Tarix : 2008 Jun 09
Kod 5150

BANK PREZİDENTİ MTN-də DİNDİRİLDİ

Məlum olub ki, böyük məbləğdə pul terror təşkilatının Avropadakı bank hesablarından birinə köçürülüb
Azerbaijan Servisi/Aran Agentliyi
Türkiyənin üzə çıxardığı bu faktdan sonra kommersiya bankının prezidenti bir həftə istintaq altında saxlanılıb.

Azərbaycanda yüksək mənsəb sahibi olan bəzi çevrələrin PKK ilə işbirliyi haqda redaksiyamıza yeni sensasion məlumat daxil olub. Bank çevrələrindəki mənbələrdən daxil olan məlumata görə, Türkiyənin xüsusi xidmət orqanları Azərbaycandan PKK terror təşkilatına böyük məbləğdə pul ötürülməsi faktını aşkar ediblər. Bu məsələ iki ölkə arasında ən yüksək səviyyədə qaldırılıb. Türkiyə tərəfinin tələblərindən sonra Azərbaycanın xüsusi xidmət orqanları pul köçürülməsi əməliyyatında iştirak edənləri üzə çıxarmaq üçün hərəkətə keçib.
Məlum olub ki, böyük məbləğdə pul terror təşkilatının Avropadakı bank hesablarından birinə köçürülüb. Həmin köçürmə əməliyyatı Bakıdakı kommersiya bankarından biri vasitəsilə (“T... Bank”) həyata keçirilib. Məbləğin nə qədər olduğu konkret bildirilməsə də, söhbətin yüz milyonlarla dollardan getdiyi ehtimal olunur.
Məlumata görə, həmin pulköçürmə əməliyyatını həyata keçirən bankın prezidenti MTN-ə aparılıb və bir həftə orada saxlanılıb. Bank prezidenti dindirmə zamanı əmin edib ki, pulların hara köçürüldüyü haqda onda məlumat olmayıb, sadəcə o, bu işdə kommersiya maraqları olan şəxs kimi iştirak edib. Bank prezidenti iddia edib ki, pulu köçürən adamlar onu uşaqlarını öldürməklə hədələyiblər. Araşdırma zamanı ortaya çıxıb ki, PKK-nın Azərbaycandakı himayəçilərinin topladıqları pulların terror təşkilatına ötürülməsində kifayət qədər yüksək səlahiyyətli şəxslərin də rolu olub. Konkret olaraq bu işdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və “bir nömrəli cangüdən” Bəylər Əyyubovun da adı çəkilir. Dövlət başçısı Türkiyə ilə qalmaqalın yaranmasının qarşısını almaq üçün Əyyubovu bir müddət ev dustağı etdiyi də deyilir.
 
  • Yazılıb
  • da (də) 2008 Jun 09