Tarix : 2017 Apr 04
Kod 51459

Cəmil Həsənli Azərbaycanın İqtisadi vəziyyətini şərh edib

cənab Əliyev ölkənin ən gəlirli sahələrini öz ailə üzvləri, yaxın qohumları və ətrafına verməyin nümunəsini bütün dünyaya yaymaq istəyir ki,...
Arannews- Milli Şuranın sədri Cəmil Həsənli ölkə başçısı İlham Əliyevin Saatlıda pambıqçılıqla bağlı keçirdiyi müşavirədə səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib. C.Həsənlinin feysbuk səhifəsində yazdığını təqdim edirik:
İlham Əliyevin Saatlıda pambıqçılıq müşavirəsindəki çıxışına baxanda ölkənin niyə bu vəziyyətə düşdüyünə təəcüblənmirsən. Hər şeyi qoyaq bir kənara, ölkəyə rəhbərlik edən bir şəxsin kənd təsərrüfatı ilə bağlı mülahizələri son dərəcə səthidir. O, deyir ki, “Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür.” Bir qədər sonra isə əlvaə edir ki, “keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir.” Əgər belədirsə, on minləri qoyaq bir tərəfə (on minlər ifadəsi üçün ən azı iki onluq olmalıdır), götürək ən az rəqəmi, on min insanı. İqtisadi cəhətdən yanaşılsa əgər bu sahədə 10 min adam çalışıb 90 min ton pambıq istehsal edibsə bu il ərzində adam başına 9 ton pambıq deməkdir.
Hər bir istehsal sahəsi öz iqtisadi səmərəliliyinə görə dəyərləndirilməlidir. Əgər kampaniya xarakteri almış pambıq əkininə nə qədər subsidiya verildiyi açıqlansa, bu məhsulun hər kiloqramın ölkəyə neçəyə başa gəldiyin daha aydın təsəvvür etmək olar. Ölkə başçısının müşavirədə elan etdiyi bu ilin ilk aylarında dövlət sektorunda 40 min iş yerinin açılması, qeyri-neft sektorunun 5, kənd təsərrüfatının yanvar-fevral aylarında 3 faiz artmasına da elə bu 9 ton pambıq meyarı ilə yanaşılmalıdır. Çünki dövlət sektorunda 40 min yeni iş yerlərinin açılması iqtisadiyyat üçün inkişaf yox, əlavə yükdür. Bir də bu rəqəmləri deyəndə yanvar-fevral aylarında kənd təsərrüfatında inkişafa necə nail olmağın sirrini cənab Əliyev kommersiya sirri kimi açmayıb. Bunların özlərinin verdiyi rəqəmləri təhlil etdikdə məlum olur ki, 2016-cı ildə ölkədə Ümumi Daxili Məhsulun həcmi daha 15 milyard dollar azalaraq 37,5 milyard dollara düşüb. Bu azalmanın isə yarıdan çoxu qeyri-neft sektorunun payına düşür. Yalnız, 2016-cı ildə qeyri-neft sektorundakı itkilərin həcmi 12 milyard dollar olub ki, bu da 33 faizə bərabərdir.
Ötən il ölkə iqtisadiyyatına qoyulan invistisyaların həcmi daha 6 milyard dollar azalıb. Bu azalmanın da 58 faizi kənd təsərrüfatının, 47 faizi də qeyri-neft sənayesinin payına düşür. İndi cənab Əliyev kənd təsərrüfatı üçün ən əlverişsiz aylar olan yanvar-fevral aylarında bu 3 faiz artıma necə və nəyin hesabına nail olub? Yalnız onu xatırlatmaq kifayətdir ki, ölkənin bank sektoru 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətini 1,7 milyard manat məbləğində zərərlə başa vurub. Təkcə dekabr ayında bu zərərin həcmi 400 milyon manata bərabər olub. Yalnız 2016-cı ildə 2015-ci ilə nisbətə manat orta hesabla 55%-dən çox dəyər itirib. Ölkənin istehlak bazarı 2016-cı il ərzində nə az, nə çox 9 milyard dollar həcmində kiçilib. Əhalinin gəlirləri əgər 2015-ci ildə 10 milyard dollar məbləğində azalmışdısa, 2016-cı ilin yekunları daha acınacaqlı mənzərəni ortaya qoyub və məlum olub ki, ötən il əhali daha 12 milyard dollar itki verməli olub. 2016-cı ildə orta aylıq əmək haqqı daha 144 dollar azalaraq 313 dollara düşüb, halbuki 2014-cü ildə bu göstərici 566 dollar olub.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə 2016-cı ildə xarici ticarət dövriyyəsi 4,3 milyard dollar azalıb. Əhalinin və biznes dairələrinin bank əsarətinə salınması 2016-cı il ərzində bankları iflas təhlükəsi ilə üzləşdirib. Borc öhdəlikləri kəskin şəkildə böyüyərək təhlükəli həddi 36 milyard manata yüksəlib. Debitor borc məbləği isə 18 milyard manata qalxıb. Ümumi tutumuna görə 2016-cı ildə dövlət büdcəsi 2015-ci ilin büdcəsindən 6 milyard, 2014-cü ilin büdcəsindən isə 13 milyard dollar az olub. Ölkə iqtisadiyyatının hansı fəlakətli hala düşdüyünə şəhadətlik edən bu rəqəmləri siyahısını artırmaq da olar. Cənab Əliyev ölkəni məhz, niyə və hansı yolla bu günə saldığının izahatını vermək əvəzinə, 2017-ci ilin qış vaxtına düşən yanvar – fevral aylarında kənd təsərrüfatında 3 faiz artıma nail olmasından fərəhlə danışır.
Və ən nəhayət: cənab Əliyev daha böyük iddialarla bəyan edir ki, Azərbaycanda ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. “Biz bu gün bir nümunə göstəririk – ölkəni necə idarə etmək lazımdır?” Görünür, bu idarəçiliyin nəticəsində ölkənin 23 ildir işğal altında olan ərazilər düşmən tapdağından azad edilib, amma Azərbaycan xalqının bundan xəbəri yoxdur. Görünür, cənab Əliyev 8 milyard dollar vəsaiti Avropa oyunları kimi mənasız tədbirlərə xərcləyib milyon yarım pensiyaçıya orta hesabla ayda 108 dollar ətrafında pensiya verməklə dünyaya nümunə göstərir.
Son ayların məhkəmlərdə ölkənin aparıca nazirlliklərində korrupsiya kassalarının yaradılması, dövlət satınalma və xidmətlərin qiymətinin yarıba-yarı şişirdilməsi, xaricdən alınan dəmir yol avadanlığının öz qiymətindən 5 dəfə artıq sənədləşdirilməsi büdcə talançılığı da dünya üçün pis nümunə deyil. Ölkəni davamlı siyasi məhbus düşərgəsinə çevirmək, gənclərin və siyasi əleydarların narkotika ittihamı ilə şərlədib tutdurulması, multukulturalizm haqqında təntənəli bəyanatlar verib ölkə dindarlarının kütləvi şəkildə saxta ittihamlar əsasında mühakimə etdirilməsi də dünya üçün tolerantlıq nümunəsi sayıla bilər. Bəlkə, cənab Əliyev ölkənin ən gəlirli sahələrini öz ailə üzvləri, yaxın qohumları və ətrafına verməyin nümunəsini bütün dünyaya yaymaq istəyir ki, başqa ölkələr də yubanmadan öz xanımlarını birinci vitse–prezident təyin edib ailə-klan hakimiyyəti yaratmağın, vərəsəlik şəcərəsi üzrə monarxiyaya yol açmağın nümunəsini cənab Əliyevdən öyrənsinlər? Axı, bu da bir nümunədir.


  • Yazılıb
  • da (də) 2017 Apr 04
  • Göndərən مدير سايت Aran News