Mayın 4-də İsrail Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 69-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycanın və İsrailin dövlət himnləri səsləndirilib.
İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb, ötən illərdə iqtisadi və mədəni sahələrdə böyük uğurlara nail olunduğunu vurğulayıb.
Səfir İsrail ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən söhbət açıb. O, dost ölkələr olan İsrail və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha da inkişafına əlverişli zəmin yaradır. Diplomat Azərbaycanda yaşayan bütün xalqlar, eləcə də yəhudilər üçün yaradılmış şəraitə və yüksək səviyyəli tolerantlığa görə təşəkkürünü bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından İsrail xalqını təbrik edib. O deyib ki, son vaxtlar Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir. Komitə sədri Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin genişlənməsində böyük rol oynadığını söyləyib. O, əmin olduğunu bildirib ki, Azərbaycan-İsrail dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.