AİP lideri Doktor Hacı Mövsüm Səmədovun yenidən karsel rejiminə salınmasına etiraz olaraq partiya bəyanat yayıb.
“AranNews”-un verdiyi xəbərə görə, bu braədə "İslaminSesi"nə partiyanın Mətbuat Xidmətindən məlumat daxil olub.
Bəyanatda deyilir:
AİP lideri Doktor Hacı Mövsüm Səmədova qarşı qərəzli işgəncə halları davam edir.Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayan Səmədov müəssisə səlahiyyətlilərinin məqsədli, neqativ münasibətilə qarşılaşmaqdadır. O, müxtəlif bəhanələrlə həbsxanada cəza çəkən məhbuslarla ünsiyyətdən belə təcrid olunur. Artıq bu müəssisəyə daxil olduğu qısa müddət ərzində bir neçə dəfə karsel rejiminə salınmış, nəticədə bu, dəyərli ictimai-siyasi xadim, böyük İslam alimi Doktor Mövsüm Səmədovun səhhətində problemlərin yaranmasına səbəb olmuşdur.
Hesab edirik ki, Hacıya qarşı baş verən haqsızlıqlar onun barakda namaz qılması ilə deyil, sadəcə səhhətinin təhlükəli həddə çatdırılmasına, fiziki cəhətdən aradan aparılmasına ölçülmüşdür. Buna görə də Azərbaycanın sağlam ictimaiyyətini, xüsusən də dini cameəni Mövsüm Səmədovun əvvəlcə üç günlük, bu müddət bitdikdən sonra isə daha iki ay müddətinə karsel rejiminə salınması, məhz Novruz bayramı günlərini qapalı və ağır rejimdə keçirməyə məhkum edilməsi ciddi narahat edir.
Azərbaycan İslam Partiyası bəyan edir ki, Doktor Mövsüm Səmədova qarşı bu işgəncələr Azərbaycanda və bütövlükdə demokratik aləmdə insan haqq və hüquqlarının kobud şəkildə pozulması, vətəndaşlara, o cümlədən məhbus həyatı yaşayan insanlara qarşı yönəlmiş ambisiyalı, açıq düşmənçilik, insanların fiziki və mənəvi cəhətdən məhv edilməsi halı kimi qiymətləndirilməlidir. Buna rəğmən dünyada insan haqlarının, İslami dəyərlərin və bu dəyərlərin daşıyıcılarının qorunmasında maraqlı olan dövlətlərin, xalqların, dövlət rəhbərlərinin, ictimai-siyasi təşkilatların, ayrı-ayrı institutların, beynəlxalq qurumların fikir və düşüncələri, obyektiv mövqeləri vacib və əhəmiyyətlidir.
Düşünürük ki, dəyərli ruhani alimlərə yönəlik neqativ münasibətlər müqəddəs dinimizə olan münasibətdən doğur. Bu isə vətəndaşlarının 97 faizi müsəlmanlardan ibarət bir məmləkətdə yolverilməzdir. Onu da unutmaq olmaz ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayan düşmənlərimiz ölkəmizdə insan haqlarının kobud şəkildə pozulmasını gündəmə gətirməklə dünya ictimaiyyətinin fikrini öz maraqları baxımından dəyişmək üçün istifadə edirlər. Nəticə etibarı ilə Hacı Mövsümlərə qarşı düşmənçilik əsl düşmənlərimizin maraqlarına xidmət etmiş olur.
Azərbaycan İslam Partiyası