ARANNEWS- “Bu gün ilahiyyatçı Sərdar Hacıhəsənlinin (Babayev) doğum günüdür. O doğum gününü həbsdə keçirir. Hacıhəsənlinin “namaz məhbusu” kimi qəfil həbsi hətta tanımayanlar üçün böyük tanıtım oldu”. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə göndərdiyi məqaləsində yazıb.Sərdar Babayev barəsində 2017-ci il fevralın 22-də həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittiham irəli sürülüb.
Babayev Sərdar Akif oğlu (Şeyx Sərdar Hacıhəsənli kimi tanınıb) 12 mart 1974-cu ildə Masallı rayonunda anadan olub. İlk dini təhsilini uşaq vaxtlarında Masallı rayonunda Molla Bəylər kimi tanınmış ruhani-ilahiyyətçinin yanında alıb.
O, 1991-2000-ci illərdə İranın Qum şəhərində yerləşən Beynəlxalq Əl Mustafa Universitetinin Quran və İlahiyyat fakultəsini bitirib. Ərəb, fars, rus dillərini bilir.
2009-cu ildən Masallı şəhərində (Bakıdan 236 kilometr cənub) yerləşən şəhər məscidində (Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Mirqiyas Təhməzovun dəvəti ilə) cümə namazllarına rəhbərlik edib.
Vəkilin sözlərinə görə, 2016-cı ilin noyabrında Masallı şəhər məscidi təmir adı ilə rayon icra hakimiyyəti tərəfindən bağlanıb. Buna baxmayaraq cümə namazları Sərdar Babayevin rəhbərliyi ilə məscidin həyətindəki mərasim zalında davam etdirilib.
“2016-cı ilin noyabrında Masallı rayon icra hakimiyyətinin başçısı Sərdar Babayevin barəsində Cinayət Məcəlləsinin 168-1.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq mühafizə orqanlarına müraciət edib.
Özüm üçün nəticə çıxarmışam ki, məscidin bağlanması, Sərdar Babayevə qarşı cinayət işi açılmasının hamısı bir-biri ilə əlaqəli və lokal səviyyədə aparılan bir prosesdir. Çünki İslam Həmrəylik İlində mərkəz səviyyəsində bunun edilməsi inandırıcı və arzuolunan olmaz”, Cavad Cavadov qeyd edir.
Vəkil cinayət işi başlandıqdan sonra 2017-ci ilin yanvar ayından ilahiyyatçı ilə birlikdə üç dəfə rayon polis şöbəsində olub.
“İki dəfə dindirmə və bir dəfə üzləşmədə iştirak etdim. Müdafiə taktikasına uyğun olaraq ona təklif etdim ki, onun İranda dini təhsil almasını inkar edək, yaxud bununla bağlı Azərbaycan Konstitusiyanın 66-cı maddəsinə uyğun olaraq izahat verməyək və istintaq özü onun diplom axtarışına çıxsın. Babayevin cavabı onun dürüst və mərd, əqidəsindən, dinindən, imanından dönməz insan olduğunu bir daha təsdiq etdi: “Cavad müəllim mənim arxamda 500 nəfərədək adam namaz qılır, xütbələrimi dinləyir. Həbs təhlükəsi nədir ki, onun qarşısında imanımdan dönüm. Hətta tələbə illərində təhsil aldığım Qum şəhərində bir dörd yol ayrıcı var idi, ora çatmamış bu yazı var idi: “Hormətli sürücü kəsişməyə çatmaqdan öncə hərəkət zolağını dəqiqləşdirin”. Mən o yazını o vaxtdan beynimdə həkk etmişəm və kəsişməyə çatanda artıq həyat yolumu seçmişəm. Mənə görə qətiyyən narahat olmayın. Sərdar Babayev belə insandır”, vəkil ilahiyyatçı ilə bağlı Amerikanın Səsinə göndərdiyi məqaləsində yazır.
Vəkil yazır ki, Sərdar Babayevin dürüstlüyünə, mərdliyinə, urəklərdə nüfuzuna görə Masallı camaatı qanunsuz həbsə dinc yolla etirazını bildirib və buna görə həbs edilənlər də olub.
“Buna görə o insanlara da təşəkkür düşür, çünki ruhanilərinə sahib çıxıblar”, vəkil qeyd edib.