Tarix : 2017 Apr 29
Kod 51586

İşdən çıxarılan Neftçala cəbhəçiləri etiraz aksiyası keçirdi

İşlədikləri məktəbdən siyasi mövqelərinə görə işdən çıxarılan AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə aprelin 28-də buna etiraz olaraq aksiya keçiriblər. Onlar Neftçala rayon Təhsil Şöbəsinin qarşısında əllərində şüar tutaraq, işdən çıxarılmalarının siyasi motivli olduğunu bildiriblər və rayonda AXCP-yə qarşı təqiblərə son qoymağı tələb ediblər.
Arannews.com nuraz-a istinadən:  «Aprelin 27-də məni də, xanımımı da işlədiyimiz məktəblərdə müəllimlikdən azad etdilər». Bunu Azadlıq Radiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədzadə bildirib.
Onun deməsinə görə, aprelin 25-də rayon təhsil şöbəsinə çağırılıb. Ondan Milli Şuranın bu il aprelin 8-də keçirdiyi icazəli aksiyada iştirak edib-etmədiyi barədə soruşublar: «Mən də cavab verdim ki, iştirak etməmişəm. Ondan sonra izahat tələb etdilər, izahat yazmaqdan imtina etdim. Tələb edirdilər ki, AXCP-dən istefa verək və mən buna getməyəcəyimi bildirdim. Dünən (aprelin 27-si) isə məni də, xanımımı da Əmək Məcəlləsinin müvafiq bəndi ilə işdən azad etdilər. Guya əmək müqaviləsinin tələbələrini yerinə yetirməmişəm».

Əflatun Əhmədzadə deyir ki, özü Mayak kənd 1 saylı məktəbdə fizika, xanımı Ülkər Əhmədzadə isə Neftçala şəhər 3 saylı məktəbdə rus dili fənnini tədris edib.
Ə.Əhmədli hesab edir ki, əmək müqaviləsindən irəli gələn tələblərin yerinə yetirilməməsi ilə bağlı göstərilən əsaslar quramadır: «Görünən budur ki, bizi faktiki siyasi əqidəmizə və mənsubiyyətimizə görə işdən xaric edərək cəzalandırıblar. Bunun başqa adı yoxdur. Bu, həm də rayonda partiyamızın fəaliyyətinin zəiflədilməsinə yönələn addımdır».
TƏHSİL ŞÖBƏSİ: «HAKİMİYYƏT ƏLEYHİNƏ DANIŞIBLAR»
İstər 1 saylı Mayak kənd məktəbinin direktoru Elşən Ağalarov, istərsə də Neftçala şəhər 3 saylı məktəbin direktoru Vüqar Dadaşov bu məsələ ilə bağlı suallara cavab verməyiblər. Onlar rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağı məsləhət biliblər.

Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov isə Ə.Əhmədli və xanımı Ü.Əhmədlinin işdən çıxarılması ilə bağlı qərarı məktəblərin verdiyini deyib: «Bu qərar hər iki məktəbin pedaqoji şuralarının, həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib. Təhsil şöbəsi də bunu əsaslı sayıb. Hər iki şəxsin məktəbdə müəllimlikdən azad olunmasına bir neçə səbəb olub. Həm əmək intizamını pozublar, həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm də hakimiyyət əleyhinə danışıblar. Halbuki siyasi baxışlar məktəbdə ifadə edilə bilməz, bundan kənarda olmalıdır. Belə prinsiplərə əməl etmədilər, nəticədə də məktəblər bu qərarı verməli oldular»
  • Yazılıb
  • da (də) 2017 Apr 29
  • Göndərən مدير سايت Aran News