Arannews- Mart ayının 19-u 3 günlük karsa salınan AİP liderinin cəza müddəti bitər-bitməz, onun barəsində yenidən 2 ay müddətinə karser cəzası verilib.Baş verənlərlə bağlı “Vətəndaş və İnkişaf Partiyası” nın sədri Əli Əliyev AİP lideri Hacı Mövsüm Səmədovun karsa salınmasını pisləyib: “ Doktor Səmədov vicdan məhbusu kimi beynəlxalq təşkilatlar tərəfindən tanınan və siyasi baxışlarına görə həbs edilən şəxsdir. Onun işgəncələrə məruz qalması faktı ilk deyil. Mövsüm Səmədovun saxlanma şəraitinin mütəmadi olaraq dəyişdirilməsi və onun karsa salınması, AİP liderinin xüsusi rejimdə cəza çəkməsi kimi səciyyələndirilməlidir. Azərbaycanda siyasi mübarizə insanların əqidəsinin sındırılması, şəxsiyyətlərinin aşağılanması metodu ilə həyata keçirilməməlidir. Ona görə də “VİP” olaraq bizim bu cür hallara qarşı mövqeyimiz mənfidir. Hesab edirik ki, Doktor Mövsüm Səmədovun həbsi də düzgün deyil. Bununla yanaşı həbsdə olsa da, ona qarşı davranış insan hüquq və azadlıqları çərçivəsindən kənara çıxmamalıdır”.
“Milli Şura” nın sədri, professor Cəmil Həsənli də AİP liderinin karsa salınmasına münasibət bildirib və baş verənləri qətiyyətlə pisləyib: “ Bu haqsızlıqdır. Hacı Mövsüm Səmədova qarşı böyük haqsızlıq edilib və ona qarşı saxta cinayət işi açılıb. Bununla yanaşı Doktor Səmədov həbsxanada da incidilir. Onun karsa salınmasını pisləyirəm”.
“Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı isə mövzu ilə bağlı fikir bildirərkən bunları deyib: “ Hacı Mövsüm Səmədovun həbsi və onun cəzaçəkmə müəssisəsində incidilməsi böyük haqsızlıqdır. Doktor Səmədov heç bir cinayət törətməyib ki, həbs olunsun. Bu bir tərəfə, üstəlik ona dinc şəkildə həbs müddətini çəkməyə imkan vermirlər. Hər cür təxribat törədirlər. Hesab edirəm ki, hüquq müdafiə təşkilatları bu məsələ ilə ciddi şəkildə maraqlanmalıdır. İslam Həmrəyliyi ilində inanclılara qarşı bu cür təxribatların törədilməsi yolverilməzdir. Əksinə həbsdə olan dindarlara ədalətli yanaşmalıdırlar. Bütün bunlar yolverilməzdir və cəmiyyətin diqqətində olmalıdır”.
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə bildirib ki, Mövsüm Səmədovun davamlı olaraq karsa salınması onun sındırılması yönündə hakimiyyətin növbəti təxribatıdır.
Nəyin bahasına olursa-olsun Doktor Səmədovu sıradan çıxarmaq istədiklərini söyləyən Eldəniz Quliyev, “artıq bütün əndazələri aşıblar. Hacı kimi işıqlı bir insanın, dini,əxlaqi və mənəvi dəyərlər uğrunda mücadilə aparan mütərəqqi bir lider və islam aliminin allahsızcasına əzablara düçar edilməsi, ədalətsizcəsinə işgəncələrə məruz qoyulması artıq mövcud iqtidarın qisasçılığında xəbər verir”, - deyə bildirib:
“AİP lideri Doktor Mövsüm Səmədova qarşı bu sayaq aşkar düşmən münasibət, düşünürəm ki, mənəvi və dini dəyərləri uca tutan hər kəs tərəfindən qətiyyətlə pislənməlidir. Çox güman ki, bu yaxınlarda biz "Günahsız həbs olunmuş inanclı insanların Müdafiə Komitəsi" bu məsələ ilə əlaqədar fövqəladə iclasımızı keçirəcəyik və orada daha ətraflı mövqe bildirəcəyik.”
AİP lideri Mövsüm Səmədovla bağlı baş verənlərin dərin narahatlıq doğurduğunu söyləyən ilahiyyatçı-filosof, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu atılan addımlardan çox narahat olduqlarını söyləyib: "Hesab edirik ki, əziz ruhani qardaşımız Hacı Mövsüm Səmədov və digər siyasi məhbusları tezliklə azad edilməlidir. Bütün bunların fonunda Hacı Mövsüm Səmədovla bağlı baş verənlər təmamilə qeyri-hüquqidir və insan haqlarının kobud surətdə pozulmasıdır."
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə açıqlaması zamanı bildirib ki, AİP lideri Mövsüm Səmədovun 12 saylı CÇM-də bayram günlərində haqsız yerə karserə salınması ictimaiyyətin haqlı etirazına səbəb olub.
Mövsüm Səmədovun daxili intizam qaydalarını pozmasına dair deyilənlərin şər və böhtan olduğunu söyləyən Rövşən Əhmədli, “Doktor Səmədov öz əxlaqı və şəxsi göstəriciləri ilə nümunəvi insan olub və haqsızlığa qarşı həmişə səbir və təmkinlə mübarizə aparıb”, - deyə bildirib:
“Saxta ittihamlarla həbsə salmaları azmış kimi, indi də həbsxanada müxtəlif üsullarla cəzalandırmağa çalışırlar. Görünən budur ki, onlar bu addımları ilə Mövsüm Səmədovu yenidən Qobustan həbsxanasına göndərmək istəyirlər. Bizlər də öz növbəmizdə Mövsüm Səmədovla bağlı baş verənləri qətiyyətlə pisləyirik və müvafiq orqanlardan bu haqsızlıqlara son qoymağa çağırırıq.
Hüquq müdafiəçisi Oktay Güləliyev isə açıqlaması zamanı baş verənləri çox pis dəyərləndirdiyini bildirib. Mövsüm Səmədovla bağlı baş verənlərin yolverilməz hal olduğunu söyləyən hüquq müdafiəçisi, bütün bunları qərəz və siyasi sifariş kimi qiymətləndirdiyini söyləyib.