Arannews- Aprelin 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Azadlıq” qəzetinin maliyyə direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirliyə qarşı yeni ittihamlar elan olunub. bu barədə vəkil Fəxrəddin Mehdiyev bildirib.
Onun sözlərinə görə, istintaq orqanı Faiq Əmirlinin Cinayət Məcəlləsinin 213.1 ci maddəsi (vergidən yayınma) və 308.2-ci maddəsi (vəzifə səlahətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib.
Vəkil deyib ki, Faiq Əmirli ittihamı qəbul etməyib və ifadə verməkdən imtina edib.
Mehdiyevin sözlərinə görə, istintaq orqanı yeni ittihamlarla Faiq Əmirliyə qarşı ittihanın həcmini genişləndirib. “Əgər, əvvəlki ittiham az ağır cinayətlərə aid idisə, yeni ittihamlar ağır cinayətlər kateqoriyasına aiddir”, o qeyd edib.
Vəkil Faiq Əmirliyə qarşı bundan öncə irəli sürülmüş ittihamın icraatının dayandırılacağını düşünür.
F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin milli, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunub.
O bu ittihamları rədd edib, “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirib. Əmirli həbs edildikdən sonra qəzetin çapı dayanıb. Belə ki, qəzetin bank hesabında maliyyə direktorunun imzası təsdiq olunub, bank digər imzanı qəbul etməyib.
Faiq Əmirliyə qarşı vergi ittihamı irəli sürülməsə də istintaq orqanının təklifi ilə “Azadlıq” qəzetinin 2010-2016-cı illər fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilib. Qəzetin əməkdaşlarının əksəriyyəti Baş Prolurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.