Nardaran məhbusu, Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn yaxınları vasitəsilə azadliq-a yazı göndərib. Yazını təqdim edirik:
Arannews.com-İmam Hüseyn əsirlər əvvəl zalım Yezid tərəfindən şəhid edilib əbədiyyətə qovuşsa da, onun eşqi qəlblərdə yer taparaq günbəgün artır, əməllərdə özünü göstərir, aşiqlərini məftun edir. Hüseynin özünə, əqidəsinə, mübarizəsinə aşiq olan insanlar bir çox çətinliklərlə qarşılaşsalar da, verdikləri ilahi imtahanda eşqlərinin həqiqiliyini sübuta yetiriblər. Həqiqi eşqə sahib olanların imtahanları nə qədər çətin olsa da, onları daha da özünə bağlayaraq, əqidələrini möhkəmləndirib. Eşqlərində sadiqlik göstərən aşiqlər cəmiyyətləri üçün fədakarlıq edib, tarixin yaddaşında dərin iz buraxıblar. Hüseynin eşqi insanlara cəsarət bəxş edərək, hər zaman haqsızları, zalım kəsləri, onların qanunsuzluqlarını ifşa edib, daima zalımlara qarşı mübarizəyə səsləyib, qələbə qazanıb. Həmin eşqin daşıyıcılarıdırlar ki, zülmün tüğyan etdiyi yerlərdə Hüseynin missiyasını şövqlə davam etdirmişlər. Həzrəti Hüseynin eşqi daima aşiqlərinin qəlblərində diri qalaraq vicdanlarını ayıq saxlamış, adı belə, qəflətdə yatanları oyatmışdır. Bu eşqə yaşadığımız cəmiyyətdə də zülm edib bədəl ödətməyə çalışırlar. Hüseynin eşqi həmin eşqdir ki, davamçılarına inam dolu mübarizədə avtoritar rejimə qarşı etirazın vacibliyini anladır.
Həzrət Hüseynin hərəkatı cəmiyyətdə haqqın, ədalətin bərqərar olmasının mühümlüyünü bəyan edir. Məzhəb və din sərhədi tanımayanlar belə Həzrət Hüseyndən örnək götürüb, yaşadıqları cəmiyyəti zülmətdən işıqlı sabahlara aparmışlar. Bu məktəb bir çox məmləkətlərdə zaman və məkan tanımadan xalqlara azadlıqlarını qazandırıb. Həqiqətən Hüseynin eşqi bir mayak kimidir. O Həzrətin gəmisi sözsüz ki, özü ilə bərabər olanları fırtınalı dəryalardan keçirəcəkdir.
İmam Hüseyn təkcə Yezidə qarşı deyil, bütün zamanların batil zülmkarlarına, zalım rejimlərinə qarşı olduğundan, onun aşiqləri də hər dövrdə nahaqlara qarşı barışmaz münasibət bəsləyərək, əzmlə mübarizə aparırlar. Bu gün cəmiyyətdə görünən odur ki, iqtidar Yezid hakimiyyəti quraraq, eyni missiyanı davam etdirir, insanlara zülm edir, hüquqlarını kobudcasına pozur. Yezidin dövründə Allahın mübarək evi od vurulub yandırılıbsa, YAP hakimiyyəti dövründə də məscidlər sökülür, mədrəsələr bağlanır, insanların əllərindən zorla malları, mülkləri alınır. Qeyri-müsəlman dövlətlərdə müsəlman xanımlara hicablı şəkilləriylə şəxsiyyət vəsiqəsi verildiyi halda, müsəlman məmləkəti olan Azərbaycanda hicablı xanımlara şəxsiyyət vəsiqəsi verilməsi üçün başlarının açılması tələb olunur. O dövrdə haqqı hayqıran insanlara zindanlarda işgəncə verən Yezid hakimiyyəti kimi bu zamanda da mövcud hakimiyyət “bandotdel”də insanları amansız işgəncələrə məruz qoyur. Hüseyn aşiqlərini və yaxınlarını təhdid və həbs edib, həbsxanalarda karsa salır və xüsusi işgəncə kolonlarına (tubzona) göndərib əziyyət verərək, xəstələndirərək, öldürərək şəhadətə çatdırırlar. Əgər tarixə nəzər salıb müqayisə etsək, görərik ki, Yezid və YAP hakimiyyətləri arasında böyük bənzərlik var.
Əzizlərim, Həzrəti Hüseynin hərəkatının və bu hərəkatın davamçılarının şüarı nədir? Xalqın ədalətli cəmiyyətdə yaşaması uğrunda mübarizə. Ədalətin düşmənləri bilsinlər ki, yel yatar, tufan yatar, yatmaz Hüseynin məktəbi! Bu şüar olmaqla bərəbər həqiqətdir və bizim devizimizdir. Biz susmadıq, həbs etdilər, işgəncə verdilər. Öldürüb şəhid etsələr də, susmayacağıq! Biz Hüseyn məktəbinin məzunlarıyıq. Mübarizədən dönməyəcəyik. Biz öləcəyik, amma mübarizəmiz ölməyəcək. İllərimiz həbsxanalarda keçsə belə, mübarizəmiz daha da genişlənəcək, dirənişimiz əbədiyaşar olacaq. Mübarizəmiz heç vaxt qocalmayacaq. Allah bizləri bu rejimə qarşı mübarizədə sabitqədəm etsin və xalqımıza azadlıq bəxş etsin!
Əziz Hüseyn aşiqləri və Azərbaycan xalqı! Sonda Rəsuallahın nəvəsi Həzrəti Hüseynin mövludu münasibətiylə sizləri təbrik edir, onun əqidəsini dərk edib özünüzdə yaşatmağı diləyirəm. Bu görkəmli şəxsiyyətin dünyaya gəlişi bəlkə də həqiqi ədalətin dünyaya bir daha göz açmasıdır. Ədalətin bərqərar olacağı ümidiylə bayramınız mübarək!