Azərbaycan nümayəndələri Vəliyyi Fəqihin ərdəbil vilayəti üzrə nümayəndəsi və ərdəbilin imam cüməsi Ayətullah Amili ilə görüşüblər.
Arannews- Azərbaycan nümayəndələri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İranın Urmiya və Ərdəbil şəhərlərində olublar. Urmiyada Azad İslam Universitetində “Xocalı-əsrin faciəsi” mövzusunda konfrans keçirilib. İlk olaraq univesitetin rektoru, professor Əziz Cavanpur çıxış edərək, qonaqları salamlayıb, konfransın məqsədindən danışıb. Sonra universitetin hazırladığı “Xocalı soyqırımı” filmi nümayiş etdirilib. Konfransda Azərbaycandan Akif Nağı, Rövşən Əhmədli, Eldəniz Quliyev, Zərdüşt Əlizadə, İran tərəfindən Behman Əlizadə, Əhmədrza Süleymanzadə və digərləri çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının mahiyyəti, dünyaya çatdırılma yolları, hüquqi aspektləri və digər məsələlər diqqətə çatdırılıb. Sonra nümayəndə heyəti Vəliyyi Fəqihin qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Urmiyanın imam cüməsi Ayətullah Əkbər Qureyşi ilə görüşüblər. Urmiyanın İmam cüməsi Qarabağ, Xocalı ilə bağlı fikirlərini çatdırıb, bu cinayəti törədənləri lənətləyib. Heyət üzvlərindən Akif Nağı, Rövşən Əhmədli, Növrəstə İbrahimova diqqəti Qarabağ və Xocalı faciəsi və ermənilərin törətdikləri kütləvi qətliama və müsəlmanları qətlə yetirmələrinə və digər faktlara cəlb ediblər.
Heyət üzvləri daha sonra Ərdəbilə səfər edərək, Vəliyyi Fəqihin ərdəbil vilayəti üzrə nümayəndəsi və ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili ilə grüşüblər. Akif Nağı, Rövşən Əhmədli, Növrəstə İbrahimova, Zərdüşt Əlizadə, Eldəniz Quliyev, Aydın Qarabağlı, Sevinc Məmmədova çıxış edərək, qəbula görə təşəkkürlərini bildirib, Qarabağ, Xocalı ilə bağlı məlumat verib, Ayətullah Seyid Həsən Amilinin Qarabağ məsələsində tutduğu ədalətli mövqeyə görə xüsusi minnətdarlıqlarını çatdırıblar. Vəliyyi Fəqihin ərdəbil vilayəti üzrə nümayəndəsi çıxışında bildirib: “Qarabağ Azərbaycan torpağıdır və Azərbaycana qaytarılmalıdır”.