Tarix : 2017 Mar 29
Kod 51443

Azərbaycan Respublikasında polis rejimi hökm sürür

Nardaran hadisələri və digər polis özbaşnalıqları, xaricdə yaşayan insanların ailə üzvlərinin girov kimi saxlanması, onları susdurmaq üçün qadın, uşaq, ahıl qohumların polis idarələrinə aparılması...
Arannews- Milli Şura mitinq müzakirəsinə start verib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli və digər şəxslərin sosial şəbəkələrdə yazdıqları statuslar və qurumun üzvlərinin ona dəstək verməsi qurumun yaxın həftələrdə qərar verəcəyi ehtimalını gücləndirir.
Meydan TV "hansı amillər Milli Şuranın mitinq müzakirələrini gündəmə gətirib" sualıyla qurumun sədri Cəmil Həsənliyə müraciət edib.
C.Həsənli hesab edir ki, 2017-ci ilin yazında etiraz aksiyalarının keçirilməsini zəruri edən bir çox amillər var:
"Biz də Milli Şuranın rəhbərliyində bu səbəbləri müzakirə edir, kütləvi aksiyaların sosial bazasında baş vermiş dəyişiklikləri, əhalinin sosial həyatında gedən prosesləri dərindən təhlil edib bir qərara gələcəyik. Ölkədə gündən-günə dərinləşən sosial-iqtisadi böhranın bütün ağırlığı demək olar ki, xalqın üzərinə qoyulub. Əhali hökumətin bacarıqsızlığının, səriştəsizliyinin, hakim elitanın talançılığının girovuna çevrilib. İki il əvvəl mənasız Avropa yay oyunlarına 8 milyard dollar vəsait xərcləyən bir ölkənin pensiyaçılarının əksəriyyəti 70 dollar civarında pensiya alır. Vaxtıyla qədim Romada tək bir qulun saxlanılması üçün ayrılan vəsait bundan xeyli artıq idi. Böhran istər rəsmi, istərsə də qeyri rəsmi olaraq kütləvi şəkildə iş yerlərinin itirilməsi ilə müşayiət edilir. Böyük bir işsizlər ordusu yaranıb. Bu adamların onları işsiz, ailələrini çörəksiz qoyan hökumətə qarşı etiraz etmək haqqı var. Mitinqi zəruri edən səbəblərdən biri, bəlkə də ən birincisi ölkədə geniş əhali kütləsinin sosial-iqtisadi fəlakətin girdabına düşməsidir. Ölkədə həkimin, müəllimin, fəhlənin aldığı əmək haqqı onun ailəsinin sosial ehtiyaclarının heç 15-20 faizini də ödəmir. 100 dollar ətrafında əmək haqqı alan bir vətəndaş gündən-günə bahalaşan kommunal xərcləri, durmadan qalxan bütün növ qiymətləri necə qarşılaya bilər? Ölkədə əlverişli yaşayış şərtlərini təmin etmək, insanlara normal əmək haqqı vermək, qiymət artımına qarşı indeksizasiya keçirmək hökumətin bilavasitə borcudur. Əgər hökumət öz üzərinə düşən vəzifəni yerinə yetirmirsə və ya yetirə bilmirsə, xalqın hökumətin yarıtmaz siyasətinə etiraz etmək haqqı var. Bu haqqın ifadə formalarından biri də kütləvi etiraz aksiyaları, yəni mitinqlərin keçrilməsidir. Bax, hər bir vətəndaş özünə sual verməlidir: bizim ölkəmiz niyə bugünə düşdü? 30-40 il əməyini, sağlamlığını cəmiyyətə vermiş, ağır işlərdə çalışıb dəyər yaradan insanlar bu gün 70 dollarlıq pensiyaya möhtac edilməklə niyə belə dəyərsiz vəziyyətə salınıblar? Əgər vaxtında ölkənin gəlirləri və xərcləri üzərində gerçək ictimai nəzarət mexanizmi yaransaydı əhali indiki sarsıntılarla üzləşməzdi. Baxın dünyada hansı rüşvət, hansı korrupsiya faktların araşdırırlar, Azərbaycanın adı oradan çıxır. Hakim elitanın adı oradan çıxır. Əgər ölkənin bir naziri o biri nazirinə rüşvət verirsə, əgər bu ölkənin nazirliklərində korrupsiya kassaları yaradılırsa, əgər bu ölkənin hakimiyyət qurumlarında büdcəni talamaq üçün xidmətlərin və satınalmaların qiymətləri 35 faiz şişirdilirsə, əgər bu ölkənin dövlət adına xarici əməliyyatlarında satınalma qiymətləri 5 dəfə artıq göstərilib xalqa çatmalı olan vəsait oğurlanırsa, bu xalqın kütləvi aksiyalar keçirib belə natəmiz mühiti yaratmış İlham Əliyevin siyasətinə etiraz etmək haqqı var".
Milli Şura sədri bildirib ki, ölkədə polis rejimi hökm sürür:
 “Nardaran hadisələri və digər polis özbaşnalıqları, xaricdə yaşayan insanların ailə üzvlərinin girov kimi saxlanması, onları susdurmaq üçün qadın, uşaq, ahıl qohumların polis idarələrinə aparılmasını adamlar azərbaycanda vardır. Bütün baş verənlər və məhkəmə proseslərindəki dəhşətli faktlar göstərdiki DİN konstitusion nəzarətdən çıxıb. Necə ki, dünən həmin nəzarətdən çıxmış MTN dövlət adına hansı rəzalətlə məşğul olduğu ortadadır. Vətəndaşı aktiv olan ölkələrdə, vətəndaş etirazı olan yerlərdə belə rüsvayçılıqlar ola bilməzdi.
İlham Əliyev öz həyat yoldaşını Birinci vitse-prezident təyin etməklə bizim respublika hesab etdiyimiz məmləkəti ailə holdinqinə çevirdi və cümhuriyyətçilik ideyasına tapınan hər bir vətəndaşın XXI əsrdə ailə, klan hakimiyyəti yaratmağa rəvac verən bir siyasətə etiraz etmək haqqı vardır. 20 ildən artıqdır ki, ölkənin əraziləri işğal altındadır. Bu gün xalqın soruşmağa haqqı var ki, uzun illər hərbi xərclərə Ermənistanın dövlət büdcəsindən daha artıq vəsait ayrıldığı halda Qarabağ və ətrafındakı rayonlar niyə azad edilməyib? Ərazisi işğal altında olan bir ölkənin hakimiyyəti niyə dəmir yol avadanlığını 5 dəfə şişirdilmiş qiymətə alır, nazirliklərində korrupsiya kassası yaradır? Gömrüyü və vergi orqanları natəmiz mənimsəmlərlə məşğul olur. Bu gün bizim balaca ölkəmiz Avropa məkanında ən böyük siyasi məhbus düşərgəsidir. İnsanlar saxta ittihamlarla, qabaqcadan quraşdırılmış ssenarilər əsasında həbs edilirlər. Müstəqil məhkəmə hakimiyyəti olmadığından siyasi qərarlar məhkəmə hökmlərini əvəz edir. Hətta əfv fərmanları belə siyasi mülahizələrlə verilir. Ağır cinayət törətmiş birisi müxtəlif yollarla əfvə düşə bilir, amma Qarabağ döyüşüb yara almış bir qazi cəzasının çoxunu çəksə də, həbsxanada çürüdülür. İlqar Məmmədov, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Mehman Hüseynov, Hacı Tale Bağırzadə, Faiq Əmirli, Qiyas, Bayram, Əli İnsanov, Möhsün Səmədov və daha bu sıralamada olan 160 nəfər siyasi məhbus hansı günahın sahibidir? Bunlar bilavasitə şərlənib, saxta ittihamlarla tutulublar. Milli Şura yaranandan siyasi məhbusları müdafiə edən mitinqlər keçirib və nahaqdan tutulan insanları müdafiə etmək bizim fəaliyyətimizin üstün istiqamətlərindəndir. Göründüyü kimi, kütləvi aksiyaların keçrilməsini zəruri edən çox amil vardır. Mən onların yalnız bir hissəsini səsləndirdim. Bax biz bu istiqamətdə müzakirələr aparırıq".
Digər partiyaların, təşkilatların aksiyalara dəvət olunmasına gəlincə, o, deyib ki, hələlik hər hansı bir partiya və təşkilatla mitinq müzakirələri aparılmır:
 “Kütləvi aksiyaların keçirilməsi ilə bağlı məsələ hələ ki, müzakirə mərhələsindədir və Koordinasiya Mərkəzinin bəzi üzvləri haqlı olaraq belə hesab edirlər ki, etiraz aksiyasının keçirilməsi xalqın daxili ehtiyacının ifadəsi kimi ortaya çıxmalıdır. Milli Şura isə bu istəyi əlaqələndirməli, ona təşkilati xarakter verməlidir. Ötən ilin sentyabr ayının 11-də keçirilən mitinq məhz bu istiqamətdə uğurlu bir addım idi. İndi isə ondan irəli getmək lazımdır.
Əslində mitinq və etiraz aksiyaları xalqın içində toplanmış qəzəbin dinc vasitələrlə, konstitusion yollarla ifadə vasitəsdir. Bizim müşahidələrimizə görə bu qəzəb hazırda son dərəcə böyükdür, onun ifadə forması da böyük meydanlardan keçməlidir. Yalnız bu halda hökumət xalqın iradəsi ilə hesablaşmalı olar".


  • Yazılıb
  • da (də) 2017 Mar 29
  • Göndərən مدير سايت Aran News