Nardaran hadisələri zamanı güllələnərək hərəkət qabiliyyətini itirən, bir ildən artıq həbsdə saxlandıqdan sonra barəsindəki qətimkan tədbiri dəyişdirilən Əbülfəz Bünyadovun ən yaxın qohumlarını belə onun evinə buraxmırlar.
Arannes- Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilən Əbülfəz Bünyadovun evinin qapısında polis postu qurulub, evə gələnləri içəri buraxmırlar. Hətta Bünyadovun anası, həyat yoldaşı evdən çıxıb geri qayıdanda onlardan şəxsiyyət vəsiqəsi tələb olunur. Bu haqda “Azadlıq”a Əbülfəz Bünyadovun vəkili Yalçın İmanov məlumat verib.
Vəkilin özünü də Əbülfəz Bünyadovun yanına gələrkən qapıda saxlayıblar: “Bir müddət saxladılar, sənədlərimə baxdılar, harasa zəng elədilər, sonra buraxdılar”.
Vəkilin sözlərinə görə, Əbülfəz Bünyadovun aşağı ətraflarında hissiyyat yoxdur, o, bir neçə nəfərin köməyi ilə bir tərəfdən o biri tərəfə çevrilir. Hər gün tibb bacısının köməyi ilə sarğısı dəyişdirilir. Bu gün tibb bacısı gələndə onu da saxlayıblar: “Qadın elə qorxub ki, bir daha gəlib sarğını dəyişməkdən imtina edib. Deyib ki, özünə problem yaratmaq istəmir”.
Yalçın İmanov deyir ki, Əbülfəz Bünyadov dekabrda həbsdən buraxılandan sonra evinin qarşısında polislər nəzarət edib. Amma daha bu şəkildə yoxlama olmayıb. Ailə üzvləri deyib ki, təxminən 15 gün əvvəl vəziyyət belə olub: “Nardaran hadisələrinə görə 19 il həbs cəzası alan Cabbar Cabbarovun qardaşı Əliəsgər Cabbarovun həbsindən sonra sərtləşmə müşahidə olunub. Əbülfəz Bünyadovun bacısına, onun 18 yaşlı oğluna, qızına belə, sərbəst şəkildə evə daxil olmağa imkan verməyiblər”.
Müdafiəçinin sözlərinə görə, Əbülfəz Bünyadov bütün bu baş verənləri onu intihara təhrik etmək kimi dəyərləndirir: “Çox absurd vəziyyət yaranıb. Adamın öz evinə girib-çıxması üçün ondan sənəd tələb eləmək nə deməkdir? Əbülfəz Bünyadovun ailə üzvləri niyə öz evinə sənədlə daxil olmalıdır? Polislər deyiblər ki, bu cür yoxlama Sabunçu rayonu, 42-ci polis bölməsinin rəisinin tapşırığıdır. Amma qapıda nəzarətçilər arasında polislərlə yanaşı, hərbçilər də var”.
Bu cür davranışın qanunsuz olduğunu deyən vəkil prokurorluğa müraciət edəcək. Çünki Əbülfəz Bünyadovun işi üzrə istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır: “Prokurorluğun cavabından asılı digər hüquqi addımlar atılacaq”.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 2015-ci il noyabrın 26-da Nardaranda əməliyyatı Əbülfəz Bünyadovun yaşadığı evdə keçirib. Həmin vaxt Əbülfəz Bünyadov da daxil olmaqla, təxminən on nəfər güllələnib. İkisi polis, dördü yerli sakin olmaqla, 6 nəfər dünyasını dəyişib. Əbülfəz Bünyadov aldığı xəsarət nəticəsində hərəkət qabiliyyətini itirb, yataq xəstəsinə çevrilib. Ona görə də istintaq başa çatıb, Taleh Bağırzadə və digərlərinin işi məhkəməyə göndəriləndə onun haqqındakı cinayət işi ayrılıb. 13 ay Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandıqdan sonra həbs-qətimkan tədbiri polis nəzarətinə vermə qətimkan tədbiri ilə əvəz olunaraq, evinə buraxılıb./azadliq/