Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, müavini polkovnik Azər Mehdiyev və digərləri barəsində açılmış cinayət işinin materiallarından daha bir ilginc epizod üzə çıxıb. Məlum olub ki, bəzi MTN zabitləri zorlama işlərini də araşdırırmışlar.
Arannews-Musavat.com xəbər verir ki, “MTN işi” üzrə zərərçəkmiş şəxslərdən biri də Bakıda fəaliyyət göstərən “Ankara” özəl tibb müəssisəsində həkim pediatr vəzifəsində işləmiş Elşən Tağıyevdir. Cinayət işi materiallarında yer alan məlumata görə MTN əməkdaşları həkimin külli miqdarda pul vəsaitini ələ keçiriblər.MTN-nin zərərçəkmişlərindən olan Elşən Tağıyev istintaqa ifadəsində bildirib ki, 2015-ci ilin 7 sentyabrında adını sonradan öyrəndiyi MTN zabiti Azər Məmmədov tərəfindən nazirliyə aparılıb.
Həkimə qarşı irəli sürülmüş ittiham isə zorlama olub. Belə ki, MTN-də həkimə bildiriblər ki, S.B adlı xanımı zorlaması barədə onlara müraciət daxil olub. Həmin müraicəti isə S.B adlı xanımın əri edib.
“Məndən həmin xanımı zorlamağımı etiraf etməyimlə bağlı izahat yazmağımı tələb etdilər. İzahatı yazmadığım üçün Azər Məmmədov, Xalid və adını bilmədiyim şəxs tərəfindən döyüldüm. Daha sonra azad olunmağım üçün Azər Məmmədov məndən 50 min manat tələb etdi. Bu qədər pulumun olmadığını dedim”- zərərçəkmiş ifadəsində bildirib.
Bundan sonra onu MTN-in Antiterror mərkəzinin rəis müavini İlqar Əliyevin (həbs edildikdən sonra həbsxanada intihar edib) yanına aparıblar: “İlqar Əliyev də mənə hədə-qorxu gəldi. Daha sonra Azərə bir həftə ərzində 30 min manat verəcəyim barədə razılaşdıq. MTN-dən çıxdıqdan sonra tanışım Aydın Ağayevlə görüşdüm. Aydın Ağayev mənimlə birlikdə MTN-ə gələrək, Azər Məmmədova zəng vurdu. Biz Azər ilə MTN-nin qarşısında görüşdük. Azər ilkin olaraq razılaşdığımız 30 min manatın hökmən gətirilməli olduğumu bildirsə də, sonradan hər hansı məbləğdə pul lazım olmadığını bildirdi”.
Amma sonradan MTN polkovniki Azər Məmmədov fikrini dəyişib və Elşən Tağıyevə zəng edərək 10 min manat gətirməsini istəyib.
Bu epizod üzrə zorlandığı qeyd edilən S.B adlı qadın da ifadə verib. O, ifadəsində göstərib ki, tanışı Elşən Tağıyev tərəfindən zorlanması barədə əri Şahin Bədəlov 6 oktyabr 2015-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib. Bundan sonra bu işlə bağlı araşdırma aparılıb.
“Bu işlə əlaqədar həqiqətən də MTN-də araşdırma aparılıb. Mənim və həyat yoldaşımın həmin nazirliyə dəvət olunaraq giriş qapısının yanında olan otaqda, ikinci mərtəbədə adını bilmədiyim bir şəxs tərəfindən izahatımız alınıb. İzahatımı almış şəxsin adını və vəzifəsini bilməmişəm. Lakin sonra isə izahatlarımı almış həmin şəxs həyat yoldaşıma zəng vuraraq ərizədə göstərdiyimiz xüsusatların MTN-nin səlahiyyətinə aid olmadığını, ərizənin baxılması üçün prokurorluğa göndəriləcəyini bildirdi”- deyən S.B əlavə edib ki, bu iş sonradan Sabunçu Rayon Prokurorluğuna göndərilib, amma araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilib.
Bu işdə adı hallanan və hazırda həbsdə olan MTN polkovni Azər Məmmədov da istintaq zamanı dindirilib.
O, 2005-ci ildən 2011-ci ilədək MTN-nin Antiterror mərkəzinin 3-cü idarəsinin 2-ci şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifələrində işlədiyini, 2011-ci ildən həbs edilənədək isə şöbənin rəis müavini vəzifəsində işləyib.
Azər Məmmədov bildirib ki, antiterror mərkəzinin 3-cü idarəsinin fəaliyyət istiqaməti prezidentin mühafizəsinin təşkili, terrorçuluq və silahlı qruplara qarşı əməliyyat işinin təşkilindən ibarət olub.
MTN polkovnikinin ifadəsindən məlum olub ki, arvadının zorlanması ilə bağlı ona müraciət edən şəxs onu müalicə edən şəxs olub.
“Şahin Bədəlovu 2014-cü ilin sonlarından məni müalicə edən həkim kimi tanımışam. 2015-ci ilin iyul ayında Şahin Bədəlov mənimlə görüşərək tanışı olan Elşən Tağıyevin onun həyat yoldaşını zorlaması barədə məlumat verdi. Həmin məlumatı aldıqdan sonra baş idarə rəisinin müavini İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə olundu. Daha sonra Elçin Quliyev tərəfindən nazir Eldar Mahmudova məruzə edilərək razılıq aldıqdan sonra Elşən Tağıyev barəsində yoxlama aparmağa başladıq. Onun yaşayış yerinə müəyyən sorğular verilməklə məlumatlar topladıq, habelə Elşən Tağıyevin istifadəsində olan mobil telefon nömrəsi üzrə aparılan danışıqların, SMS-lərin mətnləri götürüldü. Materiallar toplanıldıqdan sonra Elşən Tağıyevin MTN-ə dəvət olunaraq izahatının alınmasına icazə verilməsi üçün yenə də İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə edildi. Elşən Tağıyev MTN-ə dəvət edildi”.
Azər Məmmədov ifadəsində əlavə edib ki, nazirliyə dəvət edilən həkim Elşən Tağıyev S.B adlı qadını zorladığını etiraf edib. Ancaq həkimə qarşı heç bir zor tətbiq etməyiblər və ondan külli miqadarda pul almayıblar.
“İlqar Əliyev onunla maarifləndirici söhbət edəndən sonra sərbəst buraxıldı. Eyni zamanda Səhiyyə Nazirliyinə barəsində təqdimat yazacağını bildirdi. Bir neçə gün sonra Elşən mənə zəng vurub görüşmək istədiyini bildirdi. Mən də Elşənlə MTN-nin inzibati binasının qarşısında görüşdüm. Görüşə Elşənin Aydın adlı qohumu da gəldi. Görüş zamanı Elşən barəsində Səhiyyə Nazirliyinə təqdimat verilməməsini xahiş etdi. Mən isə Elşən barəsində Səhiyyə Nazirliyinə təqdimat verəcəyini bildirərək oradan getdim. Elşən Tağıyevdən izahatını alan zaman özümün və başqa MTN əməkdaşının ona fiziki zor tətbiq etməyib. Ondan hər hansı məbləğdə pul istənilməyib. Yalnız Elşın Tağıyevin əxlaqsızlıq əməlini sübut edib və Səhiyyə Nazirliyinə məlumat verilib”- deyə A.Məmmədov ifadəsinin sonunda qeyd edib.
Xatırladaq ki, MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində baxılır.
İ.Muradov
Musavat.com