Tarix : 2017 Apr 23
Kod 51554

Ərdoğanın demokratiyanın üzünə çəkdiyi ülgüc

Türkiyədə referendum R. T. Ərdoğanın xeyrinə başa çatdı. Ancaq səslərin sayılmasındakı sürət çoxlarını heyrətə saldı.
AranNews - Redaksiyamız “Diplomasiyi-İran” qəzetində Türkiyədə Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı keçirilən referendum haqqında yer almış təhlili təqdim edir.
Türkiyədə referendum R. T. Ərdoğanın xeyrinə başa çatdı. Ancaq səslərin sayılmasındakı sürət çoxlarını heyrətə saldı. Referendumun vaxtı bitməmiş rəsmi mənbələr səsləri saymağa başlamışdı və onun nəticələri haqqında məlumatlar yayırdılar. Bu məsələ bir sıra ictimai fəalların və müxalifət partiyalarının etirazına səbəb oldu. Onlar dövləti bu işlə referendumda “bəli” səslərinə təsir göstərməkdə ittiham edirdilər. Bu nəticələr referendumun sonuna kimi qorundu, baxmayaraq ki, səslərin sayılmasının ilk saatında elan olunan qətiyyətlə olmadı. “Bəli” tərəfdarları sonda təqribən 1, 300000 artıq səslə seçkiləri qazandılar. Maraqlısı budur ki, yerli vaxtla saat 20:00-dək səslərin nəticəsi məlum idi və hamı baş nazir Binəli Yıldırımın “bəli” tərəfdarlarının qələbəsini rəsmi surətdə açıqlamasını gözləyirdi. Saat 21:30-da B. Yıldırım Türkiyə televiziyasından referendumun nəticələri və “bəli” tərəfdarlarının qələbəsini elan etdi.

Müxalifətin şübhəsi
Amma macara bununla bitmədi. “Euronews” televiziya kanalı müxaliflərin referendumda saxtakarlığa yol verilməsi iddiası ilə çıxış etdiyini və seçkilərin nəticələrini tanımadığını bildirdi. Cümhuriyyət Xalq Partiyası elan etdi ki, təqribən 1 milyon möhürsüz bülleten seçki məntəqələrinə aparılıb və “bəli” tərəfdarlarının xeyrinə olaraq qutulara salınıb. Ədalət və İnkişaf Partiyasının əsas müxalifi hesab edilən CHP-nin referendumda saxtakarlıq olunması barədə bəyanatla çıxış etməsindən sonra məsələ ciddiləşdi və sözügedən müxalifət partiyası referendumun nəticəsinin ləğv edilməsini tələb etdi. “Associated Press”-də dərc edilən xəbərdə CHP-nin sədr müavini referendumda saxtakarlığa yol verilməsini əsas gətirərək Ali Seçki Komissiyanın (YSK) referendumun nəticəsini ləğv edilməsini istədi. Partiya rəsmisinin sözlərinə görə bu səsvermə barədə söz-söhbətlərə son qoymaq və xalq arasında yaranmış şübhəni aradan qaldırmaq üçün yalnız bir yol vardır və o da YSK-nın referendumun nəticələrini ləğv etməsidir.
Ali Seçki Komissiyanın (YSK) üzərində rəsmi möhür olmayan bülletenləri etibarlı sayması Türkiyənin müxalifət partiyalarının qəzəbinə səbəb olmuşdur. CHP-nin sədr müavini bildirdi ki, YSK-nin məsul şəxsləri etibarsız səsləri sayını müəyyən edə bilmirlər.
Müxalifətçilərin sözü ilə desək, saxtakarlıq baş tutması üçün Türkiyənin Ali Seçki Komissiyası (YSK) səsləri dəyişdirməyi qabaqcadan qərara almışdır. Türkiyədə səs bülletenlərinə adətən, rəsmi möhür vurulur. Ancaq YSK gözlənilmədən möhürsüz bülletenləri etibarlı saydığını elan edib.
CHP müxalifət partiyası vurğulayıb ki, YSK referendumdan saxtakarlığa icazə verməklə öz qanununu tapdalayıb.

Kürdlər “bəli” dedilər
Məlumatlar göstərdi ki, Türkiyənin İstanbul və Ankara kimi böyük və əsas şəhərləri referenduma mənfi səs veriblər. Halbuki, ölkənin şərq və cənub bölgələri qutuya “bəli” səsləri atıblar. Kürdlər məskunlaşmış regionlarda “bəli” səslərinin çoxluğu bir çoxlarının heyrətinə səbəb oldu. Bəzi ekspertlərin fikrincə, kürdlər məskunlaşmış bölgələrdə kürdlərdən başqa millətlər, o cümlədən türklər də yaşayır. Lakin bəzi ekspertlərin də təhlilində vurğulanır ki, kürdlər məskunlaşmış məntəqələrin əhalisi bu bölgələrdə qarışıqlıq yaranacağından ehtiyatlanır və iqtidarlı bir dövlətin onların təhlükəsizliyini təmin edə biləcəyinə inanırlar. Bu məsələ onlar üçün ən önəmli bir mövzudur. Kürdlərin kütləvi surətdə məskunlaşdığı cənub əyalətlərdə bir ilə yaxındır ki, ağır xaos şəraiti hökm sürür. Bu məsələ əhalinin adi həyat tərzini pozmuşdur. PKK yenidən əlinə silah almışdır və Türkiyə ordusuna qarşı müharibədə bu bölgələrdən səngər kimi istifadə edir. Bəzən də bu məntəqələrdən ordu və hökumətə zərbə vurmaq məqsədilə istifadə edir. Bu mövzu həmin məntəqələrin narahatlığına səbəb olmuşdur.
Küçə qarşıdurmaları
Ərdoğan referendumda qələbəsini qeyd etmək üçün öz tərəfdarlarını meydanlara çıxartmış və qələbə bayramı etdiyi bir surətdə müxaliflər də həmin referendumun nəticələrinə etiraz edir və meydanlara çıxmışlar. Bu mövzu referendumun nəticələrinin tərəfdarları və müxalifləri arasında qarşıdurmaya gətirib çıxarmışdır. Müxalifətin referendumun nəticələrini şübhə altına salması və onda saxtakarlığa yol verilməsini elan etməsinin ardınca məsələ daha da ciddiləşmişdir, “bəli” və “xeyr” tərəfdarları arasında fiziki qarşıdurmanın yaranacağı qorxusu yaranmışdır. Dövlət küçə və meydanlarda bu hiddətin yaranmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət müddətini uzatmışdır.
Bazar günü baş tutmuş aksiyadan çəkilmiş videoda bir nəfərin Ərdoğanın tərəfdarları tərəfindən təqib edilməsi və onun tutularaq döyülməsi göstərilir. Digər bir xəbərdə isə etiraz aksiyasında iştirak edənlərdən dörd nəfərinin həbs edilməsi vurğulanır. Etirazçıların fikrincə, referendumun nəticələri etibarsızdır. Onlar təkid edirlər ki, nəticələr saxtakarlıq edilməsi, qorxu və xaos yaradılması ilə qazanılmışdır.
“Daily Mail” nəşrinin yaydığı məlumata görə Türkiyədə referendumun nəticələrinə etiraz edənlər qazanlara döyməklə öz etirazlarını nümayiş etdiriblər. Bəziləri də “Oğru, qatil Ərdoğan” plakatları qaldırıblar.

Almaniya və Fransanın referenduma münasibəti
Almaniya kansleri Angela Merkel Türkiyədə konstitusiya dəyişikliyi referendumunun ardından Ərdoğana ölkə daxilində “qarşılıqlı dialoq” çağırışı edib. “İSNA”-nın Fransa mətbuatına istinadla verdiyi məlumata görə Almaniya kansleri və xarici işlər naziri Siqmar Qabrielin ortaq açıqlamasında deyilir: “Almaniya hökuməti Türkiyə hökumətinin bütün siyasi və sosial qruplarla qarşılıqlı dialoq axtarışında olmasını gözləyir. Türkiyə ilə ən yaxın zamanda ikitərəfli danışıqlar aparılmalıdır”. Birgə bəyanatda həmçinin deyilir: “Almaniya hökuməti Türkiyədəki referendumun rəsmi olmayan nəticələrini diqqətdə saxlayır, türk xalqının konstitusiya haqqındakı qərarına sayğı duyur”. Əlbəttə, Markel və Qabrielin ortaq bəyanatında Türkiyə toplumunun bölünməsinə də toxunularaq vurğulanır: “Referendumda alınan nəticə Türkiyə toplumunun nə qədər bölünmüş olduğunu göstərir. Bu vəziyyət Türkiyə hökuməti və prezident Ərdoğan üçün böyük cavabdehlik mənasına gəlir”.
Avropalıların çoxu Türkiyədə baş tutan referendumla müxalifdirlər və onu Türkiyədə yeni diktatorluğun başlanğıcı hesab edirlər.

Ərdoğanın şöhrətpərəstliyi davam edir
Ərdoğan bu referendumdan qələbə qazandıqdan sonra öz məqsədlərini həyata keçirmək ardıncadır. Onun məqsədlərindən biri də ölkədə edam hökmünü bərpa etməkdir. Ekspertlərin bir çoxunun fikrincə, Ərdoğanın edam hökmünü yenidən bərpa etmək istəməsində məqsədi çevrilişçilərdən və öz müxaliflərindən intiqam almaqdır. Ərdoğan qələbəsi münasibətilə etdiyi çıxışda dedi: “Mən edam hökmünün yenidən bərpa edilməsi üçün baş nazir Binəli Yıldırımla və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri ilə danışıqlar aparacağam. Parlament bu layihəni mənə təqdim edərsə, onu təsdiq edəcəyəm. Parlament bu məsələni dəstəkləməzsə, onda bu mövzu barədə ayrı bir referendum təşkil oluna bilər”.
Prezidentinin bu addımı Türkiyənin Avropa Birliyinə üzv olmaq arzusuna son qoya bilər. Hal hazırda da Türkiyənin AB-nə üzv olmaqla bağlı müzakirələr çox ləng gedir. Türkiyədə uğursuz hərbi çevrilişdən sonra 2016-cı ilin noyabr ayında AB bu ölkəni çevrilişçilərə qarşı həddindən artıq təzyiq göstərilməsini əsas gətirərək, Türkiyənin AB-nə qoşulması prosesini dayandırdı.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Türkiyədə edam hökmünün qaytarılmasına münasibət bildirərək deyib: “Bu məsələ Türkiyənin Avropa Birliyinə qoşulmasına təlaşlarında qırmızı xəttdir. Türkiyə edam cəzasını bərpa etsə, biz də müzakirə prosesini anındaca dayandırarıq. Edam cəzasını tanıyan bir ölkənin Avropa Birliyində yeri ola bilməz”.
Mənbə:əlvəqt

  • Yazılıb
  • da (də) 2017 Apr 23
  • Göndərən مدير سايت Aran News