Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılovun, Elman Ağayevin, Faiq Allahverdiyevin, Mehman Quliyevin, Mehman Məmmədovun, Eldar Bünyatovun, Elxan Həsənovun, Mübariz İbrahimovun, Əli Hüseynovun, Ramil Seyfullayevin, Ruzi İsmayılovun və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Arannews.com-Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib. Şahid ifadə verən zaman mikrafonun işləmədiyi məlum olub. Bu zaman jurnalistlər şahiddən hündürdən danışmağı xahiş edib. Hakim Z. Ağayev isə jurnalistlərin zalı tərk etmələrinə göstəriş verib və onlar zaldan çıxarılıb. Hakim deyib ki, buna görə, “vetenugrunda.az” saytının redaktoru Rövşən Əhmədlinin barəsində xüsusi qərar qəbul edib və onun cəzalandırılması üçün Mətbuat Şurasına müraciət edəcək. Bu isə təqsirləndirilən şəxslərin narazılığına səbəb olub və onlar jurnalistlərin zala buraxılmasını tələb edib. Bundan sonra hakim prosesin mayın 8-dək təxirə salınması barədə qərar qəbul edib.
Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər maddələrə əsasən ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.
T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib