Arannews- Hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərov saxlandığı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalır. Bu barədə məlumatı onun anası Tahirə Səfərova yayıb.Oğlunun “Facebook” hesabı vasitəsilə ictimaiyyətə müraciət ünvanlayan ana deyir ki, martın 10-da onunla görüşə gedib. Bu zaman da oğlunun 3 gün işgəncəyə məruz qaldığını öyrənib:
“Rüfətin hansı vəziyyətdə olduğunu sözlə ifadə edə bilmirəm. Ürəyimin başına köz düşdü. İçəridən qovruldum. Onun üzünə baxa bilmirdim, rəngi qapqara qaralmışdı. Qaranlıq kars onu elə üzmüşdü ki, danışmağa sanki heyi yox idi. Dedim, oğlum nədən belə narahatsan? Dedi: “Mənə bu 3 gündə çox işgəncələr verdilər”. Rüfətə 3 gün ərzində sudan başqa heç nə verməyiblər. Səhər, günorta, axşam bir stəkan suyun ümidinə qalıb. Döşəmə beton, “kars”ın içərisi soyuq. Bunların bir vicdanı, ürəklərində azca da olsa bir rəhmi varmı ? Səhər saat 9-da yatacağını götürüb, bir də 18:00-da verirmişlər. Bu müddət ərzində Rüfət beton döşəmədə ayaq üstə titrəyə-titrəyə qalırmış. Elə yemək gətirib veriblər ki, onu iraq olsun heyvana da verməzlər. Oğlum bu köhnə yeməkdən imtina edib, 4 gün ac qalıb. “Kars”a salınmamışdan əvvəl həbsxanada yazdığı gündəliyi də əlindən alınıb”.
T.Səfərova hesab edir ki, qisas almaq məqsədilə oğluna bu cür işgəncələr verilir:
“Mən insana belə amansız münasibətin olduğunu təsəvvürümə gətirə bilmirəm. Qisasçılıq və intiqam bunların gözünü elə pərdələyib ki, ən iyrənc qeyri-insani niyyətlərindən əl çəkməyi yaxına belə buraxmırlar. Amma yuxarıda Allah var, bunların hamsını görür. Allahın cəzasından bu zülmkarlar qurtula bilməyəcəklər. Bunu unutmasınlar. Axı Rüfətin günahı nədir? Azad sözünü deyib, haqsızlığa ədalətsizliyə qarşı öz üsyan səsini qaldırıb. Başqa heç nə etməyib. Zalimlər buna da dözə bilmirlər. Oğlumu işgəncə altında saxlayıb onu sarsıtmaq istəyirlər. Onlar bunu görə bilməyəcəklər. Oğul dərdi çəkən bir ana kimi ürəyim alovlanır, damarlarımda qanım donur. Lakin ağır səhnəni müşahidə etdikcə, Rüfətin solmuş çöhrəsinə baxdıqca, ruhumda bir heyranlıq da baş qaldırırdı. Rüfət məni iki əlləri ilə qucaqlayıb “qəm-qüssə yemə, ana” deyə gözlərimin içinə baxdı və bu sözləri söylədi: “ Möhkəm olun. Allahın köməkliyi ilə iradəm var və seçdiyim haqq yolundan bir addım belə geri durmayacağam. Bunlar məni düşüncələrimdən döndərə bilməzlər. Əqidəm uğrunda sonuna qədər yürüməyə qərarlıyam!”
Əhsən sənə övladım. Südümü halal edirəm”.
Anası R.Səfərova verilən işgəncələrə son qoyulmasını istəyir:
“Oğluma qarşı aparılan bu işgəncələrdən geri durmaqlarını tələb edirəm. Allahsızlıq etməyin, sizin də övladlarınız var. Azərbaycan analarına, bacı və qardaşlarıma səslənirəm. Səsimə səs verin. Məni tənha qoymayın. Böyük ümidlərim var ki, siz bu dəstəyi əsirgəyən deyilsiniz. Ölkənin fədakar qələm sahiblərinə, tanınmış hüquq müdaiəçilərinə səslənirəm. Köməyinizə indiki dəqiqələridə ehtiyac duyuram. Nəhayət, bütün Azərbaycan xalqına müraciət edirəm. Güvəncim bir ana olaraq göydə Böyük Tanrıya, yerdə uca xalqımadır”.