək cəhdlərindən başqa bir şey deyil.”
bunu jurnalist Qurban Cəbrayıl tanınmış ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin üzvü, “Maidə” saytının təsisçisi və baş redaktoru Sərdar Hacıhəsənliyə qarşı əsassız təzyiqlərə münasibət bildirərkən deyib: “Amma unudurlar ki, daimi xoflanma və çırpınmalardan irəli gələn belə addımlar çıxış yolu olmamaqdan əlavə, tamamilə əks-effekt verir, aidiyyatı qurumların, ən başlıcası kütlələrin nəzər-diqqətini gizlətməyə çalışdıqlarının üzərinə cəmləyir, böyük ictimai qınaqla nəticələnir. Məsələn, qanuni sosial haqlarını tələb edən sakinlərə, azad fikirli insanlara - dindarlara, bloggerlərə, jurnalistlərə yönəlik zorakılıqların böyük bir hissəsinin Masallı rayonunun, cənub bölgəsinin payına düşməsi ölkədə hər kəsə aydındır və bunun köklərinin araşdırılmasına ciddi ehtiyac var.”
Qurban bəy baş verənlərin Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyindən narahatlığını da dilə gətirib: “Şeyx Sərdar təkcə ölkəmizdə yox, regionda, müsəlman aləmində də nüfuz sahibidir; Beynəlxalq İslam Oyanışı Təşkilatında iki təmsilçimizdən biridir. Onun azadlığının əsassız şəkildə məhdudlaşdırılması nə ötənilki multikulturalizm layihələri kontekstində milli ruhaniyyətin mənafeyinə cavab verir, nə də 2017-nin İslam Həmrəyliyi ili elanı ilə bir araya sığışır...”
Q.Cəbrayıl bildirib ki, ümumiyyətlə, ibadət əhlinin, dindarın Cümə namazında iştirakına görə tutuqlanması absurddur: “Mən bir neçə dəfə müxtəlif tədbirlərdə hacı sərdarı görüşmüşük və çıxışlarını dinləmişəm. Olduqca məntiqli, savadlı, dünyagörüşlü, pərizkar qardaşlarımızdandır, yüksək natiqlik qabiliyyətinə malikdir. Rəhbərlik etdiyi sayt da mənəvi-əxlaqi dəyərlərə sadiqdir; bütün sahələr üzrə informasiyalar, təhlillər verir, dini təqvimi, İslam maarifçiliyi, müqəddəsatın mövludu-şəhadəti barədə maraqlı yazılarla çıxış edirlər. Yəni belə başa düşürəm ki, missionerlərin at oynatdığı, ailə institutuna qarşı hücumların reallaşdığı, gənclərin zərərli
vərdişlərə qurşandığı, intiharların baş alıb getdiyi, cəbhədə azğın erməni təxribatlarının vüsət aldığı indiki şəraitdə Hacı Sərdarın, Hacı Mövsümün, Hacı Abgülün, Hacı taleh və digərlərinin zindanlarda yox, xalq arasında olmaları daha zəruridir! Allah tezliklə qapılarını açsın!”


  • Yazılıb
  • da (də) 2017 Mar 04
  • Göndərən مدير سايت Aran News