İmam Musa Kazimin (ə) şəhadət gecəsi və “Azərbaycan Respublikasının İslamçı Məhbusları ilə Həmrəylik Günü” mərasimi Təbrizin İmam Sadiq (ə) məscidində keçirilib.
AranNews – İzdihamlı mərasimdə höccətül-islam Qaffarzadə, Harun ər-Rəşidin xilafəti zamanı İmam Musa ibn Cəfərin (ə) mübarizə metodlarından danışaraq deyib: “Harun, şiələrə qarşı təzyiq və onları qətlə yetirməkdə öz ata-babalarını da ötmüşdü. Elə buna görə də İmam Kazimi (ə) Bağdad yaxınlığında bir qalada həbs edərək, həzrəti tək-tənha saxlayırdı ki, şiələrin İmamla görüşü mümkün olmasın”.
Xətib əlavə edib: “Bu günləri də dünyanın müxtəlif yerlərində öz dinini azadcasına yerinə yetirmək istəyən dindar müsəlmanlara qarşı təzyiqlər var. Bunun bariz nümunəsini Azərbaycan Respublikasında görmək olar”.
Azərbaycanda İslam və şiə məktəbinin keçmişinə toxunan natiq, ölkənin bugünkü vəziyyətini də təhlil edərək vurğulayıb: “Qədim zamanlardan İslam və şiə məzhəbinin ardıcılları yaşayan bu ölkədə bir neçə ildir ki, dini hərəkatlara qarşı çıxılır, dindarlar sıxışdırılır. Bu istiqamətdə ölkədə homoseksualların paradının və Eurovision müsabiqəsinin keçirilməsinə etiraz edən möminlər zindana salınmışdır. Həmçinin təhsil mərkəzlərində hicab qadağasına etiraz edənlər də ağır təzyiqlərlə qarşılaşmışdır. Bunun nümunəsi olaraq Hacı Mövsüm Səmədovun həbs edilməsini və həbsxananın içərisində onun karsa salınması kimi müxtəlif təzyiqləri göstərmək olar”.
Höccətül-islam Qaffarzadə çıxışının davamında deyib: “Azərbaycanın hökumət aparatı bilsin ki, Harun ər-Rəşidin İmam Musa Kazimə (ə) qarşı təzyiqləri Əhli-Beyt (ə) məktəbinin genişlənməsinə mane ola bilmədiyi kimi sionist rejimin diktə etdiyi anti-din hərəkətlər də Azərbaycanda təsirsiz olacaq. Tarixdən ibrət almaq lazımdır”.
Mərasimin davamında İmam Kazimin (ə) şəhadəti münasibətilə Ərdəbilin tanınmış məddahı Məhəmməd Baqir Mənsuri mərsiyə və rövzə oxuyub.