Fərəc Quliyev: “Artıq NATO tipli silahlar almağın vaxtı çatıb”
Bu gün Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulduğu gündür. 1994-cü ildə bu proqrama qoşulan ölkəmizin NATO ilə əməkdaşlığı bu gün də davam edir.Maraqlıdır, dünyanın ən qüdrətli hərbi bloku olan bu qurumla əməkdaşlıq ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bunun Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkdi:
“Azərbaycan Qərb dəyərlərinə üstünlük verən, Qərbə inteqrasiyada maraqlı olan bir tərəfdir. Ölkəmiz münasibətlərində həmişə səmimi olub. Azərbaycanın NATO-nun tədbirlərində iştirak etməsi, sülhməramlı taborumuzun NATO tərkibində müəyyən missiyanı yerinə yetirməsi bu əməkdaşlığın ciddi olduğunu, Azərbaycanın buna mühüm önəm verdiyini göstərir. Hətta Rusiya və onun müttəfiqlərindən silah almağı dayandırıb NATO tipli silahlar almağın zamanı çatıb. Hesab edirəm ki, çəkinmək lazım deyil. Əgər KTMT-də bizimlə döyüşən Ermənistan kimi bir dövlət yer alıbsa, biz kiməsə görə NATO kimi bir qurumıla münasibətlərə soyuq yanaşmalı deyilik. NATO-ya həm təchizat, həm də digər baxımdan daha dərindən inteqrasiya olunmalıyıq. Gələcəkdə Azərbaycan NATO-nun tam hüquqlu üzvü olmaq üçün cəhdlər göstərməlidir”.
Seymur Əliyev