Tarix : 2017 Mar 15
Kod 51391

Höccətül-islam Nəzəri: Azərbaycan Respublikasında vəziyyət narahatedicidir

Höccətül-islam Müctəba Nəzəri Azərbaycan Respublikasındakı durumu təhlükəli adlandıraraq deyib: “Azərbaycan Respublikasında baş verən belə hərəkətləri işıqlandırmasaq və ictimaiyyətə çatdırmasaq, mütləq daha narahatedici olayların şahidi olacağıq. Ona görə də bu cür hadisələrin yerdə qalmasına icazə verməməliyik”.
AranNews – Redaksiyamızın “Elpress” saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının təsisçisi Hacı Əlikram Əliyevin vəfatının ildönümü münasibətilə “Qafqazın Əbuzəri” adlı xüsusi tədbir bir sıra din, mədəniyyət və ədəbiyyat xadimlərinin, o cümlədən Marağa şəhərinin imam cüməsi həzrət Ayətullah Purməhəmmədi, Şərqi Azərbaycan əyalətinin əhalisinin Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi höccətül-islam Nəzəri, doktor Məhəmmədəli Mütəfəkkirazad, doktor Ənzabi və doktor Nəqibin iştirakı ilə bazar ertəsi günü Təbrizin “Hünər” hüseyniyyəsində keçirildi. Tədbirdə həzrət Ayətullah Purməhəmmədi və höccətül-islam Nəzəri nitq söylədi, Mehdi Nalbəndinin rejissorluğu ilə Hacı Əlikram Əliyev haqqında hazırlanmış sənədli film nümayiş etdirildi.
Xüsusi tədbirə qonaq kimi dəvət olunmuş höccətül-islam Müctəba Nəzəri Azərbaycan Respublikasında son vaxtlar baş verən hadisələrdən danışdı.
Höccətül-islam Müctəba Nəzəri Azərbaycan Respublikasında baş verən hadisələri təhlükəli adlandıraraq dedi: “Hərəkət etməsək və belə hadisələri işqlandırmasaq və ictimaiyyətə çatdırmasaq, bu ölkədə mütləq daha narahatedici olayların şahidi olacağıq. Ona görə də bu cür hadisələrin yerdə qalmasına icazə verməməliyik”.
Höccətül-islam Nəzəri vurğuladı: “Diqqət etsəniz və araşdırsanız onda imam camaatı vəhabi məktəbində oxumuş Əbu Bəkr məscidinin həmişə cəmiyyətlə dolu olmasının, lakin şəhərin digər bir yerində şiələr toplaşan məscidin boş qalmasının səbəbini biləcəksiniz”.
Universitet müəllimi Azərbaycan Respublikasında baş verən hadisələrdə hakimiyyətin roluna da toxunaraq bildirdi ki, bu ölkədə xalqın əsas məsələsi dindir. Halbuki, bu ölkə rəhbərləri millətçiliyi əsas tutublar. Düşmən bu hadisələrdən suistifadə edir və bu diyarın xalqının dini kimliyinə zərbə vurmağa çalışır.
Natiq daha sonra dedi: “Azərbaycan Respublikası İslam mədəniyyətinin paytaxtı elan olundu. Ancaq sual yaranır ki, YUNESKO-nun bu məsələdə meyarı nədir? Bu ölkədə gözəllik müsabiqəsi və homoseksuaların paradının təşkil edilməsinin səbəbi nədir?”
O vurğuladı: “Musiqi və Novruz bayramını İran və Azərbaycanın ortaq mədəniyyəti kimi tanıdırlar. Halbuki, bizim ortaqlığımız Quran və Əhli-beytdir (ə)”.
Höccətül-islam Nəzəri əlavə edib: “Azərbaycan dövləti xalqın əsas məsələsini nəzərə almamışdır. Dövlətin bu işi kimliyin dəyişməsinə səbəb olacaq. Dövlət öz keçmişini və mənəviyyatını buraxaraq yenidən tarix düzəltmək istəyir”.
Siyasi məsələlər üzrə ekspert çıxışının davamında Ali Məqamlı rəhbərin Azərbaycanın dövlət rəsmiləri ilə görüşündə vurğuladığı incə nöqtələrə işarə edərək dedi: “Ali Məqamlı Rəhbər iki məsələni tövsiyə etmişdir: birincisi budur ki, Azərbaycan dövlətinin məsləhəti xalqın dini duyğularının yanında olmaqdır. Pantürkçülüklə yanaşı olmaq işi həll etməyəcək. Ona görə də xalqın duyğularına hörmətlə yanaşmaq lazımdır. İkincisi isə Azərbaycan və İran xalqlarının ən önəmli yaxınlaşma amili ortaq dinə malik olmalarıdır”.
“Azərbaycanda şiəliyin kökü imam Sadiqin (ə) dövrünə qayıdır. Alimlər silsiləsinin tanınması haqqında araşdırmalar olsa və onlar gənc nəsilə tanıdılsa, bu ölkədə çox böyük işlər görmək olar”- deyə, höccətül-islam vurğulayıb.
Hər hansı bir hərəkatın arxasında təfəkkür və alim dayanmadığı surətdə həmin hərəkətin səmərə verməyəcəyini qeyd edən natiq dedi: “Azərbaycan Respublikasında çoxlu sayda imamzadələr mövcuddur. Dini münasibətlərdə onlardan istifadə etmək olar”.
Universitet müəllimi Azərbaycan Respublikasında narkotik maddələr, şərab və vəhabi kürəkənlər məsələsinə qarşı da narahatlığını bildirərək dedi: “Vəhabilərin şiə qızları ilə izdivac etməsi bu ölkədə kimliyi dəyişdirmək istiqamətində baş tutur”.
Höccətül-islam Nəzəri Azərbaycanın dövlət rəsmilərinin baxışında din və mədəniyyətin bir-birinin ziddinə olmasını diqqətə çatdıraraq dedi: “Onlar mədəniyyətdən dəm vururlar, ancaq mədəniyyət kimliyində dinin yer almadığını düşünürlər”.
Qərb mədəniyyətinin məqsədlərini qısa şəkildə izah edən universitet müəllimi vurğuladı: “Bu hərəkatın əsasını Fukuyama yazmışdır və onun yazdıqlarına görə dünyanın tarixinin sonu liberal-demokratlərin dünyanı əhatə etməsi ilə olacaqdır. Fukuyama bunun açarını Yaxın Şərqi işğal etməkdə görür. Ona görə də qərb Yaxın Şərqin iyirmi iki ölkəsini məhv etməyə çalışır”.
O, İslam mədəniyyətinin xüsusiyyət və məqsədlərindən söz açaraq dedi: “Quran və Əhli-beyt (ə) təlimlərinə söykənən İslam mədəniyyətinə əsasən, bütün dünyaya İslam hakim olacaq. Başqa sözlə, İslam mədəniyyətinin məqsədi Quran və Əhli-beytə (ə) əsaslanır, qərb mədəniyyətinin məqsədi isə cənab Fukuyamanın sözlərinə!
Qərb mədəniyyətinin siyasəti özünü İslam oxşatmaq, İslama və şiəyə qarşı islam yaratmaq, bununla da İslam mədəniyyətini ciddi təhlükə ilə üzləşdirməkdir”.
Ekspert əlavə etdi: “Qərb mədəniyyəti elə bir müharibə otağı yaratmışdır ki, əlində Quran tutan qruplar bir-birlərinə hücum edirlər. Bu hadisələr çox-çox təhlükəlidir. Diqqətli olmasaq, çox acınacaqlı nəticə ilə üzləşəcəyik”.
M. Nəzəri çıxışının davamında dedi: “Küfr şəkkin övladı, şübhənin nəvəsidir. Düşmənlər müsəlmanlar arasında şübhə yaratmaqla öz məkirli niyyətlərinə çatmaq istəyirlər. Bizim zamanımızda da belə bir hadisə olmuşdur. Görün, İranda nə qədər təlafat verdik. İraq kimi ölkə də mütləq itki verməli idi. İraq öz balansını həll edə və özünə gələ bilmədiyi üçün İŞİD onun bir neçə şəhərini işğal etdi”.
Höccətül-islam Nəzəri çıxışının sonunda hal-hazırda şiə və əhli-sünnənin vəhdətini taktiki deyil, strateji olduğunu vurğulayaraq dedi: “Vəhabilik əhli-sünnə ilə bir yerə sığmır. Ümidvarıq ki, Yaxın Şərqin İslamı parlasın, İslamın bayrağı Yaxın Şərqdə dalğalansın və bu sionist rejimi məhv etmək və məzlumların hakimiyyətinin təşkili üçün bir müqəddimə olsun”.



  • Yazılıb
  • da (də) 2017 Mar 15
  • Göndərən مدير سايت Aran News