Bu gün, Şaban ayının 4-də, müsəlmanlar imam Əlinin (ə) və Ümmülbəninin oğlu, imam Həsən (ə) və imam Hüseynin (ə) qardaşı, Kərbəlada İmam Hüseyn (ə) dəstəsinin bayraqdarı Həzrət Abbasın (ə) təvəllüd gününü qeyd edirlər.
Arannews.com-İslam.az-ın məlumatına əsasən, Həzrət Abbas (ə) hicrətin 26-cı ilində dünyaya gəlib, çoxlu fəzilətlərinə görə "Əbəlfəzl", yəni fəzilət atası və sahibi ləqəbini qazanıb.
Qısa ömür sürməsinə baxmayaraq, Həzrət Abbas (ə) Allah yolunda misilsiz xidmətlər göstərib. Əlbəttə ki, həyatının kulminasiya nöqtəsi hicri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da Kərbəlada baş verən hadisədir. Minlərlə düşmən tərəfindən mühasirədə olan imam Hüseyn (ə) İslam bayrağını məhz kiçik qardaşına tapşırdı. O da bu missiyanın öhdəsindən layiqincə gəldi. Düşmən bu bayrağı onun əllərindən ala bilməyəcəyini anladı. Həzrət Abbas (ə) bayrağı əldən vermədi, qollarını qurban verdi, amma Hüseynin (ə) əmanətinə xəyanət etmədi.
Həmən hadisələrdən 1400 ilə yaxın vaxt ötməsinə baxmayaraq, Əbəlfəzl Abbas (ə) sücaət və sadiqlik, qeyrət və mərdlik rəmzi olaraq qəlblərdə yaşamaqdadır. Həzrət Abbasın (ə) bu dünyadakı son anları müxtəlif variantlarda təsvir edilir. Amma bunun elə də böyük əhəmiyyəti yoxdur. Əhəmiyyətli odur ki, Həzrət Abbas (ə) son nəfəsinə qədər Allahın layiqli qulu oldu, onun dostları ilə dost, düşmənləri ilə düşmən oldu. Möminin zindanı adlandırılan bu dünyaya vida edərkən isə gələcək nəsillərə ideal qardaş, sadiq dost, kamil müsəlman obrazını miras buraxdı.
Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara Həzrət Abbas (ə) mərdliyi və sadiqliyi diləyirik.