Tarix : 2017 Apr 08
Kod 51480

Tale Bağırzadə 8 aprel mitinqində iştiraka çağırdı: “Yumruq tək bir olub, birgə mübarizə aparmalıyıq”

Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə 8 aprel mitinqində iştiraka çağıran müraciət edib.
Arannews-Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə 8 aprel mitinqində iştiraka çağıran müraciət edib. Yaxınlarının azadliq.info-ya göndərdiyi müraciəti təqdim edirik.
Ey əziz və möhtərəm xalqım!
Bu zalım rejim bizləri sizlərdən ayıraraq, zindanlara məhkum etsə də, düşüncələrimizin, sözlərimizin, sizə olan səmimi sevgi və məhəbbətimizin qarşısını heç vaxt ala bilməyəcək. Bu rejim anlamır ki, bizim şərəf və izzətlə apardığımız AZADLIQ mübarizəsi bizim üçün azadlığın özündən belə şirindir. Ona əmin olun ki, qaranlıq işığı məhv edə bilmədiyi kimi, bu yaramaz rejim də bir gün bizim şərəfli dirənişimiz, mübarizəmiz qarşısında mütləq bitəcək!
Ey dəyərli bacı və qardaşlarım!
Biz hər birimiz fərd olaraq, fərqli düşünə, fərqli baxış və əqidələrə sahib ola bilərik. Lakin bu fərqlilik bizim bir xalq olaraq, birgə mübarizə aparmağımıza mane olmamalıdır. Biz bir yerdə, birgə mübarizə aparmalıyıq. Məmləkətimiz, Vətənimiz üçün; məzlum, kimsəsiz insanlarımızın göz yaşlarını silmək üçün; səhər iş dalınca evindən çıxıb, axşam ümidsiz vəziyyətdə, pulsuz-parasız ailəsinin qarşısına çıxmağa utanaraq, intihar etmək istəyən insanlarımızı xilas etmək üçün; hətta şəhidlərimizin qan pulunu da verməkdən imtina edən rejimə həddini bildirmək üçün; günahsız adamları şərləyib həbsxanalara dolduran rejimə “dur” demək üçün; övladlarımızın xoşbəxt gələcəyi üçün; hakimiyyətin banklar vasitəsilə kredit əsarətinə saldığı cəmiyyətimizin azadlığı üçün; sahibkarlarımızı, iş adamlarımızı müflis edən monopolistlərin cəzalandırılması üçün; “İslam həmrəyliyi ili” elan edən rejimin din pərdəsini yırtmaq üçün; illərdir seçki saxtakarlığı ilə xalqın iradəsini heçə sayan rejimə “yox” demək üçün; talançılığı, korrupsiyanı, cinayətkarlığı dövlət siyasətinə çevirən rejimin vaxtının çatdığını ona bildirmək üçün; bir millət olaraq, öz varlığımızı qəsbkar rejimə hiss etdirmək üçün yumruq tək bir olub, birgə mübarizə aparmalıyıq.
Sonda, bizə inanan, bizimlə birgə mübarizə aparmaq istəyən bacı və qardaşlarımızı demokratik düşərgənin, Milli Şuranın 8 aprel 2017-ci ildə keçirəcəyi icazəli mitinqdə iştirak etməyə çağırıram.
Tanrı sizləri qorusun!
Hörmətlə, Sizin Tale Bağırzadə


  • Yazılıb
  • da (də) 2017 Apr 08
  • Göndərən مدير سايت Aran News