Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan hacı Zülfüqar Mikayılov, hacı Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Arannews.com-Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib.
Şahid ifadə verən zaman mikrofonun işləmədiyi məlum olub. Bu zaman jurnalistlər şahiddən yüksək səslə danışmağı xahiş ediblər.
Hakim Z. Ağayev isə jurnalistlərin zalı tərk etmələrinə göstəriş verib. Təqsirləndirilən şəxslər buna etiraz ediblər.
Budan sonra hakim prosesin mayın 8-dək təxirə salındığını bildirib.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri hacı Tale Bağırov və digərləri saxlanılıb.
Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
Hacı Zülfüqar Mikayılzadə və Elman Ağayev həmin zaman Lənkəranda olsalar da Nardaran hadisələrində təqsirləndirilərək həbs ediliblər.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.