Tarix : 2017 May 10
Kod 51652

Gül bayramında etirazlar

Neft Akademiyasındakı qətliamdan sonra Bakıda keçmiş prezident Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilməsinə etiraz
«Azadlıq» radiosunun müxbirləri 39-cu Polis Bölməsindən bütün gənclərin azad edildiyini bildirib. Gənclər bölməyə hüquq müdafiəçilərinin gəlişindən sonra azad ediliblər. 
Bir az əvvəl Nəsimi rayon 22-ci Polis Bölməsindən bütün saxlananlar sərbəst buraxılıb.
***
«Azadlıq» radiosunun müxbiri Şəhla Sultanova Nəsimi rayon 22-ci Polis Bölməsindən xəbər verir ki, daha 5 nəfəri azad ediblər və hazırda içəridə 10-dan bir qədər artıq gəncin qaldığı ehtimal edilir. Azadlığa buraxılanlar qızlardır. Bir qədər əvvəl Milli Demokratiya İnstitutunun əməkdaşları, eləcə də yoldan təsadüfən keçərkən saxlanmış məktəbli qız azadlığa buraxılmışdı.
Bu səhər saat 10-da metroya minib şəhərə gedərkən həbs edilmiş «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu da bir qədər əvvəl saxlandığı Binəqədi rayon 5-ci Polis Bölməsindən azad edilib. 6 saat saxladıqdan sonra Şakiroğlunu 100 manat cərimə edib buraxıblar. Polisin iddiasına görə, A.Şakiroğlu əl edib 53 saylı marşrutu saxlamağa çalışıb, avtobus saxlamadığı üçün soyüş söyüb.
Ağasif Şakiroğlu ittihamın absurd olduğunu deyib. Onun sözlərinə görə, ümumiyyətlə getmək istədiyi ünvan 53 saylı marşrutun hərəkət etdiyi metronun «20 yanvar» stansiyası deyil, «Gənclik» stansiyası olub.
***
Səbail rayonu 39-cu Polis Bölməsindən növbətçi Səfərov «Azadlıq» radiosuna bildirib ki, 30-a qədər gənc saxlanılıb. Artıq onların əksəriyyəti evlərinə buraxılıb. Qalanları da izahat alınıb sərbəst buraxılır.
Növbətçinin sözlərinə görə, gənclər adlarını düz demədikləri üçün bölməyə gətiriliblər.

Səbail rayon Polis İdarəsindən isə bildiriblər ki, saxlanılan gənclərin hamısına xəbərdarlıq edilib buraxılıb.
***

Mayın 10-da 30-a yaxın gənc Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətllərə görə ölkədə gül bayramının keçirilməsinə etiraz bildiriblər.

Olar səhər saat 10-da bayramın keçirildiyi Heydər Əliyev Sarayının yanında, əllərində matəm rəmzi hesab olunan iki qələnfil tutublar.

Saat 2-də isə gənclər Neft Akademiyasına tərəf getməyə başlayıblar. Amma Mərkəzi-keçmiş Milli Bankın yanında polislər onların qarşısını kəsərək 20-ə yaxın gənci saxlayıb 22 nömrəli Nəsimi Polis bölməsinə aparıblar.

Onların arasında tələbələrlə heç bir əlaqəsi olmayan bir məktəbli qız da olub.

Polis bölməsinin qarşısına yığışmış jurnalistlər və vətəndaşlara heç bir məlumat verilməyib. Bölmənin qarşısında olanların arasında ABŞ səfiriliyinin nümayyəndələri və millət vəkili Pənah Hüseyinli də olub.

Həmçinin Sahil bağında etiraza cəhd göstərən 30-dan çox gənci saxlayaraq 39-cu polis bölməsinə, ordan isə məhkəməyə aparıblar.

***

Gənclərin saxlandığı 39-cu polis bölməsinin qarşısında polis camaatı döyüb. Polis saxlananların yaxınları və jurnalistləri zorla ərazidən qovub. Hamının gözü qarşısında “Yüksəliş naminə” qəzetinin əməkdaşını Elçin Həsənovu döyüblər.

Özü də zorakılığa məruz qalan “Azadlıq” radiosunun əməkdaşı Durna Səfərli bildirir ki, hazırda əlavə polis qüvvələri cəlb edilib. Bölmənin ətrafı girişə qapadılıb.

Saxlananlardan bəzilərini buraxıblar. Onların dostları sevincdən əl çalanda polis gəncləri də döyüb.
Polis onlarla gənci saxlayıb
0:02:32
0:00:00/0:02:32
 Direct-ə keçid 

***
Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində 50-dən çox gənc var. Gənclər Sahil bağında «Gül bayramı»na etiraz edirmişlər. Bu haqda «Azadlıq» radiosuna Müsavat Partiyasının Gənclər Təşkilatından Cavid Hacıybəyli məlumat verib. Hacıbəyli deyib ki, onlar «Terrora yox!», «Matəm elan olunsun!» və «Gül bayramı»na yox!» şüarları səsləndiriblər.


Etiraz edənlər arasında Dövlət Neft Akademiyasının tələbələri və başqa siyasi təşkilatların üzvləri də olub.
C.Hacıbəyli hazırda bölmənin həyətində olduqlarını və gənclərin bir-bir izahatlarının alındığını bildirib.
C.Hacıbəylinin sözlərinə görə, Müsavat üzvü Aygün Quliyeva başından xəsarət alıb.
***
Bu arada Musiqi Akademiyasının binası qarşısında toplaşmış bir qrup gənci polis saxlayaraq Nəsimi rayon 22-ci Polis Bölməsinə aparıb. Müxbirimiz xəbər verir ki, gənclər əllərində qoşa qərənfil sakit dayanıblarmış. Saxlananlar arasında hadisələri müşahidə edən ABŞ Milli Demokratiya İnstitutunun ölkə direktoru Aryen de Wolf da var
***
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev deyib ki, gənclərin saxlanmasıyla bağlı narahatlığa əsas yoxdur:
«Məsələ aydınlaşdırılır».
***
Səbail rayon Polis İdarəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, bu saata (13:40) qədər «Gül bayramı»na etiraz edən 36 nəfər saxlanıb. Saxlanmalar Muzey Mərkəzinin qarşısında və Sahil bağlının ətrafında həyata keçirilib.
***

15-20 gənc Dövlət Neft Akademiyasının qarşısında bir yerə toplaşıb iki şüar səsləndiriblər: «Terrora yox!», «Gül bayramı»na yox!» Aksiya cəmi iki dəqiqə çəkib. Dərhal polislər gəncləri dağıdıblar. Müxbirimiz aksiyada iştirak edən gənc qızların saçlarından sürüklənərək polis maşınına aparıldığını görüb.

***
«Gül bayramı» Respublika Sarayının qarşısında başlayıb. Hadisə yerində olan müxbirlərimizin verdiyi məlumata görə, Sarayın qarşısındakı parkda xeyli insan toplaşıb. Saat 10-dan başlayaraq həmin parkın ətrafında olan yollar bağlanıb, hətta «Gül bayramı»na gedən vətəndaşlar belə parka buraxılmayıblar.

Polis bunu parkda dövlət rəsmilərinin və beynəlxalq nümayəndələrin olduğu ilə əsaslandırıb.

Artıq «Gül bayramı»na etiraz edən gənclərdən birini saxlayıblar. Bu, «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğludur. Koalisiyanın üzvlərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onu Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparıblar. Bölmədən hər hansı açıqlama almaq mümkün olmayıb.

Dövlət Neft Akademiyasının binası qarşısında toplaşaraq «Gül bayramı»na etiraz etməyi planlaşdıran bir qrup gənc polislə qarşıdurmaya getməmək üçün etirazlarını pərakəndə şəkildə bildirməyi qərara alıblar.

Səhər saatlarından indiyə kimi bir neçə gənc Dövlət Neft Akademiyasının qarşısına qoşa qərənfil qoyub gedib.

Müxbirimiz Akademiyanın ətrafında polislərlə dolu iki avtobusu müşahidə edib. Polislər ətrafda gəzən gənclərə yaxınlaşıb «toplaşsanız dağıdacağıq» kimi xəbərdarlıq ediblər.

Hər il mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günü ilə bağlı Bakıda «Gül bayramı» keçirilir.

Bu gün Heydər Əliyevin anadan olmasının 86 illiyi tamam olur.

Aprelin 30-da Dövlət Neft Akademiyasına silahlı basqın nəticəsində 13 nəfər həlak olub, 13 nəfərsə yaralanıb. Tələbələr, gənclər təşkilatlarının üzvləri faciə ilə bağlı ölkədə matəm elan olunmasını və «Gül bayramı»nın təxirə salınmasını tələb edirlər.

  • Yazılıb
  • da (də) 2017 May 10
  • Göndərən مدير سايت Aran News