Doktor Səmədov şər və böhtanla həbs olunub. Onun həbsi qanunsuzdur. Qanunsuz həbs edilən bir şəxsin bu qədər müddət təcridxanada saxlanılması qanuna zidd hərəkətdir.
Arannews- "AİP lideri Mövsüm Səmədovun azadlığa buraxılmasını hakimiyyətdən tələb edirik"
AİP lideri Mövsüm Səmədov 12 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən bayram günlərində karserə salınıb.
Mart ayının 19-u 3 günlük karsa salınan AİP liderinin cəza müddəti bitər-bitməz, onun barəsində yenidən 2 ay müddətinə karser cəzası verilib.
Mövsüm Səmədovla bağlı baş verənlər ölkənin inanclı cameəsi, siyasi arenası və ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanıb.
Arif Hacılı: “Səhhətində problemlər olan partiya liderinin guya daxili qaydaları pozması səbəbindən karsa salınması boş iddiadır”
AİP lideri ətrafında baş verənləri şərh edən “Müsavat” başqanı Arif Hacılı bildirib ki, Hacı Mövsüm Səmədov siyasi məhbusdur və o hər hansı bir cinayət səbəbindən yox, hakimiyyəti sərt tənqid etdiyi üçün həbs olunub: “ Doktor Səmədov uzun müddətdir ki, həbsdədir. Hələ Kürdəxanı həbsxanasında olduğum zaman onunla bir neçə dəfə görüşmüşdüm. 5-6 il öncə səhhətində müəyyən problemlər mövcud idi. Doktor Səmədovun səhəttində olan problemlər, yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınması, onun çoxdan azadlığa buraxılması üçün səbəb olmalı idi”.
Arif Hacılı qeyd edib ki, Mövsüm Səmədov daxili qaydaları pozan bir şəxs deyil: “Hələ 90-cı illərdən onu tanıyıram. Bilirəm ki, xüsusilə səhhətində problemlər olan partiya liderinin guya daxili qaydaları pozması səbəbindən karsa salınması boş iddiadır. Ona görə də, AİP lideri Mövsüm Səmədovun və digər siyasi məhbusların azadlığa buraxılması zəruridir və biz “Müsavat” partiyası olaraq hakimiyyətdən bunu tələb edirik”.
Nurəddin Məmmədli: “Doktor Səmədov din xadimi kimi Azərbaycanda dini azadlıqlara hörmət olunmasını tələb edən şəxslərdən biridir. Məhz bu səbəbdən də o cəzalandırılır”
AİP lideri Mövsüm Səmədovun karsa salınmasına AXCP sədrinin müavini Nurəddin Məmmədli də münasibət bildirib. Nurəddin Məmmədli qeyd edib ki, Hakimiyyətin Doktor Səmədova qarşı münasibəti, vətəndaşların hüquq və azadlıqlarını təmin etməyə cəhd göstərən insanlara qarşı yönələn siyasətinin tərkib hissəsidir:” Hacı Mövsüm Səmədova qarşı baş verənlər qətiyyən hüquq çərçivəsində olan qaydalarla bağlı deyil. Doktor Səmədov din xadimi kimi Azərbaycanda dini azadlıqlara hörmət olunmasını tələb edən şəxslərdən biridir. Məhz bu səbəbdən də o cəzalandırılır. Təbii ki, baş verənləri qətiyyətlə pisləyir və qınayıram. Bu hadisəni Azərbaycan hakimiyyətinin bütövlükdə azad fikrə, azad sözə, ədalət axtarışında olan insanlara qarşı qanunsuz fəaliyyətinin bariz nümunəsi kimi dəyərləndirirəm”.
Tural Abbaslı: “AİP liderinin həbsxanada rahat buraxılmaması və təzyiqlərə məruz qalması ədalətsizlikdir”
“Ağ Partiya” nın sədri Tural Abbaslı da Hacı Mövsüm Səmədova qarşı yönələn təzyiqlərə münasibət bildirib və baş verənləri kəskin şəkildə pisləyib: “Doktor Səmədov şər və böhtanla həbs olunub. Onun həbsi qanunsuzdur. Qanunsuz həbs edilən bir şəxsin bu qədər müddət təcridxanada saxlanılması dövlətə, dövlətçiliyə və qanuna zidd hərəkətdir. Üstəlik AİP liderinin həbsxanada rahat buraxılmaması və təzyiqlərə məruz qalması ədalətsizlikdir. Bir çox hallarda kars məsələsi həbsxana rəislərinin təzyiq vasitəsinə çevrilir. Adətən təcridxana rəisləri məhbuslar arasında böyük nüfuza sahib olan şəxsləri bu cur vasitələrlə ciddi cəzalandırırlar. Həm də hakimiyyət öz rəqiblərini həbsxanada da rahat buraxmaq istəmir. Təbii ki, bu cür halları qətiyyətlə pisləyirəm. Hacı Mövsüm Səmədov və onunla eyni kateqoriyada olan digər insanlar azadlığa buraxılmalı və ailələrinə qovuşmalıdırlar”.