Abbas Hüseynov 26 noyabr 2015-ci ildə Nardaran kəndində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularkən, BMCMİ-də saxlanılarkən və daha sonra Bakı İstintaq Təcridxanasına aparıldığı ilk gün ərzində döyülüb, işgəncələrə məruz qalıb, Hacı Taleh Bağırzadəyə və özünə qarşı ifadələr verməyə məcbur edilib.
Arannews- “Müsəlman Birliyi” Hərəkatının üzvü, Nardaran hadisələrindən sonra həbs edilən Abbas Hüseynova qarşı işgəncə faktlarının araşdırılmaması ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib.Bu barədə vəkil Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, Abbas Hüseynov 26 noyabr 2015-ci ildə Nardaran kəndində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularkən, BMCMİ-də saxlanılarkən və daha sonra Bakı İstintaq Təcridxanasına aparıldığı ilk gün ərzində döyülüb, işgəncələrə məruz qalıb, Hacı Taleh Bağırzadəyə və özünə qarşı ifadələr verməyə məcbur edilib.
“Baş prokurorluğun 16 iyun 2016-cı il tarixli qərarı ilə ona işgəncə verilməsi ilə bağlı cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilən şikayətlər Səbail rayon və Bakı Apelyasiya məhkəmələri tərəfindən təmin edilməyib. Bundan sonra Abbas Hüseynovun işi üzrə Avropa Məhkəməsinə şikayət göndərilib. Şikayətdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) və 13-cü (səmərəli müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun tanınması tələb olunur. Bu Abbas Hüseynovun Avropa Məhkəməsinə göndərilən sayca 2-ci şikayətidir. Birinci şikayət onun barəsində həbs-qətimkan tədbirinin seçilməsinin qanunsuzluğu ilə bağlıdır"- deyə vəkil açıqlamasında bildirib.
A. Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.