İslaminSesi "Report"un məlumatına istinadən bildirir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vidadi Əzizovun qardaşı Əziz Əzizov şahid qismində ifadə verib.
O bildirib ki, 2012-ci ilin aprel ayının əvvəllərində qardaşının həyat yoldaşı Təranə Əhmədova ona zəng edib, V.Əzizovun tutulduğunu söyləyib: "Təranə maskalı şəxslərin Vidadini tutduğunu, qoluna qandal vurularaq aparıldığını dedi. O, "102 xidməti" ilə əlaqə saxladığı üçün 16-cı polis bölməsinə getdik və orada izahat verdik. Axşam isə Vidadi evə gəldi, o, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, onun bankdan götürdüyü pulun 670 min manatını əlindən alındığını, 300 min manatını isə geri qaytarıldığını bildirdi."
Ə.Əzizovun sözlərinə görə, qardaşı sərbəst buraxılmasından bir neçə gündən sonra ondan yenə pul tələb ediblər: "Vidadi ilə telefonla danışan zaman qeyd etdi ki, yenə də 100 min manat pul tələb edirlər. O, 40 min manat düzəldərək, MTN əməkdaşlarına verdiyini söylədi".
Təqsirləndirilən M.Əsgərov isə şahidə etiraz edib. O, Ə.Əzizovun yalan danışdığını bildirib.
Daha sonra zərəçəkmiş V.Əzizovun nümayəndəsi ilə təqsirləndirilən şəxsin arasında mübahisə yaranıb. Hakim mübahisəni sakitləşdirərək, tərəflərə xəbərdarlıq edib.
Şahid qismində dindirilən V.Əzizovun bacısı Solmaz İbrahimzadə söyləyib ki, hadisədən əvvəl qardaşı onlarda qalıb: “Hadisə baş verən günü qardaşımın həyat yoldaşı Bakıya gəlmişdi. Həmin günü qardaşım və həyat yoldaşı evdən çıxdılar. Onlar gedəndən bir qədər sonra Təranə geri qayıtdı və Vidadinin tutulduğunu bildirdi. Biz də bununla bağlı hər yerə məlumat verdik. Günün sonunda qardaşımın sürücüsü gəldi, əlində də paket var idi. O, mənə paketdə pul olduğunu və onu saxlamağımı bildirdi".
Zərərçəkmiş V.Əzizovun həyat yoldaşı Təranə Əhmədova ifadəsində bildirib ki, 2012-ci ilin aprel ayının 7-də Goranboy rayonundan Bakıya gəlib: "Vidadi Əzizovla birlikdə mebel almağa getdik. Mebel mağazasında başa düşdüm ki, bizi iki-üç nəfər gənc oğlan izləyir. Bu barədə Vidadiyə heç bir söz demədim. Daha sonra “Zaminbank”ın “Nərimanov” filialına getdik. Sürücü ilə mən maşında qaldıq, Vidadi isə banka girdi. Bir qədər sonra Vidadi bankdan çıxdı, əlində qara rəngli paket var idi. Paketi maşının baqajına qoyan zaman üzü maskalı, silahlı şəxslər hücuma keçdi. Mən də səs-küy saldım ki, Vidadini tutub apardılar. Həmin şəxslərdən biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam”.
Təqsirləndirilən M.Əsgərov bildirib ki, rəsmi qaydada V.Əzizov üç gün əvvəldən izlənilib. Onun sözlərinə görə V.Əzizovun xaricdən gələn pullardan xəbəri olub: "Vidadi hələ qızına söz verib ki, xaricdən pul gələndən sonra ona “Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı sözləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur. Əslində hadisə baş verən günü bunların mebel mağazasına getməyiblər. Onlar izlənmələrini müəyyən etmək üçün ora gediblər. Orada da onları cavan oğlanlar yox, kənardan bir nəfər əməkdaş izləyib”.
Bu vaxt zərərçəkmişlə təqsirləndirilən şəxsin arasında mübahisə yaranıb.
Proses mayın 17-də davam etdiriləcək.
İttihama görə, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.