arannews.com-Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda C. Hacıyevin vəkilləri tərəfindən məhkəməyə 12 vəsatətin daxil olduğu məlum olub. Məhkəmə bəzi sənədlərin alınması, əlavə şahidlərin dindirilməsi və digər məsələlərlə bağlı olan həmin vəsatətlərin heç biri təmin etməyib. Hakim qərarı əsaslandıran zaman deyib ki, həmin vəsatətlər məhkəmə istintaqı ilə aparılan iclasda müzakirə edilə bilər:
“Proses məhkəmə istintaqı olmadan aparıldığından həmin vəsatətlər də təmin edilmir”.
Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Azad Cavadovun vəkili çıxış edərək deyib ki, müdafiə etdiyi şəxsə qarşı ittihamlar əsassızdır.
İclasda çıxış edən C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev isə deyib ki, ittihamlar sübuta yetirilməyib. Vəkil məhkəmədən əlavə vəsatətlər hazırlamaq üçün vaxt istəyib.
C. Hacıyevin digər vəkili Aqil Layıcov isə deyib ki, məhkəməyə təqdim edilən 12 vəsatət arasında beş yeni vəsatət olub, lakin dövlət ittihamçısı vəsatətləri oxumadan təmin edilməməsini istəyib.
İclasda digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər. Buna görə, iclas mayın 11-nə təyin edilib.
Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində həmin şəxslərin apelyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. İlkin baxış iclasında vəkillər prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti versələr də, Ali Məhkəmə şikayəti təmin etməyib və işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.
C. Hacıyev “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.