Tarix : 2017 Mar 04
Kod 51334

Təbrizdə Xocalıya həsr olunmuş “ Poeziya gecəsi” keçirilib

Təbrizin ustad və gənc şairlərinin iştiraki ilə Qarabağa, Xocalıya həsr olunmuş “ Poeziya gecəsi” keçirilib.
Arannews- Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Təbriz şəhərində Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına həsr olunmuş “Arazın dayaz günü” adlı 70 dəqiqəlik sənədli film nümayiş etdirilib.
Azərbaycan və fars dillərində hazırlanmış filmin müəllifi İranın gənc və istedadlı rejissoru Möhsün Hadidir. Filmdə Qarabağ həqiqətləri xronoloji ardıcıllıqla tamaşaçıya çatdırılır. Filmlə eyni vaxtda “Qarabağ həqiqətləri” kitabının təqdimatı olub. Kitabı professor Məhəmməd Pərğu və doktor Qafar Abdullahi fars dilinə tərcümə ediblər.
Filmin və kitabın təqdimatından sonra Məhəmməd Pərğu, Möhsün Hadi, Mütəfəkir Azad, Akif Nağı, Eldəniz Quliyev, Rövşən Əhmədli, Aydın Qarabağlı, Növrəstə İbrahimova film və kitab haqqında fikirlərini deyiblər.
Həmin gün axşam Təbrizin ustad və gənc şairlərinin iştiraki ilə Qarabağa, Xocalıya həsr olunmuş “ Poeziya gecəsi” keçirilib. Ustad şair Muxtar Sədiməhəmmədi gecəni açaraq, Qarabağa, Xocalıya dair xoş sözlərini deyib, şeirlərini səsləndirib. Heyət üzvlərindən Akif Nağı, Rövşən Əhmədli, Eldəniz Quliyev, Növrəstə İbrahimova və digərləri səfərlərinin məqsədi ilə bağlı danışıblar.
Sonra şairlər İşrət Cabbarzadə Nəcmə “Qarabağ”, İbrahim Arbatan “Qarabağ”, Xanımaləm Şükrani “Vətən”, Cəfər Pürrəcəbi “Həsrət”, İbrahim İqbali “Sən gələn yolları yalar gözlərim”, Əyyub Şahbazi “Xocalı”, Xəliq Xiyabi “Qan ağlayır gözlər”, İbrahim Əmcəd “Xocalı qəmi”, Hacağa Hüseynzadə “Xocalı” və digərləri şeirlərini deyiblər. Təbrizin elm, mədəniyyət xadimlərindən Mehdi Nalbəndi, Ruhulla Mütəffəkkirazadi, Seyid Qasım Nazimi, Hüseyn Kuhistani, Əhməd Səttari və digərləri çıxış edərək Xocalı, Qarabağ dərdindən danışıblar.


  • Yazılıb
  • da (də) 2017 Mar 04
  • Göndərən مدير سايت Aran News