Tarix : 2017 May 07
Kod 51626

İsraildə Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Milli Məclisin deputatı, tanınmış jurnalist və yazıçı Elmira Axundova Azərbaycan əsilli İsrail vətəndaşları ilə görüşüb.

“Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasından bildiriblər ki, İsrailin müxtəlif şəhərlərindən insanlar deputatı dinləməyə, Azərbaycan haqqında xəbərləri bir növ mənbənin özündən öyrənməyə, suallar verməyə və sadəcə tanınmış yazıçı ilə ünsiyyət saxlamağa gəliblər. E.Axundovanın müstəqillik illərində Azərbaycanın sürətli inkişafı, Ermənistanın başladığı işğalçı müharibə ilə əlaqədar ölkəmizin üzləşdiyi mürəkkəb siyasi vəziyyət, Azərbaycanın əzəli torpaqlarının işğal edilməsi, habelə respublikanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu sülh yolu ilə azad etmək üçün bütün imkanlarını səfərbərliyə alması barədə söhbətini təkcə əslən Azərbaycandan olanlar deyil, həm də postsovet məkanının digər respublikalarının nümayəndələri maraqla dinləyiblər. E.Axundova ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində əvəzolunmaz rolundan danışaraq bildirib ki, amansız müharibənin əldən saldığı ölkə tamamilə dağılmaq üzrə idi və yalnız öz liderinin müdrik siyasəti sayəsində müstəqilliyini qoruyub saxlaya bildi, ağır müharibə illərindən sonra özünə gəlməyə başladı.

Yazıçı E.Axundova ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş görüşə hədiyyə ilə gəlib. O, Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan özünün yeddi cilddə “Şəxsiyyət və zaman”, habelə ölkənin indiki Prezidenti İlham Əliyev barəsində bu yaxınlarda çapdan çıxmış “Prezidentin portreti dəyişikliklər fonunda” kitablarını İsrailin Azərbaycan icmasına təqdim edib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Elmira xanıma təşəkkür edərək bildirib ki, bu kitablar mərkəzin kitabxanasına dəyərli hədiyyə olacaq və Azərbaycan xalqının bu böyük nümayəndələri barədə daha bir informasiya mənbəyinə çevriləcək.

Milli Məclisin deputatı E.Axundova çıxışının xeyli hissəsini İsrail ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərə həsr edərək deyib ki, son illər ölkələrimiz sürətlə inkişaf etməyə başlayıb və bu da hər iki ölkənin siyasi rəqiblərini və “mehriban” qonşularını qıcıqlandırmağa başlayıb. İsrail ilə Azərbaycan arasında qarşılıqlı faydalı dostluq münasibətləri İsrail və Azərbaycan xalqlarının xeyrinədir və hər iki ölkənin liderlərinin uzaqgörən və çevik siyasəti nəticəsində mümkün olub. Azərbaycanın yəhudi icmasının həyatından söz açan qonaq iftixarla bildirib ki, yəhudi icması bütün zəmanələrdə olduğu kimi bərabərhüquqlu yaşayış və azad inkişaf üçün hər bir nemət və imkanlardan istifadə edir, çünki Azərbaycan torpağında antisemitizm heç vaxt olmayıb və hazırda da yoxdur. Görüş iştirakçıları E.Axundovaya həm İsrail-Azərbaycan münasibətlərinə dair, həm də sosial və mədəni xarakterli çoxsaylı suallar veriblər. Deputat sualları yerindəcə cavablandırıb və ya ən yüksək səviyyədə səlahiyyətli dairələrə çatdıracağını vəd edib. Azərbaycanda biznes qurmaq imkanları və bununla əlaqədar qanunlar barədə işgüzar xarakterli suallar da verilib. Bu suallara gənc biznesmen, Elmira Axundovanın oğlu Həbib Axundov cavab verib.

Kiryat Byalik şəhəri merinin müavini Nahum Raçevski Milli Məclisin deputatı Elmira Axundovanı salamlayaraq bildirib ki, Kiryat Byalik yaxın vaxtlarda Azərbaycanın İsmayıllı şəhəri ilə qardaşlaşacaq. O, deputata xatirə hədiyyələri təqdim edib.

“Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak maraqlı söhbətə və İsraildə səfərdə olarkən Azərbaycan əsilli icma ilə görüşmək üçün vaxt ayırdığına görə E.Axundovaya səmimi təşəkkürünü bildirib.


  • Yazılıb
  • da (də) 2017 May 07
  • Göndərən مدير سايت Aran News