Tarix : 2017 Apr 05
Kod 51469

İlqar Məmmədovun səhhəti tam düzəlməyib

Həbsdəki REAL sədrinin Ağrıları tam keçməsə də, heç olmasa bir qədər hərəkət edə bilir.
Arannews- Vəfa Məmmədova: “Ağrıları tam keçməsə də, heç olmasa bir qədər hərəkət edə bilir”
Daha öncə də xəbər verdiyimiz kimi, həbsdə olan REAL sədri İlqar Məmmədovun səhhətində ciddi problemlər yaranıb. Onun hazırkı durumunun nə yerdə olması ilə bağlı danışan xanımı Vəfa Məmmədova bildirib ki, İ. Məmmədovun vəziyyəti bir qədər yaxşılaşıb: “Ağrıları tam keçməsə də, heç olmasa bir qədər hərəkət edə bilir. Onunla bu həftə görüşməsəm də telefonla danışmışam. Bildirdi ki, bir qədər vəziyyəti düzəlib. Aprelin 4-də İlqar bəyin yanına Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən getməli idilər. Hələ ki bu barədə xəbərim yoxdur. Onların özlərinin həkimləri var, İlqar Məmmədovu müayinə edəcəklər. Düzdür, həkim sırf olaraq bel həkimi deyil. Ancaq hər halda, həkimdir də, gedib yoxlayar, müəyyən köməklik edər”.
İlqar Məmmədovun vəkili Cavad Cavadov “Amerikanın səsi”nə bildirib ki, martın 29-da 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşüb.
 “İlqar Məmmədovun bel ağrıları nisbətən sakitləşsə də yenə də qalır. O mənimlə görüşə də gec gəldi. Çünki hərəkət etməkdə çətinlik çəkir”, deyə vəkil bildirib.
Martın 24-də İlqar Məmmədovu Ədliyyə Nazirliyinin Tibb Xidmətinin nümayəndəsi Şamil Aydəmirov və bir tibb işçisi müayinə edib və ağrıların kəskin osteoxondrozdan yarandığını bildiriblər.
Qeyd edək ki, REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kasasiya şikayətini təmin etməyib. Avropa Şurası Nazirlər Komitəsi 2016-cı il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.


  • Yazılıb
  • da (də) 2017 Apr 05
  • Göndərən مدير سايت Aran News