AraNnews- ANS-ə görə prokurorluğa müraciət edilib. “ANS-lə durum gərgin və arzuolunmazdır. Qarşı tərəf faktları düzgün ifadə etmir”.
Bunu “Turan” Agentliyinə Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib.
O, deyib ki, ANS Zoologiya İnstitutunun yerləşdiyi binada 3000 kvadrat metr qeyri-yaşayış sahəsini tutub.
“ANS-in Dövlət Əmlak Komitəsi ilə bağladığı icarə müqaviləsi 2016-cı il oktyabrın 1-dən qüvvədən düşüb. Bu sahənin 1000 kvadratmetrinin qapıları istintaq orqanı tərəfindən möhürlənib və polis nəzarətindədir. Qalan 2000 kvadrat metr ərazidən isə ANS əmlakını çıxarmır. Əvvəllər ANS rəhbərliyi telefona cavab verirdi və əmlaklarını çıxaracaqlarını bildirirdi. Son vaxtlar telefonlarına ümumiyyətlə cavab vermirlər. Belə olan halda biz əmlakın binadan çıxarılmasına kömək etmələri üçün Baş Prokurorluğa müraciət etdik. ANS Baş Prokurorluğa bildirir ki, guya, biz onları binaya buraxmırıq. Bu, həqiqətə uyğun deyil”, - deyə o söyləyib.
O, ümid etdiyini bildirib ki, ANS əmlakını götürüb, icarə və kommunal xərclərini ödəyəcək.
ANS təmsilçilərindən Zoologiya İnstitutunun direktorunun dediklərinə, hələlik, münasibət almaq mümkün olmayıb. Ancaq bundan əvvəl onlar bəyanat verərək zəngin arxiv materiallarına təhlükə yarandığını açıqlamışdılar. Ölkə rəhbərliyinə müraciət edən şirkət təmsilçiləri ölkənin birinci özəl kanalına dayaq durmağı xahiş edirdilər.
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə ötən il iyulunun 15-də dövlət çevrilişinə cəhddən sonra ANS-in efirində həmin hadisələrdə adı hallanan Fəthullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia etmişdi. Həmin ayın 18-i saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırmışdı.
Şura daha sonra ANS-ə 2013-cü ildə verilmiş lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmişdi. Məhkəmə də iddianı təmin edib. Üstəlik, Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.
ANS rəhbərliyi həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.
ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.