Keçmiş müstəntiq Rüfət Səfərov artıq bir ildir ki, azadlıqdan məhrum edilib. O, 2016-cı ildə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə həbs olunub.
Rüfət Səfərov ona qarşı irəli sürülmüş ittihamı rədd edib.
Beynəlxalq Amnistiya Təşkilatı onu “vicdan məhbusu” kimi tanıyır.
Arannews.com-Toplum Tv-nin “Siyasi məhbus ailələri” rubrikasının növbəti müsahibi Rüfət Səfərovun atası Eldar Sabiroğludur. O, Yeni Azərbaycan Partiyasını yaradanlardan olub. Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləyib.
– Rüfət bəylə görüşürsüz? Görüşlərinizə bir problem yaradılmır?
– Bəli, ayda iki dəfə görüşürük. Hələlik problem yaratmırlar.
– Son dəfə Rüfət bəyi nə vaxt görüşmüsünüz? Vəziyyəti necədir?
– Aprelin 25-i görüşmüşük. Şəraitindən şikayəti yoxdu. Vəziyyəti də həmişə olduğu kimidir. İradəsini nümayiş etdirir. Nə üçün həbsxanaya atıldığını və nə səbəbə görə mühakimə olunduğunu çox yaxşı bilir. Əslində bir şikayəti yoxdur, vəziyyət normaldır, sözlərini ehtiyyatla dilə gətirirəm. Fikirləşirəm ki, birdən soruşa bilərlər, nə əcəb Rüfət üçün belə sakit, rahat gün-güzəran yaradılıb?..
– Rüfət bəy necə oldu siyasi proseslərə qoşuldu? Necə oldu sizin müdafiə etdiyiniz bir sistemin tənqidçisinə çevrildi? Nədən narazı idi?
– Mən o zaman ona tövsiyə etdim ki, bu addımından geri çəkilsin, lakin o mövqeyində israrlı idi. Seçdiyi yolu davam etdirmək barədə qətiyyətini nümayiş etdirdi. Ancaq mən istəməzdim belə etsin. Ən azından bilirdim ki, onu hansı tale gözləyir. Nədən narazı olmasına gəlincə, ölkədə baş verən hadisələrə münasibətini göstərmişdi, qanunsuzluqlara, ədalətsizliklərə, korrupsiya hallarına qarşı etirazını bildirərək, müstəntiq vəzifəsindən istefa vermişdi. Bu, onun seçdiyi yol idi. Fikrini söyləmişdi. Dövlətə qarşı nə silah qaldırmamışdı, nə də çağırış etmişdi. Sözünü dediyinə görə onu qanunsuz mühakimə etdilər və öyrədilmiş şahidləri üzünə qoyaraq 9 il həbs verdilər.
– Rüfət bəylə bu gün meydanda mübarizə aparan insanlardan kimlər maraqlanır?
– Elə bir maraqlananı mən görmürəm. İctimai dəstək var. Hansısa siyasi düşərgənin məxsusi münasibəti və ya başqa məsələlər mövcud deyil. Lakin bunu uyduranlar var. Nə üçün belə edirlər, kimlərin təşəbbüsüdür, bunları çox yaxşı bilirəm. Hakimiyyətin içərisində belə fikirlər dolaşır ki, guya Rüfətin hansısa siyasi təşkilatla əlaqəsi var. Hətta mənim özümü də aparıb oralara yapışdırırlar. İşləri-peşələri belədir. Yıxılana baltanı axıracan kökləmək üçün hər satqınçılığa gedirlər. Rüfət öz münasibətini ortaya qoyub, çox sakit qaydada da mövqeyini ictimaiyyətə açıqlayıb. Ancaq nəticəsi bəllidir. Azad söz söyləmək, fikir bildirmək, müstəqil mövqe ifadə etmək indi bizim cəmiyyətimizdə çox ağır və baha başa gəlir. Rüfət bu gün bunun altını çəkir. Əgər rüşvətə həvəsli idisə, komfort həyatından nə üçün imtina edirdi və elə müstəntiqlikdə qalıb öz rüşvətxorluğunu davam etdirərdi də. Bu, adi məntiqdir. Özləri də bunu yaxşı dərk edir. Sadəcə, mərkəzdənqaçma meyillərinin vahiməsi və qorxusu onları çox narahat etdiyindən bu cür qisas yolunu tuturlar. Beləliklə, sistem Rüfətin üzərində öz sınaq testini apardı. Təsəvvür edin, övladımı müdafiə etməyimi belə qərəzlə qarşılayırlar. Deməli, belə çıxır ki, həm başınızı əzə bilərik, həm də sizin haqqınız yoxdur səsinizi çıxarmağa. Bu nə Allahın, nə də qanunların tələblərinə uyğun bir iş deyil. Dövlət rəhbərliyinə gedib başqa sözlər çatdırırlar. Yaltaqlar, yan-yörədə olan adamlar. Özlərini yaxşı göstərmək üçün min hiylə işlədirlər. Mən 20 ilə yaxın bu hakimiyyətə xidmət etmişəm. Keçmişdəki fəaliyyətimdən imtina etmək də mənim üçün ikiüzlülük olardı. Mən elə insanlardan deyiləm ki, indi durub Heydər Əliyev haqqında hansısa mənfi söz işlədim. Belə bir şey edə bilmərəm. Lakin onun siyasi varisi prezident İlham Əliyevdən bir sıra məsələlərə görə çox inciyəm və narazıyam. Bu narazılığımı da açıq ifadə edirəm.
– Sizcə, hakimiyyət siyasi fəalları həbs etməklə nəyə nail olmaq istəyir? Bu siyasi fəalların mübarizə əzmini qırmaqdır, yoxsa necə?
– Siz bu sualı siyasi fəalların özünə və hakimiyyətə versəniz daha yaxşı olar.
– Bir çox siyasi məhbus vaxtından əvvəl əfv olunaraq azadlığına qovuşur. Nə zamansa Rüfət bəyin də əfv olunaraq vaxtından əvvəl azadlığına qovuşacağına inanırsızmı?
– Onu zaman göstərər. Mən bir söz deyə bilmərəm. Əfvlə o adamlar müraciət edir ki, haradasa müəyyən günahı var. Rüfət isə heç bir günaha malik deyil. Sadəcə olaraq vəziyyət elə idi ki, səsini kəsmək və ona ”yerini göstərmək” üçün belə bir cəza tədbiri görülməli idi. Bunu da çox gözəl həyata keçirdilər. Yenə təkrar edirəm necə olur ki, 2014-cü ildə baş vermiş hadisə 2016-cı ildə üzə çıxır. Harada yatmışdı baş prokuror? Elə ki Rüfət addım atandan sonra, başladılar torbaları sökməyə. Bunlar yeriməz. Gəncliyə bu cür basqılar, gəncliyin bu cür dilini kəsmək, onu özgür düşüncədən məhdudlaşdırmaq dövlətin yazılı qanunları ilə bir araya sığmır.
– Rüfət bəy azadlığa çıxdıqdan sonra onun yenidən mübarizə aparmasına münasibətiniz necə olacaq?
– Məncə, keçmiş müstəntiq istefa verdiyi ilk gündə səsləndirdiyi bəyanata bu gün də sadiqdir. İnanmıram ki, o başqa yol seçsin. Özü dəfələrlə bildirib ki, onun hansısa siyasi təşkilatda təmsil olunması istisnadır. İstəyi belədir ki, qanunsuz həbsdən çıxdıqdan sonra hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirsin.
– Necə düşünürsünüz, oğlunuzun həbsinə səbəb sizin mübarizəniz oldu, yoxsa?..
– Bəli, müəyyən dərəcədə mənim də intiqamımı almaq istəyirdilər. O adamlar fürsət gözləyirdilər. Hansısa bir şey əllərinə keçsin və qisaslarını həyata keçirsinlər. Mən Ramiz Mehdiyev haqqında silsilə siyasi hekayətlər yazmışam. Bu da öz rolunu oynadı.
– Bu gün həm də siz mübarizə aparırsınız bu sistemlə. Sizi bir zamanlar müdafiə etdiyiniz, dəstəkçisi olduğunuz sistemdən narazı salan səbəblər nədir?
– Mənim mübarizəm siyasi mübarizə deyil. Mənim mübarizəm övladımın haqsız şəkildə mühakimə olunması ilə əlaqədardır. Burada, həqiqətən, Azərbaycan məhkəmələrinin, ümumiyyətlə Azərbaycan məhkəmə sisteminin nə qədər qanunsuz fəaliyyət göstərdiyinin şahidi oldum. Bu nəinki mənim oğlumun üzərində, eyni zamanda bir çoxlarının üzərində tətbiq edilmişdi. Bu da Azərbaycan dövlətçiliyi üçün qəbul edilməz məsələlərdir. Mən ölkənin məhkəmə sisteminin tam müstəqilləşməsini, azad fəaliyyət göstərməsini və asılılıqdan kənar sərbəst işləməsini arzulayanlardan biri kimi deyə bilərəm ki, bu sahədə dərin problemlər mövcuddur.
– Yəni bu yolu seçdiyinə görə oğlunuzdan narazı deyilsiniz?
– Oğlum haqsız cəzalandırılıb. Mən onunla qürur duyuram. O, səhv heç bir şey etməyib.
– Sizcə, bu gün meydanda mübarizə aparan insanların mübarizəsinin nə zamansa bir nəticəsi olacaq? Sizcə o zaman nə vaxt olacaq?
– Mən bu məsələlərə qarışmaq istəmirəm. Çünki bununla bağlı hər hansı mövqe hakimiyyət üçün zəhər-zənbərək kimi qəbul edilir. Mən çox çalışıram Rüfətlə bağlı da mətbuata tez-tez çıxmayım. Deyəcəyim hər hansı bir söz cəza çəkmə müəssisəsində Rüfət üçün arzuolunmaz vəziyyət yaradır. Mən yaxın aylarda bunun parlaq şahidi oldum. Sifariş gəldi, hökmən yerinə yetirilməlidir. Qanun-qayda bu zaman gözlə görünmür. Daha çox sifaişçinin maraqları üstün tutulur./azadlıq/