Yaşadığımız bu üç gün ardıcıl olaraq əlamətdar günlərlə yadda qalıb. Mayın 9-u Sovet imperiyasının faşist Almaniyası üzərində qələbəsinin ildönümü, Mayın 10-u Heydər Əliyevin ad günü, Mayın 11-i isə bəşəriyyətin dahi xilaskarı İmam Zaman (ə.f) ağanın mübarək mövlud günüdür.Fitrətən bütün bəşəriyyət dahi xilaskar axtarışındadır. Mayın 9-u dünyanın Hitler Almaniyasından, faşizimdən xilas olduğu gündür. Mayın 10-u Əliyevlər rejiminin xilaskarının dünyaya gəldiyi gündür. Bu il bəşəriyyətin xilaskarı İmam Zaman (ə.f) ağanın mübarək mövlud günü isə milad təqvimiylə Mayın 11-ə təsadüf edib.
9 May məlum məsələdir ki, Sovet imperiyası Bakı neftinin hesabına dünyanı faşist Almaniyasından xilas edib. Azərbaycanda isə YAP təbliğat maşınının sayəsində ən böyük, uğurlu, xalqın, dövlətin, gəncliyin xilas edildiyi gün 10 Maydır.
Əlbəttə, Heydər Əliyev Əliyevlər hakimiyyətinin birinci xilaskarı olsa da, sonuncu və yaxud ən böyük xilaskarı deyil. Doğrudur, rejimin "nəql etdiyi rəvayətlərdə" Heydər Əliyev hətta peyğəmbər kimi qələmə verilib. Bir çox yerdə Azərbaycan xalqı bəzi yaltaq zümrənin Heydər Əliyevə "peyğəmbər" deməsinin belə şahidi olub. Amma Əliyevlər rejiminin Heydər Əliyevdən başqa daha bir xilaskarı mövcuddur. O da, Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin tez-tez vurğuladığı "lazımdır." Bəli, zarafat bir yana, "lazım" hər kimdirsə Əliyevlər rejimi tərəfindən gəlişi və Azərbaycanı işğalçı Ermənistan bəlalarından xilas etməsi vəd verilib. Ümumilikdə isə "lazım" gələcək və Azərbaycan xalqını çıxılmaz vəziyyətdən xilas edəcək. Məsələn, "lazım" gəlsə iqtisadiyyatımız inkişaf edəcək, "lazım" gəlsə torpaqları alacağıq, "lazım" gəlsə dünyanın ən güclü dövlətinə çevriləcəyik, "lazım" gəlsə qudurqan məmur balaları cəzalandırılacaq, "lazım" gəlsə Eldar Mahmudov tutulub məhkəməyə təhvil veriləcək və s.
Əlbəttə, bütün xalqların, insanların, dövlətlərin, hakimiyyətlərin, dinlərin, siyasilərin xilaskar axtarışına çıxdığı, fitrətən bir dahi xilaskara ehtiyaclı olduğu bir zamanda Əliyevlər hakimiyyəti də mütləq bir xilaskarın intizarında olmalıdır. Yoxsa burada qanunauyğunluq pozular. Bir halda ki, ABŞ ordusunun İraqda – İmam Zamanın (ə.f) qeybə çəkildiyi yerin yaxınlığında post qurub həmin nahiyəni daim nəzarətdə saxladığı və İmam (ə.f) zühur edərsə dəqiq nişan alıb "vuracaqları" planları dildən-dilə gəzir. Əliyevlər bəs nə üçün bu vurhavurda öz xilaskarlarının intizarını çəkməsin.
Oxuculardan xahiş olunur bu sözləri ciddiyə alıb önəm versin. Baxın, bu günüdək Heydər Əliyev rejimin nəzərində öz xilaskar adını daşımaqdadır. Əlbəttə, bu rejim üçün Heydər Əliyev haqqında doğulduğu vaxt qəribə və möcüzəli hadisələrin baş verməsini uydurmaq "su içməkdən" asandır. Amma, onun ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi vaxtdan sonra torpaqlarımızın bir-birinin ardınca işğala məruz qalması məsələsi olmasaydı, yüz faiz YAP mənbələrində Ermənistanın Prezident aparatının eyvanının dağılması, Van gölünün quruması, Daşnaksütunun sütunlarının çökməsi, Andranikin qəbrinin çat verməsi May ayının 10-a, yəni Heydər Əliyevin anadan olduğu günə təsadüf edəcəkdi. Bir halda ki, o "peyğəmbərdir", bu hadisələr niyə də baş verməsin.
Bəli, Heydər Əliyev Bakıya, hakimiyyətə gəlsə də, köhnə komandasını, özünü kasıbçılıqdan xilas etsə də, öz ətrafını, oğlunu hakimiyyət başına gətirsə də, ermənilərlə sözün həqiqi mənasında bacarmadı. İndi isə rejim Əliyevlərin dahi xilaskarı olan "lazım"ın gəlişinə göz tikib, onun Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad və ərazibütövlüyümüzü bərpa edəcəyini umurlar. O da diqətdən yayınmasın ki, "lazım"ın nə zaman gələcəyi YAP mənbələrində dəqiqliyi ilə bildirilməyib.
Bəs həqiqət necədir? Həqiqət budur ki, dünyanı, məzlumları, işğal edilmiş müsəlman torpaqlarını, o cümlədən Azərbaycanı erməni işğalından azad edəcək bir dahi xilas gələcəkdir. Amma bu dahi xilaskar Peyğəmbər (s) övladı on ikinci İmamdır (ə). Bütün dünya, bütün dinlər, məzhəblər, xalqlar, məzlumlar belə bir xilaskarın həqiqətən gələcəyinə inam bəsləyirlər. Amma təəssüflər olsun ki, YAP hakimiyyəti həqiqi zühura inanmaq əvəzinə 10 May-ı "gül bayramı" adıyla bayram edir və öz fantaziyasında uydurduğu "lazımın"gəlişinə ümid bəsləyir. Bununla da həqiqətdən, həqiqi xilaskardan və həqiqi zühurdan daha çox uzaqlaşır.
Bu il İmam Zamanın (ə.f) mübarək mövludunun milad təqvimiylə May ayının 11-ə təsadüf etməsi YAP- a ilahi bir mesajdır. Həqiqət bundan ibarətdir ki, bu il İslam oyunlarının Azərbaycanda keçirən YAP İmam Zamanın (ə.f) zühuruna etiqad etməli, gəlişinin intizarında olmalı, Əli (ə) şiələrinin ölkəsində bu ölkə sahiblərinə zülm etməməlidir. Belə olmadığı təqdirdə isə Əmirəl-möminin Əlidən (ə) İmam Zaman (ə.f) ağaya miras qalan Zülfüqarla üz-üzə gələcəklər. Allaha pənah o gündən.