Tarix : 2017 May 11
Kod 51662

Təbriz Bələdiyyəsi mədəni dairələrin ilk dəstəkləyicisi

Təbrizin bələdiyyə sədri Turizm Nazirlərinin Sammiti və İslami İncəsənət Beynəlxalq Festivalı kimi böyük toplantılara evsahibliyi etməyi “Təbriz-2018”-in dəyərli müqəddimə işləri adlandırıb.
Arannews-Doktor Sadiq Nəcəfi İslami İncəsənət Beynəlxalq Festivalının sərgi bölməsinin açılışında deyib: “Təbrizin qədim xüsusi mədəniyyət və incəsənətə malik olmasaına diqqət etməklə İslami İncəsənət Festivalına evsahibliyi etmək üçün ən münasib şəhərdir. Bu istiqamətdə İslami İncəsənət Festivalında iştirak edən ustadların, mədəniyyət və incəsənət xadimlərinin rolu Təbriz mədəniyyət və incəsənətinin səfirləri kimi çox əhəmiyyət daşıyır”.
Bələdiyyə sədri yaradıcılıq və yenilik gətirməni insan həyatında önəmli ictimai nailiyyət adlandıraraq deyib: “Yaradıcılıq incəsənət sahəsinə daxil olduqda insan ruhunun gözəlliyinə və ucalmasına səbəb olur. Bu xalis şirə islami incəsənətlə bağlandıqdan sonra daha güclü düşüncəli və bilgili dayağa söykənmiş, bütün dünyada İslam mədəniyyəti yaratmışdır”.
Doktor S. Nəcəfi Təbriz şəhərinin “İslami İncəsənət və əl sənayesində Təbrizin yaradıcılığı və yenilik gətirməsi üçüncü beynəlxalq festivalı”na evsahibliyi etməsini bu münasibətlə diqqətə çəkərək əlavə edib: “Təbriz Bələdiyyəsi bu önəmli hadisəyə özünün mədəniyyət təqvimində və büdcəsində yer vermişdir, Təbriz İslam İncəsənəti Universiteti ilə daim anlaşmadadır və digər mədəniyyət mərkəzlərinə dəstək verir”.
Bələdiyyə başqanı bunu da bildirib ki, ölkəmizin hər bir əyalətinin yerli və etnik qabiliyyətləri milli mədəniyyət və incəsənətin yüksəlməsinə xidmət edə bilər. O, vurğulayıb: “Ölkəmizin mədəniyyət dairələrindən, xüsusilə də İslami İrşad və Mədəniyyət Nazirliyindən gözləntimiz budur ki, ölkənin müxtəlif əyalətlərinin incəsənətini və incəsənət xadimlərini dəstəkləməyi daha da artırsın. İncəsənət və əl sənayesi yanaşmalarını özəl və digər aidiyyatı qurumlara tapşırmaq bu istiqamətdə təsirli yollardan biri ola bilər”.
S. Nəcəfi deyib: “Təbriz Bələdiyyəsi əyalətdə mədəniyyət və incəsənətin ilk dəstəkləyicisi kimi şərait yarandığı surətdə özünün mədəniyyət rolunu daha geniş şəkildə davam etdirə bilər”.
Beynəlxalq münasibətlərdə İslam şəhərlərinin effektivliyinin güclənməsinin lüzumunu bildirən bələdiyyə sədri deyib: “İslam ölkələrinin ictimai-siyasi problemlərinin kökü İslam kimliyi və mədəniyyətinə diqqət etməməkdədir. İslami incəsənət vəhdət yaradan bir amil kimi meydana atılmalı, müsəlman xalqlar arasında ictimai sevgi və yaxınlaşmanı gücləndirməlidir”.


  • Yazılıb
  • da (də) 2017 May 11
  • Göndərən مدير سايت Aran News