Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu AKP iqtidarının xarici siyasətini tənqid edib.
“AranNews”-un verdiyi xəbərə görə, Jurnalistlərin suallarını cavablandıran Kamal Kılıçdaroğlu Türkiyə iqtidarının dünyanın müxtəlif yerlərindəki insan haqları pozuntusuna etiraz etdiyini, lakin ölkədə eyni şeyi özlərinin təkrarladığını bildirib:
“Məsələyə bu tərəfdən baxdıqda insan haqları problemlərini həll etməliyik. Demokratiyanı müdafiə ediriksə bəs ölkəmizdə baş verənlər nədir? Media azadlığı aramızda problem yaradır. 150-dən çox jurnalist həbsdədir. Niyə həbsdədirlər? Cavab yoxdur. Başa sala bilmirlər, başa sala bilməzlər də. Cümhuriyyət qəzetinin yazarları neçə aydır həbsdə olmalarına baxmayaraq ittiham irəli sürülməyib. Müstəntiq ittiham aktına nə yazacaq bizim üçün də maraqlıdır. FETÖ üzvü olaraq həbsxanaya saldıqları insanlar ömürləri boyu FETÖ ilə mübarizə aparıblar. Yəni ölkədə çox sayda insan haqları pozuntusu var”.
Niderland ilə Türkiyə arasındakı krizis barədə danışan Kamal Kılıçdaroğlu səfirin Türkiyəyə qayıtmasına etiraz edib.
“Soruşmaq lazımdır ki, Türkiyənin Niderlanddakı səfiri haradadır? Niyə Türkiyədədir? Əslində xarici işlər naziri səfər etdiyi zaman onları səfirlər qarşılayırlar. Dövlət ənənəsi belədir. Xarici işlər nazirimiz, qadın nazirimiz Niderlanda gedir və ətraflarında polis olur. Lakin səfirimiz aylardır Türkiyədədir. Niyə? O nazirlərimizin yanında olmalı deyildimi? Səfir həmən an orada olmayacaqsa bəs nə vaxt olacaq? Mən bu sualları ünvanladım və hökumət rəsmiləri bu günə qədər heç bir cavab verməyib", deyə CHP sədri sözlərinə əlavə edib. Avropa ilə münasibətlərin pozulmasına toxunan Kamal Kılıçdaroğlu fikirlərini belə izah edib: “Niyə bütün Avropanı qarşımıza alırıq? Hər kəsi düşmən görmək lazım deyil, dost olmaq lazımdır. Bu ölkəni quranlar “yurdda sülh, cahanda sülh” şüarı səsləndirməmişdilər. Bu şüarın arxasında müharibə, dövlət quruluşu və göz yaşı var. Bu insanlar boş yerə sülhdən danışmamışdılar. Suriya, İraq, Avropa, Liviya və Misir siyasətində itirən bizik. Xarici siyasətdə qazandığımız nə var? Nəyi qazandıq?”.
Kılıçdaroğlu Avropada PKK lehinə keçirilən aksiyalara qarşı olduqlarını vurğulayıb.
O, diqqətə çatdırıb ki, əgər Avropa PKK-a terrorçu qruplaşma olaraq münasibət göstərirsə aksiyaları da qadağan etməlidir: “Biz ikili standart deyəndə bunu nəzərdə tuturuq. Bayraqlara heç bir halda icazə verməməlisən. Türkiyə də bu məsələyə münasibət bildirməlidir. Aksiya olduğu zaman həmən ölkənin səfiri Xarici İşlər Nazirliyinə çağrılıb xəbərdarlıq olunmalıdır. Biz hər dəstəyi verərik. Heç bir tərəddümüz yoxdur bu barədə”. /Tasnim/