Mayın 3-də Səbail Rayon Məhkəməsində azadliq.org azadliq.info, azerbaycansaati.com, meydan.tv saytları, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı iddiaya baxılıb
Arannews-İddiaya görə bu saytlarda konstitusiyanın zorla dəyişdirilməsi, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yer alıb.
Proses barədə Meydan TV-nin əməkdaşı məlumat verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi çıxış edərək bildirib ki, onlar Respublika Prokurorluğunun şikayətinə əsaslanırlar və bunu doğru hesab edirlər:
"Bu saytlarda dövlətin və vətəndaşın maraqlarına zidd məlumatlar yer alıb".
Vəkil Adil İsmayılov nazirliyin rəsmisinə "hansı cümlə dövlətin və vətəndaşın maraqlarına ziddir?" sualını ünvanlayıb. Nazirliyin rəsmisi cavab verib ki, Azadlıq Radiosunun materialında "özünə və xalqına hörmət edən belə etməməliydi" cümləsi yer alıb.
Hüquqşünas Səməd Rəhimli deyib ki, "intiharlarla bağlı APA və report.az-a istinad olunubsa, bu saytları da bağlayacaqlar?". Nazirliyin rəsmisi isə cavabında bildirib ki, "biz Respublika Prokurorluğunun şikayəti əsasında məhkəməyə müraciət etmişik. Yəqin ki, maraqlı tərəflər olarsa, onlarla bağlı tədbir görüləcək".
Vəkil Elçin Sadıqov deyir ki, prosesdə Baş Prokurorluğun üçüncü tərəf kimi çıxış etməsi və linqvistik ekspertizanın aparılması ilə bağlı vəsatət təmin olunmayıb.
Daha sonra məhkəmə araşdırılması dayandırıldı və çıxışlar üçün mayın 12-i saat 15.00-a qədər vaxt verildi.