Tarix : 2017 Apr 20
Kod 51541

Milli Şura sədri Faiq Əmirliyə qarşı yeni ittihamların irəli sürülməsinə münasibət bildirib

Bunun üçün çox abırsız olmaq lazımdır.
Arannews- Azərbaycan Milli Şura sədri Cəmil Həsənli “Azadlıq” qəzetinin direktoru Faiq Əmirliyə qarşı yeni ittihamların irəli sürülməsinə münasibət bildirib:
 
““Azadlıq” qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi ötən ilin yayında “Gülənçi” imamı adı ilə tutulmuş Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb. Böyük bir əməliyyat keçirib Faiqin maşının yük yerinə Fətulla Gülənin YAP rəhbərliyinə daxil olan şəxslər tərəfindən nəşr olunmuş kitablarını yerləşdirən və bu zəmində onu Gülən imamı adı ilə həbs edən hüquq mühafizə orqanları indi onu Cinayət Məcəlləsinin 213.1 ci maddəsi (vergidən yayınma) və 308.2-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib. Çox qəribə bir mənzərə yaranır 8 aydan çox adamı tamamilə aidiyyəti olmayan dini moizələrdə ayriseçkilik salmaq ittihamı ilə həbsdə saxlayıb heç bir sübut ortaya qoya bilməyəndən sonra yeni ittiham elan edilir.
Zatən əvvəldən də Faiq bəyi “Azadlıq” qəzetini susdurmaq üçün həbs etmişdilər. Sadəcə olaraq həmin vaxt Azərbaycan hakimiyyəti çoxgedişli əməliyyat hazırlayıb həm qəzeti bağlamaq, həm də imkan düşmüşkən AXCP-ni heç bir aidiyyəti olmayan gülənçi “əməliyyatına” qoşmaq istəyirdi. Türkiyə tərəfi öz kanalları ilə hakimiyyətin qəsdən müxalifəti gülənçi elan etməsinin “sirlərini” öyrəndikdən sonra bu rüsvayçı plan iflasa uğradı. Faiq Əmirliyə qarşı heç bir əsası olmayan yeni ittihamların irəli sürülməsi hay-küylü gülənçi həbslərinin rəsmən iflasa uğraması ilə bağlıdır. Bir ildə yalnız bir şirkət vasitəsi ilə ofşor hesablara ölkədən mənimsənilən bir milyard avro pulu köçürənlər ödəmə qabiliyyətini “itirdiyi” üçün həmin şirkəti 31 milyon manat vergi borcundan azad edib Faiq Əmirliyə qarşı vergidən yayınma ittihamı irəli sürür. Bunun üçün çox abırsız olmaq lazımdır”.


  • Yazılıb
  • da (də) 2017 Apr 20
  • Göndərən مدير سايت Aran News