Tarix : 2017 Apr 30
Kod 51589

"Nardaran işi" məhkəməsinin növbəti iclası keçirilib

Nardaran qəsəbəsində baş verən hadisələrdən sonra həbs olunanların məhkəmə prosesi keçirilib.
Arannews-Meydan TV-nin məlumatına görə, iclasda zərərçəkmiş Yusif Qurbanov ifadə verib. 55-60 yaşlarında olan Y.Qurbanov vəkillərin suallarını cavablandırıb. E.Qasımovun hansı ifadələr işlətməsi barədə suala o, “Yadımda deyil, 1 il 6 ay qabaq olub” cavabını verib. Bu zaman vəkil ona “Elə bil ifadənizi əzbərləmisiniz, amma suala cavab verə bilmirsiniz” - deyib.

Vəkillərin suallarına cavab olaraq Y.Qurbanov Elçin Qasımovu uşaqlıqdan tanıdığını deyib və onu müsbət xarakterizə edib. Nədən zərər çəkməsi barədə suala cavab olaraq o, E.Qasımovu saxlayarkən papağının yerə düşdüyünü deyib. Qurbanov heç bir şikayət və tələbinin olmadığını bildirib.

Daha sonra zərərçəkmişə təqsirləndirilən Elçin Qasımov suallar verib: “Düzünü deyirsən, ya suallarla ortaya çıxarım? Olmaz axı belə. Zərərçəkmiş yalan ifadə verib. Məni onlar tutmayıb. Məni Sadiq Heydərov və 3 nəfər gəlib polis idarəsinə dəvət edib. Sizi yalan danışmağa nə vadar edir?”

Y.Qurbanov “Mən düzünü dedim” - cavabını verib.

Elçin Qasımov bildirib: “Hər iki sahə müvəkkilinin ifadəsi eyni formada yazılıb. Ancaq ad və soyad yerlərini boş qoyublar, bunlar da onu doldurub. Mən bu şəxsi axşam idarədə görmüşəm. İkiniz də girdiniz içəri, qorxurdunuz. Məni səninlə “Bandotdel”də üzləşdirəndə dedin: “Mənim əlimdə deyil, yoxsa səni buraxdırardım”. Fərhad Muradov da orada idi. Bu adamı məcbur ediblər, üzümə dayanıb. Onu öyrədiblər. İndi üzümə baxa bilmir, vicdan əzabı çəkir”.

Daha sonra, o, Qurbanova camaatın Məhərrəmlikdə məscidə saat neçədə yığıldığını soruşub, zərərçəkmiş suala cavab verə bilməyib. E.Qasımov deyib: “Məscid olan yerdə xidmət aparırsan, amma bilmirsən camaat Məhərrəmlik məclislərinə saat neçədə yığılır? Camaat axşam 9-un yarısı, 9-da yığılır məscidə”.

Daha sonra o, zərərçəkmişin ifadələri arasında ziddiyyətin olduğunu deyərək, onun ifadəsini elan edib. O, ifadədə onun məsciddə insanlar qarşısında aqressiv çıxışlar etdiyinin yazıldığını deyib.

E.Qasımov bildirib ki, ittiham aktında onun 5 noyabr 2015-ci ildə məsciddən çıxarkən polis əməkdaşı tərəfindən saxlanıldığı yazılsa da, o, həmin gün məsciddə olmayıb. O, zərərçəkmişin yalan danışdığını deyib və ifadəni göstərərək: “Yalan danışırsınız. Sizin qol çəkdiyiniz bu ifadəyə görə nə qədər ailə başsız qalıb. Adamın kişiliyi olar, boynuna alar. Bu adamın boynuna qoyublar hamısını. İfadədəki ziddiyyətə baxın, yazılıb ki, mən səs-küy salmışam, ora yığılanlar bir az sonra dağılışıb gediblər, sonra da yazılıb ki, yarım saat sonra camaat mənə görə yığılıb polis idarəsinin qabağına. Nə oldu bəs sonra idarənin qarşısına yığıldılar?”

Bu zaman hakim Mayıl Bayramov “Deməli, səni çox istəyirlər də”- deyib.

E.Qasımov davam edib: “İnsanlar var ki, siyasi təbliğat aparmaq üçün milyonlar sərf edirlər. Məni tutanda cibimdə ancaq metro kartım olub. Başqa heç nə olmayıb. Mən hər yerə metroyla gedib-gəlmişəm. Biz 1 manat da xərcləməmişik ki, insanlar bizə məhəbbət bəsləsinlər. Bunu edən aləmlərin rəbbi olan Allahdır. Bacardığımız qədər çalışmışıq Allahın yolu ilə gedək. Qəlbləri fəth etmək üçün milyonlara ehtiyac yoxdur, bu cür insanların cisimlərini almaq üçün pula və vəzifəyə ehtiyac var. Bu işin açarı məhz bu məqamdadır. Bu adam həqiqəti desə, nə qədər məsələlərin üstü açılar".

E.Qasımovun: “Sənə bundan sonra polkovnik rütbəsi verməyəcəklər, buna əmin ola bilərsən. İfadəndə daha sonra yazılıb ki, siz mənə yaxınlaşıb Azərbaycan övladı olduğunuzu demisiz, mən də sizə kafir olduğunuzu, cəhənnəmdə yanacaqlarınızı bildirərək zülmə dözməyəcəyimizi, gec-tez sizin başınızı əzəcəyimizi uca səslə deməkdə davam etmişəm. Bu sözləri mən demişəm?” - sualına Qurbanov “Demisən” cavabını verib. E.Qasımov soruşub: “Kafir sözünə görə adamı tutarlar?”

Bu zaman hakim Mayıl Bayramov əlavə edib: ““Cəhənnəmdə yanacaqsan” da demisən”. Bu, zalda gülüş doğurub.

Elçin Qasımov deyib: “Keçən il ölkə başçısı multikulturalizm ili elan etmişdi ölkədə. Bu, o deməkdir ki, kafir də, müsəlman da, münafiq də, bütpərəst də, xristian da bərabər hüquqa malikdir. Niyə idarəyə gedən kimi inzibati protokol tərtib etdin, cinayət işi açılmadı? Polis idarəsində Azərbaycan polisi ayaqqabılarını ağzımıza soxurdu. Mənə orada səhərə qədər işgəncə, tok verdilər. Səhər otağa qaldırdılar, xuliqanlıqla bağlı inzibati protokol qoydular qabağıma, dedim elə şey olmayıb. Sonra apardılar məhkəməyə, mənə 30 sutka inzibati həbs verildi".

İclasda hakim M. Bayramov zərərçəkmişə suallara cavab verməkdə kömək edib. Bu, E.Qasımovun narazılığına səbəb olub, o, hakimə deyib: “Tamaşa qurmusan burada”.

Hakim onun özünün tamaşa qurduğunu deyib. Bu zaman hakim zərərçəkmişdən getməsini istəyib. Zərərçəkmiş zalı tərk edib. Bu, təqsirləndirilən E.Qasımovun etirazına səbəb olub.

Digər təqsirləndirilən Nahid Qəhrəmanov isə deyib ki, hakim müstəqil olmalıdır: “Hörmətli hakim, siz müstəqil olmalısınız, niyə zərərçəkmiş suallara cavab verməyəndə, yalan danışanda hirslənmirsiniz, amma təqsirləndirilən sual verəndə hirslənirsiz?”

Daha sonra iclasda fasilə elan edilib. Fasilə zamanı təqsirləndirilən Ramil Əliyev çıxış edib: “Heç yerdə belə məhkəmə yoxdur ki, hakim təqsirləndirilənlərin qarşısından qaça. Keçən məhkəmədə hakim sözümüzü kəsdi, qaçıb getdi. Gör ölkə nə günə düşüb?! Nə səhiyyədə vicdan var, nə təhsildə. Ölkədə işsizlik baş alıb gedir. İnsanlar əziyyət çəkir. Biz çöldə olanda prezidentə nə qədər məktub yazırdıq, heç biri çatmırdı. Amma buradan birbaşa ölkə rəhbərliyinə, nazir Ramil Usubova, Mədət Quliyevə sözümüzü deyirik. Deyirik, siz haqsızsınız, ətiniz-qanınız korrupsiyaya bulaşıb”.

Fasilədən sonra hakim iclasın mayın 5-də davam edəcəyini elan edib.

E. Qasımov və digərləri 2015-ci ildə saxlanılıblar. Həmin il noyabrın 26-da Nardaranda polislər əməliyyat keçiriblər və Müsəlman Birliyi hərəkatının sədri Taleh Bağırzadə ilə birlikdə bir neçə şəxsi həbs ediblər. Onlar silah saxlama, dövlət çevrilişinə cəhd, terror və digər cinayətlərdə ittiham ediliblər. Həbs olunan şəxslər ittihamı saxta adlandırırlar. T. Bağırzadə hakimiyyəti tənqid edən çıxışlarına görə, həbs edildiyini deyir. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

  • Yazılıb
  • da (də) 2017 Apr 30
  • Göndərən مدير سايت Aran News