“Mən deyirəm ki, Mayıl Bayramov, sən hər gün rüşvət alırsan. Cinayətkarı pul alıb, azadlığa buraxırsan. Bu böhtandır, ya yox?”
Arannews.com-Bu sözləri “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Elçin Qasımov məhkəmə iclasında hakim Mayıl Bayramova xitabən deyib. Ondan əvvəl isə şahid qismində bir neçə polis əməkdaşı ifadə verib.
Mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev ifadə verib. N.Əsədullayev bildirib ki, 2015-ci il noyabrın 5-də stadionda futbol tədbirində asayişi qoruyan zaman onlara Sabunçu rayon Polis İdarəsinə getmək tapşırığı verilib:
“Orada vətəndaşların səs-küy salmasını, daş atmalarını gördüm. Özüm heç kimi saxlamamışam, lakin digər polis əməkdaşlarına kömək etmişəm. Biz gələndə demək olar ki, sakitlik yaranmışdı”.
Vəkil İradə Cavadova isə ondan sakitlik olduğu halda kimisə niyə həbs etmələrinin səbəbini soruşub. Şahid deyib ki, daş atanlar olub, onlar da tutublar.
İclasda idarənin digər əməkdaşı Nadir Vəliyev də ifadə verib. Digər şahidlə oxşar ifadə verən N. Vəliyev təqsirləndirilən şəxslərdən kimisə tanımadığını deyib. Bildirib ki, hadisələr vaxtı, əraziyə gəlsə də, kimisə tutmayıb.
Polis əməkdaşı Firəddin İsmayılov da iclasda dindirilib. O deyib ki, hadisələr vaxtı daş atan şəxsi görməyib: “Yerdə daşlar var idi. Hava qaranlıq olduğundan adamların üzünü görə bilmirdik, lakin daş atanlar olub ”.
İclasda çıxış edən təqsirləndirilən şəxslərdən A. Yəhyayev isə deyib ki, saxlanılan zaman ondan götürülən əşyaları geri qaytarılmayıb: “Mənim telefonumu götürüblər. Hazırda kimsə telefonda olan nömrənin “WhatsApp”nı işlədir. Telefonu qaytarmırlar, heç olmasa nömrəni qaytarsınlar, ya da bu məsələ araşdırılsın”.
Hakim isə ondan bu haqda ərizə yazmasını istəyib. Bildirib ki, ərizə yazdıqdan sonra həmin məsələ müzakirə edilə bilər.
Daha sonra Sabunçu rayon 14-cü Polis Bölməsinin əməkdaşı Emin Babayev şahid qismində ifadə verib. Onun sözlərinə görə, 2015-ci il noyabrın 5-də Elçin Qasımova yaxınlaşıb, bölməyə dəvət ediblər, lakin o, imtina edib və onlara müqavimət göstərib.
Vəkillər ondan Elçin Qasımovun necə tabe olmamasını soruşublar. E. Babayev deyib ki, bölməyə getməyi dəvət ediblər, lakin o, imtina edib.
Vəkillər ondan Elçin Qasımovun hansı inzibati xətanı törətdiyini də soruşublar. Şahid deyib ki, bu, yadında qalmayıb: “İfadəmdə var, baxa bilərsiniz”.
Elçin Qasımov isə ona “İfadəni sən yazmamısan, yazıb veriblər, imzalamısan, düzünü danış” -deyib.
Vəkil Fariz Namazlı Emin Babayevdən E.Qasımovu nəyə görə bölməyə yox, idarəyə aparmalarının səbəbini soruşub. Şahid deyib ki, həmin vaxt ona növbətçi hissədən belə göstəriş verilib.
Şahid vəkillərin digər suallarına isə “yadımda deyil” cavabını verib.
Elçin Qasımov isə Emin Babayevin ekspertizadan keçirilməsini istəyib: “Yoxlayın, bəlkə dəlidir. Heç nə yadında deyil. Onun danışdıqlarının hamısı yalandır”.
Daha sonra hakim Elçin Qasımova şahidə sual verməyi təklif edib. E. Qasımov şahidə “Kişi ol, düzünü danış” deyib. Hakim sualı çıxarıb. E. Qasımov isə hakimə “Düzünü deyin, işlədiyiniz illər ərzində neçə dəfə rüşvət almısınız? Mən deyirəm ki, siz Mayıl Bayramov hər gün rüşvət alırsınız. Cinayətkarı pul alıb buraxırsınız. Bu, şər-böhtandı ya yox? Bax, bu adam da gəlib mənə belə şər atır” -deyib. Hakim isə onun çıxışından əsəbiləşərək, şahidi zaldan çıxarıb. Daha sonra hakimlər zalı tərk ediblər.
İclas mayın 12-də davam edəcək.
Adları çəkilən şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.