Tarix : 2017 Mar 05
Kod 51337

Emil Rahiloğlu: "Namaz qılan xalqın sevimlisi məhz elə namaz qıldığı üçün məhbəsə atılır""

Emil Rahiloğlu: "Bu gün şeyx Sərdar heç nə itirmədi. O daha da sevildi, ictimaiyyəti özünə məşğul etdi və sevilməyə də davam edəcəkdir".
Arannews- Emil Rahiloğlu: “Ölkədə çox az ruhani və tələbə vardır ki, Şeyx Sərdardan bəhrələnməsin və onun məsləhətlərindən faydalanmasın”
"Şeyx Sərdar Hacıhəsənlini təxminən üç ildir ki, tanıyıram. Görüşdüyüm ilk andan mənə müsbət təsir bağışlamış, xüsusən özünəməxsus təvazökarlığı ilə ruhunun nə qədər böyük olduğundan xəbər vermişdir. mən o böyük şəxsiyyəti üç il tanımağıma baxmayaraq otuz illik xatirə danışa bilərəm.”
Bu sözləri ilahiyyatçı alim Emil Rahiloğlu tanınmış ruhani, Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsinə münasibət bildirərkən qeyd edib.
Emil Rahiloğlunun sözlərinə görə, ölkədə çox az ruhani və tələbə vardır ki, Şeyx Sərdardan bəhrələnməsin və onun məsləhətlərindən faydalanmasın: “Həmçinin həbsinin ilk həftəsində cümə namazından sonra möminlərin belə bir şəraitdə polis bölməsinin qarşısına getməsi Şeyxin nə qədər insanlar üçün əziz olmasının nişanəsidir. Bu gün hər bir ruhani bilməlidir ki, minbərə çıxırsa demək ki, bu ölkənin qanununa əsasən “cinayətkardır” və ölkə qanunu pozmuşdur.  Necə olur ki, ölkəyə xəyanət edən Eldar Mahmudov çöldə gəzir, amma namaz qılan xalqın sevimlisi məhz elə namaz qıldığı üçün məhbəsə atılır. O hansı demokratik ölkədir ki, insanlara yaxşılıq etməyi, vətənpərvərlik dərsi verməyi, şəhadət yolunu öyrətməyi, valideynə sevgini, övlada tərbiyəni, xalqa sayğını, ailəyə qayğını və s. kimi şeyləri öyrətmək üçün kimdənsə icazə alınmalıdır? Deyirəm bəlkə biz özümüz bütün bu sadaladıqlarım üçün gələk rəsmən sizə müraciət edək?”
Dünya tarixində hər hansı xristian ölkəsində bir keşişin belə bir halla üzləşmədiyini bildirən Emil Rahiloğlu, “bu qeyri-insani addımı atanlar bilməlidir ki, şeyx Sərdarı yaradan, onu tərbiyə edən, onun məhəbbətini insanların qəlbinə salan Allah minlərlə deyil, milyonlarla şeyx Sərdarlar yaratmağa qadirdir” – deyə bildirdi: “Bu gün şeyx Sərdar heç nə itirmədi. O daha da sevildi, ictimaiyyəti özünə məşğul etdi və sevilməyə də davam edəcəkdir. Siz onu həbs edib kiçiltmək istədiz, o isə daha da böyüdü. Çünki Allahın xalis bəndələrinin işi belədir.”


  • Yazılıb
  • da (də) 2017 Mar 05
  • Göndərən مدير سايت Aran News