Tarix : 2017 May 10
Kod 51651

Qarabağı hansı oğullarla alacağıq

Bu günkü hakimiyyət heç də Ermənistan hakimiyətindən geri qalmır
Arannews nur-az -a istinadən:20 ildən çoxdur ki, torpaqlarımız işğal altında olsa da insanlarımızın dilindən "Qarabağ", "Şuşa", "Xankəndi", "Xocalı" sözləri düşməyib. Amma işin pis tərəfi də budur ki, təkcə dilindən düşməyib. Hələ də efirə çıxan müğənni "o gün olsun Şuşada konsert verək", idmançı "gün gələcək bayrağımızı Xankəndidə dalğalandıracağıq" kimi şablon ifadələrdən istifadə edir. Elə belə də olacaq. Amma bu gedişlə nə Şuşada Xarıbülbül gülü Qarabağ şikəstəsi eşidəcək, nə də idmançımız ermənini Xankəndidə qaldırıb təpəsi üstə çırpacaq. Səbəbi isə aydındır, elə insanlarımızın dediyi kimi: YAP nə qədər ki, hakimiyyətdədir Qarabağı unudun. Tarix boyu gah tarix xırdalamışıq, gah öngörücülük etməyə çalışmışıq. Gah "filankəs olsaydı Qarabağı tez alardıq" demişik, gah da fala baxıb bilmişik ki, sən demə Qarabağın açarı Putinin əlində imiş. Amma xalqın itirdiyi bir Qarabağ və onu geri ala biləcək gücə sahib olan oğulları var. Bunu xalq da, hakimiyyət də gözəl bilir. Amma hər ikisi bu oğulların kim olduğunu bilmir, ya da bilmək istəmir. Bu oğullar bir növ hakimiyyətin və xalqın qayğısından və dəstəyindən kənarda qalıb. Bir olan Allaha and içərəm ki, bu oğullar nə özünə bisnes imperiyası quran harınlamış deputatlardır, nə illər uzunu dövlət postlarını zəbt edən nazirlərdir , nə də xalqa yalan vədlər verən digər vəzifəli şəxslər deyil. Bu oğullar təəssüf ki, hakimiyyətin azadlığına qənim kəsildiyi və insanlarımızın əksəriyyətinin də taleyinə biganə qaldığı həbs edilən igidlərdir. Zarafat deyil, bu insanlar səhər-axşam hakimiyyətin qüdrətindən danışıb Ermənistanı qorxutmağa çalışdığı orduya sahib olan İlham Əliyevə tək başına meydan oxuyurlar. Doğrudur ki, ordu xalqındır, siyasətə alət edilməməlidir. Amma tarix sübut edib ki, İlham Əliyev xalqa ləyaqətlə xidmət etməyə and içib Qurana əl basdığı günlərdə (ilk prezident seçildiyi dönəmdə) həmin ordunu xalqın üzərinə sürüb qardaş qanının tökülməsinə bais oldu. Elə bu dəfə də İlham Əliyev çəkinmədən, utanmadan ordunu xalqın üzərinə çəkməyə dünəndən hazırdır. Bunu gözə alan qeyrətli oğullar heç bir hərbi bazaları olmadan diktator hakimiyyətinə qarşı çıxırlar. Bu insanların bircə silahı var, o da dilləridir və daşdan möhkəm ürəkləridir. Haqqı bu dillə izhar edib zalımın özü üçün möhkəmlətdiyi dirəkləri silkələyirlər. Möhkəm sinələrini də xalq düşmənlərinin müqabilində sipər ediblər. Bu oğulların cəsarətini ucuz saymayın. Bu günkü hakimiyyət heç də Ermənistan hakimiyətindən geri qalmır. Ermənistan işğalçıları iyirmi faiz torpaqları işğal ediblərsə, yerli hakimiyyət, onun məmurları, deputatları səksən faiz torpaqlarımı işğal edib. Bu işğalçıların nahaqlarını üzlərinə hayqıran Hacı Talehlər, Hacı Abgüllər, Hacı Mövsümlər və onlar kimi onlarla igid oğullarımız var ki, "silah verin göndərin gedək Qarabağı alaq" deməkdən çəkinməyiblər. Əgər "bu oğullarla Qarabağı almaq mümkün deyil" deyirsinizsə, o zaman əlinizi vicdanınıza qoyub bu sualıma cavab verin: fironluq edən bir hakimiyyətdən qorxmayıb çəkinmədən haqqı çatdıran insanlar Qarabağı almağa qadir deyilsə, bəs kim qadirdir? Müğənnilərin alt paltarını reklam edən maqazin-şou təşkil edənlərmi? Arvad paltarları geyinib səviyyəsiz hoqqalar çıxardan artistlərmi? Bütün günü YAP-ın yarıtmaz, səviyyəsiz siyasətini mədh edən kanallarmı, özlərinə biznes imperiyası quran Hadı Rəcəblilərmi, Hüseynbala Mirələmovlarmı, Abid Şərifovlarmı, vətənə xəyanət edən Eldar Mahmudovlarmı, Ramil Usubovlarmı, Ramiz Mehdiyevlərmi, pul-vəzifəyə görə əqidəsini satan Fazil Mustafalarmı, Qüdrət Həsənquliyevlərmi, Hafiz Hacıyevlərmi, Zahid Oruclarmı, Rauf Arifoğlularmı, Elşən Musayevlərmi Qarabağı xilas edəcək? Yoxsa bütün bu səviyyəsizliklərə sponsorluq edən hakimiyyətmi Qarabağı xilas edəcək? Bir halda ki, hakimiyyət onun zülmlərini ifşa edən mərd oğulları əzməyə, susdurmağa çalışır, bununla da qorxaq, yaltaq, pula, vəzifəyə əyilən, satılan insanlar yetişdirməyə çalışır. Bu cür bir toplumla Qarabağı almaq olarmı? Məgər bütün erməniləri lərzəyə salan, ruhsuz bədənindən belə qorxub çəkinən, Putinə "Rambo"nu xatırladan, Polad Ələmdar kimi fantaziya deyil də həqiqi qəhrəman olan Mübariz İbrahimovun məktubunda "Əhli-beyt (ə)" sözünü oxumadıqmı? Bilin ki, düşmən ərazilərində erməni hərbiçilərinin özünü, postunu darmadağın edən Mübariz İbrahimov da, ölkə daxilindəki ermənixislətlilərin murdar siyasətini alt-üst edən Tale Bağırzadə də Əhli-beyt (ə) məktəbinin yetirmələridir. Xalq, gözünü açıb həqiqəti görməlidir. Quran və Əhli-beytə (ə) sarılmalıdır. Onları Quran və Əhli-beytə (ə) tərəf səsləyən insanların həbsinə, əziyyət edilməsinə göz yummamalıdır. Unutmamalıdır ki, ermənilərə meydan oxuyan Mübariz İbrahimov, baş leytenant Fərid kimi oğulların sevdiyi Əhli-beyti (ə) Tale Bağırzadə, Şeyx Sərdar, Seyyid Fəramiz, Hacı Abgül, Doktor Mövsüm Səmədov kimi insanlar ölkədə təbliğ ediblər.




  • Yazılıb
  • da (də) 2017 May 10
  • Göndərən مدير سايت Aran News