İmam Kazimin (ə) şəhadət gecəsi və Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik gününün uca tutulması münasibətilə Təbrizin Ayətullah Şəhidi məscidində mərasim keçirildi.
AranNews – Mərasimdə höccətül-islam vəl-müslimin Cəlali İmam Musa Kazimin (ə) həyatından danışaraq dedi: “Harun ər-Rəşid və Abbasi hökuməti şiələrin İmam Musa ibn Cəfərdən (ə) faydalanmaması üçün həzrəti sürgün etdilər, uzun illər boyu zindanda ağır şəraitdə saxladılar, yanına heç kəsi buraxmadılar. Ancaq həzrət zindan mühafizəçilərini və rəhbərlərini öz təsiri altına salır və böyük missiyasını həyata keçirirdi. Şiələr zindandan onun təlimlərini alır və fasiq hökumətə qarşı mübarizə edirdilər”.
Xətib nitqinin davamında cəmiyyətinin çoxu şiə olan Azərbaycan Respublikasında islamçıların və fəal dindarların həbs edilməsinə toxunaraq dedi: “Azərbaycanın hökumətindən istəyirik ki, tarixdən ibrət alaraq dindarları sıxışdırmaqdan əl çəksin. Azərbaycan elə bir ölkədir ki, onun əhalisi kommunistlərin hakimiyyətinin ən yüksək bir zamanında gecə vaxtları Əhli-Beytə (ə) əzadarlıq etmiş və bu mədəniyyətin məhv olmasına icazə verməmişdir. İndi də təzyiqlər qarşısında geri çəkilməyəcək”.
Höccətül-islam vəl-müslimin Cəlali çıxışının davamında dedi: “Təəssüflər olsun ki, son günlərdə Azərbaycan Respublikasından məscidlərin sökülməsi kimi yenə acı xəbərlər eşidilir. Əminik ki, Azərbaycan şiələri məscidlərin dağıdılmasına müqavimət göstərəcək və bu müqəddəs məkanların sökülməsinə icazə verməyəcək”.
Xətib Azərbaycan Respublikasının prezidentinə də səslənərək dedi: “Ali Məqamlı Rəhbərin Tehranda sizə dediyi kimi sizin, ölkənizin və hökumət aparatınızın məsləhəti dindarlar üçün azad şərait yaratmaqdadır”.