Tarix : 2017 May 11
Kod 51661

Prezident səlahiyyətini icra etmiş Yaqub Məmmədovun 1992-ci ildə Şuşa ilə bağlı xalqa müraciəti

Bu gün qədim Azərbaycan şəhəri Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 25 ili tamam olur. Strateq.az 1992-ci ilin mayın 12-də Ali Sovetinin sədri Yaqub Məmmədovun AzTV-nin canlı efiri vasitəsilə xalqa müraciətinin stenoqramını təqdim edir.
Əziz həmvətənlərim !

Xalqımızın tarixində ən ağır günlərdən, ən ağır anlardan biri olan, bu gün respublikamızda baş verən ağır hadisələrdən, mən sizə bilavasitə müraciət edərək, obyektiv məlumat vermək istəyirəm. Bildiyiniz kimi mart ayının əvvəllərindən başlayaraq, İran İslam Respublikasının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında və Dağlıq Qarabağda yaranmış münaqişəni danışıq yolu ilə, siyasi yolla həll etmək üçün görüşlər keçirilirdi və mükalimələr aparılırdı. Bu danışıqların yekunu olaraq, may ayının 6–da İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin rəsmi dəvəti ilə Azərbaycanın nümayəndə heyəti İranda Ermənistan nümayəndə heyəti ilə üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana yola düşdü.

Tehrana səfərimiz üç günə planlaşdırılmışdı . Ancaq biz respublikada yaranmış vəziyyətlə əlaqədar Iran İslam Respublikasının rəhbərliyi qarşısında məsələ qoyduq ki, bu görüş bir gündə qurtarmalıdır. Ayın 6–da İranda, Tehran şəhərində İran İslam Respublikasının rəhbərliyi ilə görüşdük. Axşam isə Ermənistanın nümayəndə heyəti İrana gəldi. Ermənistan nümayəndə heyəti ilə bizim görüşlərimiz ayın 7–nə səhər saat 9–a təyin olundu. Ayın 7–də saat 9 tamamda İran İslam Respublikası prezidentinin iqamətgahında hər üç tərəfin iştirakı ilə danışıqlar başlandı. Bu danışıqlar çox kəskin, çox gərgin, çox mübahisəli oldu. Ona görə də danışıqları həmin gün qurtara bilmədik, çünki müəyyən bir qərara gəlib, müəyyən bir sənəd imzalamaq mümkün olmadı. Ancaq İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin çox böyük səyi və inadkarlığı nəticəsində görüşlər pozulmadı. Görüşlərin yenidən davam etdirilməsi qərara alındı. Nəhayət, ayın 7–də bütün günü və ayın 7–dən 8–nə keçən gecə hər iki nümayəndə heyəti İran İslam Respublikası rəhbərliyinin bilavasitə iştirakı ilə danışıqları davam etdirdi. Danışıqlar nəticəsində bizi qane edən bir sənəd hazırlandı və bu sənədə əsasən , Azərbaycan Respublikasının çox təkidlə tələb etdiyi bəzi məsələlər həll olundu və ona görə o məsələlər bu sənədə daxil oldu və belə bir sənəd imzalandı .

Bu sənəddə bizi qane edən və çox təkidlə tələb etdiyimiz əsas məsələ ondan ibarət idi ki , Ermənistanla Azərbaycan arasında bütün sərhədlər boyu, o cümlədən Dağlıq Qarabağda, bütün münaqişə zonalarında atəş dayandırılsın və atəşimn dayandırılmasına İran İslam Respublikasının müşahidəçiləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi tərəfindən göndərilmiş müşahidəçilər nəzarət etsinlər. Sənəd imzalandıqdan sonra biz təcili olaraq Tehrana, təyyarə limanına yola düşdük və Bakıya gəlməli olduq. Tehranda təyyarəyə minərkən bizə məlumat verdilər ki, Ermənistanın hərbi qüvvələri Laçın rayonu tərəfdən Azərbaycan ərazisinə hücuma keçib, Şuşa ətrafında ağır döyüşlər gedir və çox gərgin vəziyyət yaranıb.

Biz elə təyyarə limanında İranın prezidenti Rəfsəncaniyə bu xəbəri çatdırdıq və qəti surətdə öz etirazımızı bildirib tələb etdik ki, təcili olaraq Rəfsəncani Ter–Petrosyanla əlaqə saxlasın və bu məsələnin həll olunmasını tələb etsin.

Təyyarə ilə Bakıya gəldik. Bakı təyyarə limanında bizi qarşılayan yoldaşlar məlumat verdilər ki, doğurdan Dağlıq Qarabağda və Şuşanın ətrafında vəziyyət çox gərginləşib və oarada ağır döyüşlər gedir. Birbaşa dövlət idarəsinə gəldik, respublika Müdafiə Nazirliyinin rəhbərliyi ilə əlaqə saxladıq, məlumat tələb etdik. Müdafiə Nazirliyi rəhbərliyinin verdiyi məlumata görə, doğurdan da Şuşaya hücum başlanıb, Ermənistanın Gorus rayonu tərəfdən isə “Qrad” və “Kristal” raketlərdən və digər hərbi texnikadan Laçın rayonunun ərazisi də atəşə tutulur .  

Ancaq Müdafiə Nazirliyi bizi əmin etdi ki, bu cür çaş–başlığa, bu cür təşvişə, bu cür təhlükəyə elə bir əsas yoxdur. Çünki Şuşada və Laçın rayonunda bizim kifayət qədər hərbi gücümüz, hərbi sursatımız, texnikamız vardır və lazımi tədbirlər görülür.

Ancaq mən çox narahat idim, ona görə bilavasitə Şuşaya zəng etdim, Şuşanın rəhbərliyi ilə telefon danışığım oldu və mənə məlumat verdilər ki, Şuşada doğurdan da çox ağır vəziyyət yaranıb. Şuşa hər tərəfdən mühasirədədir, ermənilərin çox böyük hərbi texnikası və canlı qüvvələri Şuşanı Fasiləsiz olaraq, atəşə tutublar və əgər təcili olaraq canlı qüvvə və texnika gətirilməsə, kömək olmasa, Şuşanın vəziyyəti ağırdır, Şuşanın taleyii təhlükə altındadır.

Biz yenə Müdafiə Nazirliyi rəhbərliyi ilə bu haqda  danışıq apardıq, göstəriş verdik və Müdafiə Nazirliyi bizə dedi ki, siz onların dediyi çox şeyə qulaq asmayın bu onların adətidir. Orada lazımi qüvvəmiz də var,  ,texnikamız da var və yenə də Şuşanın müdafiəsi üçün və sərhədlərimizin müdafiəsi üçün lazimı tədbirlər görürük və görəcəyik.

Hər yarım saatdan bir mən Şuşa ilə əlaqə saxlayırdım. Hər dəfə Şuşadan alınan məlumatla Müdafiə Nazirliyindən alınan məlumatın bir birinə zidd xarakter daşıdığını görürdüm. Şuşa ilə axırıncı telefon danışığım ayın 8–də saat 6–nın yarısında oldu. Yenə həmin təşvişli xəbərləri mənə verdilər, mən də bu məlumatı yenə Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırdım və yenə eyni cavabları aldım. Bundan sonra Şuşa ilə bizim əlaqələrimiz qırıldı, heç bir əlaqə saxlaya bilmədik. Şuşada olan vəziyyət haqqında yalnız kənar mənbələrdən–Ağdamdan, Laçından, Qubadlı ,Füzulidən,Yevlaxdan, Gəncədən, Müdafiə Nazirliyindən və i. a məlumat ala bildik. Aldığımız bu məlumatların hamısı çox ziddiyyətli xarakter daşıyırdı, ona görə də biz çox narahat idik və Şuşanın talryi bizi çox narahat edir və düşündürürdü.

Bununla əlaqədar elə həmin axşam respublika rəhbərliyinin müşavirəsini çağırdıq, yaranmış vəziyyəti bir daha təhlil etdik, müzakirə etdik və qəti tədbirlər görmək üçün lazımi təşkilatlara, lazımi nazirliklərə öz göstərişimizi, sərəncamımızı verdik. Gecə saat 1–dək Müdafiə Nazirliyinin qərargahı ilə, rəhbərliyi ilə fasiləsiz telefon danışıqlarım olub. Onlardan tələb edirdim ki, Şuşa haqqında, Şuşanın taleyi haqqında mənə dəqiq məlumat versinlər. Hər dəfə mənə eyni cavabı verirdilər ki, Şuşa bizim əlimizdədir, Şuşanın müdafiəçiləri qəhrəmanlıq göstərirlər, Şuşaya lazımi kömək göstərilir, hətta hərbi vertolyotlardan, hərbi təyyarələrdən istifadə olunur və Şuşanın yaxınlığına gəlmiş erməni hərbçiləri, onların silahlı qüvvələri, texnikası iki kilometr Şuşadan kənara atılıb. Bu axırıncı məlumatı Müdafiə Nazirliyi mənə gecə saat 1 də vermişdir.

Ancaq yenə də məndə daxili bir narahatlıq var idi. Mən bu məlumatlara inana bilmirdim. Çünki Ağdamdan, Laçından, Qubadlıdan  gələn məlumatlar mənə daha inandırıcı təsir bağışlayırdı. Həmin məlumatlara görə isə Şuşada vəziyyət ağır olaraq qalırdı. 

Yalnız gecə saat 3-ə işləmiş olardı, mənə məlumat gəldi ki, o məlumatlar ki, sizə Müdafiə Nazirliyindən və başqa mənbələrdən verirlər, onlara inanmayın. Şuşa ermənilərə verilib. Bu mənimçün çox dəhşətli oldu. Çox ağır idi bu məlumatı eşitmək. Mən buna inana bilmirdim. Necə ola bilərdi ki, belə asanlıqla Şuşa ermənilərə verilsin? Mən yenə Müdafiə naziri Rəhim Qazıyev ilə danışdım. O mənə dedi ki, o da indi belə bir məlumat alıb, ancaq bu məlumata inanmır indi təcili Yevlax rayonuna gedir. Orada əlaqə saxlayacaq, məlumatı dəqiqləşdirib mənə xəbər verəcək.

Təkid etdim ki, mən də elə gecə Yevlaxa getmək istəyirəm, bir yerdə gedək. Ancaq Rəhim Qazıyev mənə dedi ki, sizin indi Yevlaxa getməyinizə ehtiyac yoxdur, mən xahiş edirəm siz Bakıda olun və mən oradan sizə ətraflı məlumat verəcəyəm. Mən yenə də rayonlarla əlaqə saxladım, yenə də çalışdıq ki, dəqiq məlumat alaq .Ancaq gələn məlumatların hamısı yenə ziddiyyətli idi və bu məlumatların obyektivkiyinə məndə daxili heç bir inam yox idi.

Nəhayət, gecə saat 4–də mən respublikanın bütün rəhbər işçilərini dəvət etdim və burada genış müşavirə keçirdik.  Bu müşavirədə Müdafiə Nazirliyinin rəhbərliyindən Şahin Musayev, daxili işlər nazirinin birinci müavini Ramiz Məmmədov, milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov, Nazirlər Kabinetinin sədri vəzifısini icra edən Feyruz Mustafayev və başqaları yaranmış vəziyyətdə haqqında  məlumat verdilər. Məsələ dəqiq müzakirə olundu, konkret tapşırıqlar, göstərişlər  və Şuşanın nəyin bahasına olursa-olsun  müdafiə edilməsi, əldə saxlnması haqqında sərəncamlar verildi. Bu müşavirədə də Müdafiə Nazirliyinin nümayəndəsi  bizi yenə əmin etdi ki, Şuşada indi şiddətli döyüşlər gedir biz Şuşanı əldən verməmişik, Şuşa bizimdir.          

 

Bunlara baxmayaraq, mən gecə şox böyük narahatlıq, təşviş hissi ilə İran Respublikasının prezidenti Rəfsəncaniyə, Türkiyənin Baş naziri Süleyman Dəmirələ, Rusiya hərbi naziri  Qaraçova və başqalartına zəng vurub müraciət etdim, yaranmış vəziyyətlə onları tanış etdim və onlardan tələb etdim, xahiş etdim ki, təcili tədbirlər görsünlər  və bu müharibə dayandırılsın.  Şuşanın ermənilər  tərəfindən zəbt olunması  Azərbaycabn xalqı üçün çox böyük zərbə olar və bu regionda  onsuz da gərgin olan vəziyyəti  elə bir dəhşətli vəziyyətə gətirib çıxarar ki, onun qarşısını heç bir qüvvə ilə almaq olmaz. 

Bu danışıqlardan sonra  səhərə yaxın özüm bilavasitə təyyarə ilə Yevlax şəhərinə getdim, orada bizim hərbi hissənin nümayəndələri  ilə görüşdüm, lazımi göstərişlər verdim və  artıq orada mənə məlum oldu ki, müdafiə naziri Rəhim Qazıyev Yevlaxda olub və oradan Gəncəyə gedib. Mən isə oradan bilavasitə  hadisə yerlərinə -Ağdama yollandım.Ağdama hərbi hissənin komandirlərini dəvət etdim, bizim orada olan nümayəndələri, ictimaiyyətin nümayəındələrini, qonşu  rayonlardan hərbi hissənin komandirlərini dəvət etdik  və orada məsələni  təhlil etdik, yaranmış vəziyyəti yerində öyrıəndik. Bizə məlumat verdilər ki, Şuşa ilə heç bir əlaqə yoxdur və çox güman ki, Şuşada bizim hərbi qüvvələr qalmayıb. Bu vaxt  Quliyev familiyalı bir həbçi gəldi. Mənə dedilər ki, Şuşadan axrıncı çıxanlardan biri bu yoldaş olub və yaxşı olar ki, mən onunla görüşüm. Mən o yoldaşı qəbul etdim, oninla söhbət etdim. O mənə danışdı ki, Şuşadan bizim hərbi qüvvələr ayın 7-dən 8-nə keçən gecə çıxmağa başlayıblar və Şuşada ayın 8-də bizim çox az miqdarda hərbi qüvvələrimiz, özü də yerli milis batalyonu və yerli müdafiə  batalyonu qalıb. Qalan qüvvələr isə ayın 7-dən 8-nə keçən gecə və ayın 8-dən etibarən  Şuşadan tədricən çıxmağa başlayıblar. O mənə dedi ki, Şuşanı axrıncı tərk edənlərdən biridir və saat 9-a işləmiş Azərbaycanın  hərbi qüvvələrindən Şuşada demək olar ki, heç kim qalmamışdı.          

Bu xəbər məni yenə sarsıtdı.  Bu böyük bir dəhşət idi. Bu, böyük bir fəlakət idi. Bu hərəkət -hərbi qüvvələrin, müdafiə qüvvələrinin heç bir müqavimət göstərmədən, nəyə görəsə  Şuşanı belə asanlıqla tərk edib ermənilərə verməsi mənə qarşı yox, Azərbaycan rəhbərliyinə qarşı yox, Azərbaycanın qəhrəmanlıq tarixinə, Azərbaycan xalqının bu gününə və gələcəyinə böyük satqınlıq, xəyanət, alçaqlıq – və nə desəniz buna aid məfhumları burada işlətmək olar, -idi. Mən buna ayrı qiymət verə bilmirəm və vermək mümkün deyil.          

Bütün bunlara baxmayaraq, bu xəbərin bizi sarsıtmasına baxmayaraq, biz yenə Şuşnın hərbi hissəsinin  komandirləri ilə, rayonun rəhbərliyi ilə, bilavasitə bu işə cavabdeh olan şəxslərlə geniş müşavirə keçirdik. Tədbirlər işləyib hazırladıq və qəti göstəriş verdik ki, nəyin bahasına olursa olsun Şuşa bu gün qaytarılmalıdır. Mən elə oradan–Ağdamdan Türkiyənin Baş baziri Süleyman Dəmirəl  ilə bir daha telefonla danışdım, yaranmış vəziyyət haqqında ona məlumat verdim və xahiş etdim, tələb etdim ki, xalqımızın bu ağır günlərində, bu ağır anlarında Türkiyə bütün imkanlardan istufadə edib bizə kömək etsin.        

Qradan Gəncəyə yola düşdüm. Gəncədə qərargahın geniş iclasını keçirdik. Orada mən hərbi hissələrin komandirləri ilə görüşdüm. Bu haqda sizə bu gün ətraflı məlumat vermək firkim  yoxdur. Qəti tələblər qoyduq, qəti tədbirlər gödük ki, bizə kömək olunmalıdır və Şuşa qaytarılmalıdır. Mən Gəncəyə gələrkən artıq müdafiə nazirimiz  buradan getmişdi. Mənə verilən məlumata görə, Moskvaya getmişdi. Mən gecə ilə qayıtdım Bakıya, burada respublika rəhbərliyinin geniş iclasını çağırdıq. Gecə saat 2-dək  respublikada olan bütün ictimai-siyasi partiyaların, təşkilatların rəhbərliyinin iştirakı ilə  respublika rəhbərliyinin geniş iclası oıdu, yaranmış vəziyyət təhlil olundu. Alınmış  obyektiv məlumatları yoldaşlara çatdırdıq  və burada Müdafiə Nazirliyinin nümayəndəsi yenə qəti surətdə bildirdi ki, Şuşanı almışıq, Şuşa bizim  əlimizdədir. Mən burada yenə qeyd etdim ki, Allah elsin  belə olsun, ancaq bu məlumatın obyektivliyinə və düzgünlüyünə mən inanmıram.      

Bütün bunlara baxmayaraq, Müdafiə Nzirliyinin mətbuat idarəsi  ayın 9-da və 10-da bütün günü belə məlumatıar verdi ki, Şuşada ağır döyüşlər gedir və Şuşanı biz əldən verməmişik. Ancaq ayın 9-da və 10-da  Şuşanı tərk etmiş hərbi hissələrin nümayəndələri ilə və Şuşanın bəzi rəhbər işçiləri ilə mənim görüşüm Ağdamda Quliyev yoldaşın  mənə verdiyi bu məlumatı bir daha təsdiq etdi ki, Şuşada ayın 8-də bizim hərbi hissələr demək olar ki, qalmamışdı və o da  ermənilər tərəfdən olan güclü hücumun, atəşin qabağında  müqavimət göstərə bilməyəcəyini başa düşüb oranı tərk etməyə məcbur oldu. Şuşa demək olar ki, müqavimətsiz ermənilərə verildi.

Bu nə qədər ağır olsa da, nə qədər dəhşətli olsa da ,nə qədər faciəli olsa da, bizim inamımızı qırmayıb. Biz bütün tədbirləri, bütün respubliklanın imkanlarını səfərbər etmişik və səfərbər edirik ki, Şuşanı bu günlərdə qaytaraq, Şuşada Azərbaycanın mövqelərini möhkəmləndirək. Məni narahat edən fikrimi, ürəyimi, mənliyimi didən odur ki, Daşaltıda olan satqınlıq, xəyanət, Xocalıda olan xəyanət, şərəfsizlik, Malıbəylidə, Quşçularda olan xəyanət  mənəviyyatımızı, xalqımızın mənəviyyatını, bizim tariximizi, bu günümüzü və gələcəyimizi belə xəyanətkarlıqla damğalayanlar… Bunlar aşkar olunmalıdır. Xalq bunları bilməlidir və nəhayət, öz sözünü deməlidir. Bunlar öz layiqli cəzasını almalıdır. Bu bizim tariximiz üçün də, bu günümüz üçün də, gələcək nəsillərimiz üçün də vacibdir. Mən bu günlərdə Dağlıq Qarabağda, Şuşada, sərhəd rayonlarımızda  baş vermiş hadisələr haqqında sizə real, obyektiv məlumat verdim.

 

Azərbaycan Televiziyasının CANLI EFİRİ. 12 may 1992-ci il.

P.S. Şuşa 25 ildir erməni işğalı altındadır…    

X.SƏFƏROĞLU
  • Yazılıb
  • da (də) 2017 May 11
  • Göndərən مدير سايت Aran News