Tarix : 2017 Apr 27
Kod 51579

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb.
arannews APA-ya istinadən məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayətlər təmin edilməyib.
 
 Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin ötən il mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və C. Hüseynov azadlığa buraxılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.
  • Yazılıb
  • da (də) 2017 Apr 27
  • Göndərən مدير سايت Aran News