Tarix : 2017 Apr 20
Kod 51539

Azərbaycanda İş yerlərinin sirri

Deyir, ilin ilk 3 ayı ərzində 85 min yeni iş yeri açılmışdır. Ancaq işsiz zəhmətkeşlərimiz ha baxırlar, bu iş yerlərini görə bilmirlər.
Arannews- İş yerlərinin sirri
Deyir, ilin ilk 3 ayı ərzində 85 min yeni iş yeri açılmışdır. Ancaq işsiz zəhmətkeşlərimiz ha baxırlar, bu iş yerlərini görə bilmirlər.
Hərəniz öz yaxın çevrənizə nəzər salsanız (əlbəttə, burada xoşbəxt zəhmətkeşlərdən - iş tapanlardan söhbət gedir, işsizlərdən çevrələrinə baxmağı istəyəcək qədər qanacaqsız olmadıq) xeyli işsiz görəcəksiniz. Misal üçün, mənim bu dəqiqə şəxsən tanıdığım 2 müəllim, 1 texnoloq, 3 iqtisadçı, 3 fəhlə, 2 mühəndis, 2 həkim işsizdir. Neft gəlirləri aşağı düşənə qədər bu cür insanların hərəsi müəyyən bir yerdə başını qatırdı. Biri parkda qoruq çəkirdi, başqası həmin parkı remont edirdi, bir ayrısı həmin parkın remontu üçün ayrılan dövlət vəsaitini şişirdib dolanırdı və sairə. İndi isə müftə gəlirlər və onların süfrə artıqlarında ciddi azalma var. İşləmək lazımdır. Bu baxımdan, 85 min yeni iş yeri xalqımıza hava-su kimi gərəkdir. Bəs o zaman bu rəqəmlərin uydurma olduğunu, propaqanda üçün səsləndiyini deyə bilərikmi?
Qətiyyən. Bizim hakimiyyətə yüksək etimadımız vardır. Yenə bunlar yeyib doyublar. 1492-ci ildə Kolumb Amerikaya gəlmişdi, gördük də!? 1893-cü ildə birja iflasa uğramışdı, ABŞ-da iqtisadiyyat tənəzzülə uğramışdı. Bəs o zaman biz ilin əvvəlindən bəri açılan həmin 85 min yeni iş yerini - sözgəlişi, 85 müqəddəs rəqəmdir - niyə görmürük? Çox sadə səbəbdən: bunlar gözəgörünməz iş yerləridir! Yeni texnologiya ilə açmışıq. Elə dünən istefa verən Rabitə Nazirliyi Yüksək Texnologiya Parkının müdiri Seymur müəllimin hərəkəti də bu üsulla əlaqədardır. İz azdırırıq. O qədər düşmən var, biri elə ermənilər. Əgər onlar bizim yeni iş yerlərimizin ünvanlarını bilsələr, dərhal həmin yerləri qaralamaq və hətta mümkündür ki, gəlib o nöqtələri tutmaq istəsinlər! Son aylar xeyli Ermənistan vətəndaşının Bakıya axışması təsadüf deyildir. Ona görə də dövlət rəhbərliyi yeni iş yerlərini xüsusi rejimlə qoruyur, gizli saxlayır, iş yeri açanları tuturlar. Son cümlə ikibaşlı alındı, yəni iş yeri açan deyərkən iş yerlərinin yerini açanlardan söhbət gedir. Hətta Dövlət Təhlükəsizlik Xidmətində, müvafiq hüquq-mühafizə orqanlarında iş yerləri sirrinin xüsusi mühafizəsi xidməti vardır. Bunun özü də dövlət sirridir, hər adama deməyin, mən böyük risk elədim bunu yazdım. Məsləhətdir yazını oxuyandan sonra qəzeti yemək - düşmən əlinə sirlərimiz keçməsin...

Z.Hacı/musavat


  • Yazılıb
  • da (də) 2017 Apr 20
  • Göndərən مدير سايت Aran News